Naxçıvan Müəllimlər İnstitutu Azərbaycanda və qardaş Türkiyə Respublikasında fəaliyyət göstərən ali təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasına ciddi fikir verir. Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Ağdəniz Universiteti ilə bağlanan müqavilə belə əlaqələri bir qədər də genişləndirib. 2012-ci il dekabr ayının 28-də bağlanmış müqaviləyə əsasən, hər iki ali təhsil ocağı arasında ustad dərslərin, birgə qarşılıqlı mədəni-kütləvi tədbirlərin keçirilməsi, tələbə mübadiləsi aparılması, Doğu Ağdəniz Universiteti tərəfindən muxtar respublikanın müəllimləri üçün yay kurslarının təşkili, Naxçıvan Müəllimlər İnstitutu tərəfindən regionun turizm məkanlarının, tarixi abidələrinin, görməli yerlərinin tanıdılması məqsədilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Aprel ayının 24-dən başlayaraq 8 gün Doğu Ağdəniz Universitetinin 4 əməkdaşının Naxçıvan Müəllimlər İnstitutunda “Ağıllı lövhə” proqramı üzrə tələbələrə məşğələlər keçməsi müqavilədə nəzərdə tutulmuş tədbirlərdən biridir. Naxçıvan Muxtar Respublikasının ali, orta ixtisas və ümumtəhsil məktəblərində elektron lövhələrdən düzgün istifadə və müasir informasiyaların təhsildə tətbiqi məqsədilə keçilən məşğələlərin hər biri saatyarımlıq olmaqla, gündə 3 dəfə təşkil olunub. Məşğələlərdə 123 tələbə iştirak edib. Qeyd edək ki, məşğələlərdə müəllimlərin də iştirakı təmin olunub.
Sonuncu məşğələdən sonra keçirilən görüşdə institutun rektoru, professor Oruc Həsənli, Xarici əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Həsənəli Eyvazlı və başqaları çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Tədbirdə qonaqlara hədiyyələr, məşğələlərdə iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.
Qonaqlar adından çıxış edən Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti Dostluq Cəmiyyətinin sədri, Doğu Ağdəniz Universitetində Azərbaycan və Qazaxıstan üzrə təmsilçi Orxan Həsənoğlu səmimi qarşılandıqlarına görə institutun kollektivinə minnətdarlıq edib, belə görüşlərin hər iki ali təhsil ocağı tərəfindən müntəzəm olaraq davam etdiriləcəyinin nəzərdə tutulduğunu bildirib.
Xəbərlər şöbəsi