25 Dekabr 2024, Çərşənbə

AMEA Naxçıvan Bölməsində bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayevin və həmin institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru Əhməd Qarayevin həmmüəllifi olduqları “Naхçıvan Muхtar Rеspublikasının təbii sərvətləri: hazırkı vəziyyəti və perspektivləri” monoqrafiyasının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Bildirilib ki, Naхçıvan Muхtar Rеspublikası yerüstü sərvətlərlə yanaşı, yeraltı mineral sərvətlərin də müxtəlifliyinə və ehtiyatına malik bir diyardır. Bu sərvət “Naхçıvan Muхtar Rеspublikasının təbii sərvətləri: hazırkı vəziyyəti və perspektivləri” monoqrafiyasında elmi əsaslarla geniş oxucu kütləsinə təqdim edilib. Naхçıvan Muхtar Rеspublikasının filiz, qeyri-filiz və inşaat materiallarının kimyası və texnologiyası, onlardan xalq təsərrüfatının müxtəlif sahələrində istifadə olunan birləşmələrin alınması yeni nəşrdə ətraflı şəkildə əks olunub.
Qeyd olunub ki, sözügedən elmi əsərdə muxtar respublikanın zəngin yeraltı sərvətlərinin dəyərliliyi, onlardan yataq əmələ gətirən bəzi filiz, qeyri-filiz və inşaat materialları əsasında alına bilən məhsullar, uzun illər istismar olunmuş mədənlərdə yığılıb qalan tullantıların yenidən işlənməsi və eləcə də yerli mineral xammal əsasında işlənib hazırlanmış texnologiya üzrə alınan məhsulların perspektivliyi geniş şəkildə təhlil edilib. Muxtar respublikanın ən qiymətli mineral sərvəti olan daşduz, Darıdağ termal suyu, Biləv zəy süxurları və mineral boya xammalı, qurğuşun filizi yataqları, mis polimetallik filizlər, kalsium karbonatlı süxurlar burada öz əksini tapıb. Qum-çınqıl qarışığı və tikinti qumuna, gil minerallarına, şüşə sənayesi üçün mineral xammala, sement istehsalı üçün xammala, qızıl filiz yataqları və təzahürlərinə, alüminium filizlərinə, habelə fosforitlər və yanar faydalı qazıntılara, volfram, dəmir və manqan filizlərinə, Darıdağ sürmə filizi yatağına və digər yataqlara 408 səhifədən ibarət və 25 fəsili əhatə edən nəşrdə nəzər salınıb.

Vurğulanıb ki, “Naхçıvan Muхtar Rеspublikasının təbii sərvətləri: hazırkı vəziyyəti və perspektivləri” adlı mоnоqrafiya elm adamlarına göstərilən hərtərəfli diqqət və qayğıdan dоğan, nəfis şəkildə çap оlunan dəyərli mənbədir.
Sonra “Naхçıvan Muхtar Rеspublikasının təbii sərvətlərinə həsr olunmuş qiymətli əsər” mövzusunda AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova məruzə ilə çıxış edib.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, kimya elmləri doktoru Əliəddin Abbasov, Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru Vahid Quliyev, Təbii Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Günel Məmmədova, Batabat Astrofizika Rəsədxanasının direktoru Qulu Həziyev, Biоresurslar İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Tariyel Talıbоv çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, aktuallığı və elmi dəyərliliyi ilə diqqət çəkən monoqrafiya Naxçıvan Muxtar Respublikasının təbii sərvətlərini daha dərindən öyrənmək istəyənlər üçün qiymətli mənbədir.
Sonda monoqrafiyanın müəlliflərindən Bayram Rzayev çıxış edərək оnlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirib.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR