Naxçıvan Dövlət Universitetində Gürcüstanın Şota Rustaveli adına Batumi Dövlət Universitetindən gəlmiş və tələbə mübadiləsi yolu ilə ali təhsillərini bir semestr boyunca burada davam etdirmiş gürcü tələbələrin konserti olmuşdur.
Hər iki ölkənin Dövlət himnləri səsləndikdən sonra universitetin tədris işləri üzrə prorektoru, dosent Surə Seyid universitetlərarası əlaqələrin inkişafından danışaraq bildirmişdir ki, 2012-ci ildə Gürcüstanın Acarıstan Muxtar Respublikası hökuməti Sədrinin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı universitetlərarası əməkdaşlıq müqaviləsi imzalanmışdır. Qeyd olunmuşdur ki, universitetin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, fransız dili müəllimliyi, ingilis dili müəllimliyi, alman dili müəllimliyi ixtisasları üzrə 4 nəfər tələbə 2012-2013-cü tədris ilinin I semestri ərzində təhsillərini Acarıstan Muxtar Respublikasının Şota Rustaveli adına Batumi Dövlət Universitetində, həmin universitetin 4 nəfər tələbəsi isə 2012-2013-cü tədris ilinin II semestri ərzində təhsillərini Naxçıvan Dövlət Universitetində davam etdirmişlər.
Sonra konsert proqramı təqdim olunmuşdur. Konsertdə Azərbaycan-Gürcüstan mədəniyyətini əks etdirən musiqi nömrələri, mahnı və rəqslər, həmçinin poeziya nümunələri səsləndirilmişdir. Gürcü tələbələrin təqdim etdiyi musiqi çələngi, “Azərbaycan-Gürcüstan” dostluq mahnısının birgə ifası alqışlarla qarşılanmışdır.
Konsertin sonunda universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev çıxış edərək gürcü tələbələrə bundan sonrakı fəaliyyətlərində, dostluq əlaqələrinin davam etdirilməsində uğurlar arzulamışdır. Gürcü tələbələr adından Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə II kursda təhsil alan Nona Nikabadze çıxış edərək universitetdə təhsil aldıqları müddətdə onlara göstərilən diqqət və qayğıya, yaradılan hərtərəfli şəraitə görə minnətdarlığını bildirmişdir.
Təhsildə, elmi-ictimai mühitdə fərqlənən gürcü tələbələr universitetin fəxri fərmanı ilə təltif edilmişlər.
Mehriban SULTAN