Rusiyanın Penza Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mazey Yuri Aleksandroviçin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub. Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli qonaqları salamlayaraq Azərbaycanda elmin, təhsilin inkişafından, dünya elm, təhsil sisteminə inteqrasiya baxımından beynəlxalq tərəfdaşlığın əhəmiyyətindən danışıb.
Rektor Naxçıvan Dövlət Universitetinin inkişaf yolu, strukturu, maddi-texniki bazası, beynəlxalq əlaqələri haqqında məlumat verərək qeyd edib ki, Naxçıvan Dövlət Universiteti ölkənin ali təhsil məktəblərinin 2012-ci il üzrə reytinq göstəricilərinə əsasən, 38 ali məktəb arasında 7-ci yerdə dayanır. Avropa Rektorlar Klubunun, Asiya Universitetlər Assosiasiyasının, Qara Dəniz Hövzəsi Universitetlər Birliyinin, Avrasiya İpək Yolu Universitetlər Cəmiyyətinin, Beynəlxalq Turizm Akademiyasının və Qafqaz Universitetlər Birliyinin üzvü olan universitetdə 10 ölkədən 300-ə yaxın xarici vətəndaş təhsil alır. Bu ali məktəb dünyanın 80-ə yaxın tanınmış universiteti ilə səmərəli tərəfdaşlıq edir, beynəlxalq layihələrdə uğurla təmsil olunur. Vurğulanıb ki, Rusiyanın Novosibirsk, Rostov universitetləri ilə də tərəfdaşlığa malik olan Naxçıvan Dövlət Universiteti Penza Dövlət Universiteti ilə də sıx əlaqələr qurmaqda maraqlıdır.
Penza Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mazey Yuri Aleksandroviç Naxçıvan Dövlət Universiteti ilə ilk tanışlıqdan doğan xoş təəssüratlarını bölüşüb. Prorektor bildirib ki, 1943-cü ildə əsası qoyulan Penza Dövlət Universiteti bu gün intellektual potensialın formalaşması, təmin edilməsi və regionun sosial-iqtisadi inkişafı baxımından Volqaboyu universitetləri sırasında ən böyük və çoxistiqamətli universitetlərdən biridir. Universitet dəfələrlə “Rusiyanın 100 ən yaxşı ali məktəbi” nominasiyası üzrə “Avropa keyfiyyəti” qızıl medalına layiq görülüb. Universitet və onun filiallarında 1500 professor-müəllim heyəti fəaliyyət göstərir, 20000 tələbə təhsil alır. Magistratura və doktorantura təhsil pilləsi üzrə yüksək ixtisaslı kadr hazırlığına xüsusi diqqət yetirilir. Qeyd olunub ki, Avropa universitetləri ilə əməkdaşlığa malik Penza Dövlət Universiteti Naxçıvan Dövlət Universiteti ilə də uğurlu əməkdaşlıq edəcəkdir.
Əlaqələrin inkişafı məqsədilə Boloniya sisteminin tələbləri əsasında tələbə mübadiləsinə nail olmaq, birgə videokonfrans və simpoziumların həyata keçirilməsi, rus dili və ədəbiyyatı, beynəlxalq münasibətlər, tibb, təbiətşünaslıq və kənd təsərrüfatı və digər elmlərin tədrisi, müştərək elmi-tədqiqat işlərinin, elmi nəşrlərin, mədəni tədbirlərin təşkili ilə bağlı məsələlər müzakirə olunub. Sonda universitetlər arasında elm və təhsil, mədəniyyət və idman üzrə əlaqələrin, virtual əməkdaşlığın inkişafına dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Mehriban SULTAN