Naxçıvan Dövlət Universiteti TEMPUS proqramının “Avropa Birliyi araşdırmaları üzrə kurikulumların işlənib hazırlanması və qabiliyyətlərin inkişaf etdirilməsi” layihəsi çərçivəsində Niderlandın Leyden Universiteti ilə də tərəfdaşlıq edir. Bu tərəfdaşlığın davamı kimi, Leyden Universitetinin əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru D.M.Oude Nijhuis universitetdə olmuş, İqtisadiyyat, Sosial idarəetmə və hüquq, Beynəlxalq münasibətlər və xarici dillər fakültələrinin tələbələri üçün Avropada iqtisadi böhran, inflyasiya problemləri, onların aradan qaldırılması yolları ilə bağlı mühazirə oxumuşdur.
Mühazirə başlanmazdan əvvəl Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru Saleh Məhərrəmov çıxış edərək müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinə inteqrasiyadan və ümumavropa ali təhsil məkanının formalaşdırılmasının aktuallığından, bu istiqamətdə universitetdə görülən işlərdən danışmışdır.
Sonra Avropanın aparıcı universitetlərindən olan Leyden Universitetinin mütəxəssisinin mühazirəsi dinlənilmişdir. Mühazirədə qlobal iqtisadi böhran, Avropada valyuta sistemində hazırkı vəziyyət və inflyasiya, makroiqtisadi tarazlığın pozulması, işsizliyin artması və sosial rifah halının aşağı düşməsi kimi aktual problemlərə toxunulmuş, Avropa Birliyi ölkələrinin iqtisadi inkişaf konsepsiyalarından bəhs olunmuşdur. İqtisadi böhranın aradan qaldırılmasında dövlətlərarası siyasi-iqtisadi əlaqələrin, beynəlxalq ticarətin, müasir investisiya siyasətinin və özəl sektorun inkişafının əhəmiyyətindən danışan məruzəçi müxtəlif statistik fakt və rəqəmlərdən, diaqramlardan ibarət slaydlar vasitəsilə Avropa ölkələrinin sosial-iqtisadi vəziyyətini təhlil etmişdir. Mühazirə diskussiya ilə başa çatmışdır.
Mehriban SULTAN