Dil millətin milli varlığını sübut edən ən ali milli dəyərdir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə, ana dilimiz yada düşür. Dilin birbaşa xalqla bağlı olan, onu daxil olduğu dillər ailəsi ilə müqayisəli şəkildə öyrənən dialektologiya sahəsinin tədqiq edilməsi həmin dilin tarixini, işləklik arealını öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Azərbaycan dilinin dialekt və şivələri həm ümumi şəkildə, həm də ayrılıqda regionlar üzrə öyrənilməkdədir. Hətta bəzən bir kəndin şivəsi belə araşdırma obyekti olmuşdur. Bu mənada Naxçıvan qrupu dialekt və şivələri həmişə maraq doğurmuşdur.
Azərbaycanın qədim diyarı Naxçıvanın dilbər guşələrindən olan, şeir, söz, sənət ocağı kimi tanınan Şahbuz rayonu burada yaşayan insanların özünəməxsus şivə xüsusiyyətləri ilə də səciyyələnməkdədir. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Quliyevin bu günlərdə işıq üzü görmüş “Azərbaycan dilinin Şahbuz şivələrinin leksikası” monoqrafiyası dilçilik elminə layiqli töhfədir. Naxçıvan Dövlət Universiteti Elmi Şurasının qərarı ilə “Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Sədaqət Həsənova, rəyçiləri filologiya elmləri doktoru, professor Sevindik Vəliyev və filologiya üzrə fəlsəfə doktoru Zirəddin Xasıyevdir.
Monoqrafiya giriş, üç fəsil, nəticə və istifadə olunan ədəbiyyat siyahısı olmaqla, 179 səhifədən ibarətdir. Əsər zəngin məhəlli dil faktlarının leksik-semantik təhlili əsasında yazılmışdır. Monoqrafiya ədəbi dil leksikasının zənginləşməsi, dil tarixi və tarixi leksikologiya ilə bağlı bəzi məsələlərin aydınlaşdırılması, ədəbi dilin leksik fondunun zənginləşməsi, həmçinin dialektoloji və izahlı lüğətlərin təkmilləşməsi baxımından zəngin material verir. Müəllif əsərində Şahbuz rayonunun yaşayış məntəqələrindən topladığı dil faktlarını həm ayrı-ayrı sahələr üzrə kameral təhlil etmiş, həm də dialektoloji materialları türk dilləri ailəsi ilə müqayisə edərək elmi izaha nail olmuşdur.
Monoqrafiyadan dialektologiya sahəsinin tədqiqatçıları ilə yanaşı, filologiya fakültəsinin tələbələri, terminoloji leksikanın izahı baxımından kənd təsərrüfatı mütəxəssisləri də faydalana bilərlər.
Mina QASIMOVA