Naxçıvan Dövlət Universitetində “Arıçılıq: mövcud vəziyyət və inkişaf strategiyası” mövzusunda birinci elmi seminar keçirilib. Universitetin müəllim və tələbələri ilə yanaşı, Türkiyənin Ərdəhan Universitetinin mütəxəssis-alimlərinin, muxtar respublikanın aidiyyəti qurum əməkdaşlarının, arıçı sahibkarların iştirakı ilə təşkil olunmuş elmi seminarı giriş sözü ilə universitetin rektoru, akademik İsa Həbibbəyli açıb. Rektor Azərbaycanda qədim tarixə malik arıçılığın X-XII əsrlərdə daha da inkişaf etdiyini, xüsusi halallıq və zəhmət sevən sahələrdən biri olduğunu bildirərək qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının digər sahələri kimi, arıçılığın da inkişafı dövlət qayğısı ilə əhatə olunub. Bu sahə ilə məşğul olan sahibkarlara dövlət tərəfindən güzəştli kreditlər verilir, arıçılıq məhsullarının ixracına əlverişli şərait yaradılır. Naxçıvan Dövlət Universiteti əməkdaşlarının arıçılıqla bağlı son elmi tədqiqatları əsasında hazırlanacaq yeni nəşr, universitetdə yaradılacaq “Arıçılıq” fənn kabinəsi gələcəkdə bu sahənin inkişafına əhəmiyyətli töhfələr verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov çıxış edərək arıçılığın gəlirli sahəyə çevrilməsi üçün arı ailələrinin bəslənməsi, çoxaldılması, məhsuldarlığının artırılması məqsədilə arı xəstəliklərinin vaxtında aşkarlanması, yaranma səbəblərinin aydınlaşdırılmasından və bu xəstəliklərlə mübarizə tədbirlərindən danışıb. Qeyd olunub ki, bu ildən etibarən arıçı sahibkarlar arı xəstəliklərinə və zərərvericilərə qarşı dərman preparatları ilə dövlət tərəfindən pulsuz təchiz olunacaqlar.
Ərdəhan Universitetinin professoru Barış Avçı Türkiyədə arıçılığın inkişafı, geniş yayılmış arı cinsləri, iqtisadi göstəriciləri barədə slaydla məlumat verib.
Seminarın panel bölməsində Ərdəhan Universitetinin professoru Barış Avçının “Arıçılığın iqtisadi problemləri və əhəmiyyəti”, Naxçıvan Dövlət Universitetinin Təməl tibb fənləri kafedrasının müdiri, dosent Elsevər Əsədovun “Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişaf tarixi, müasir vəziyyəti və perspektivləri”, Ərdəhan Universitetinin dosenti Kamal Yazıçının “Türkiyədə arıçılıq təcrübəsi”, Naxçıvan Muxtar Respublikası “Arıçılar” İctimai Birliyinin sədri Zakir İslamovun “Bal, arı südü, çiçək tozu və propolis kimi arıçılıq məhsullarının idxalı və müalicəvi əhəmiyyəti” mövzularında məruzələri dinlənilib.
Elmi seminar iştirakçıları Naxçıvan Dövlət Universitetində biologiyanın tədisi üçün yaradılmış Botanika bağında, Botanika, Coğrafiya, Zoologiya muzeylərində olublar. Elmi seminar arıçılıqla məşğul olan sahibkarlarla dialoq şəklində öz işini davam etdirib. Ərdəhan Universitetinin və Naxçıvan Dövlət Universitetinin əməkdaşları muxtar respublikada geniş yayılmış arı cinslərinin bəslənməsi və artırılması, təbii-coğrafi şəraitə uyğun yeni arı cinslərinin yetişdirilməsi, arıçılıq məhsullarının kəmiyyət və keyfiyyət artımı ilə bağlı sualları cavablandırıblar. Biologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Hüseynov arıçılığın inkişafına dair hazırlanmış tövsiyələr haqqında sahibkarlara məlumat verib.
Elmi seminar iştirakçıları Naxçıvandakı nümunəvi arıçılıq təsərrüfatlarından biri ilə tanış olublar.
Mehriban SULTAN