25 Dekabr 2024, Çərşənbə

Hərtərəfli biliyə malik intellektli gənclər yetişdirmək, onları yetkin şəxsiyyət kimi cəmiyyətə təqdim etmək hər bir ali təhsil müəssisəsinin istəyi və əsas vəzifələrindəndir. Bağban bəsləyib yetişdirdiyi ağacın saf meyvəsinə sevindiyi kimi, müəllim də yetirdiyi intellektli, savadlı tələbələrin uğurlarına sevinir, onlarla fəxr edir.
Müstəqil fəaliyyətinin 10 illiyini qeyd etməyə hazırlaşdığımız Naxçıvan Müəllimlər İnstitutunda da ötən illər ərzində bir çox tələbələrimizin əldə etdiyi yaradıcılıq uğurlarına sevinmişik. İnstitutumuzda aparılan maarifləndirici tədbirlərin nəticəsidir ki, tələbələrimiz son vaxtlar dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən beynəlxalq tələbə assosiasiyaları ilə əlaqələr qurur, forumların iştirakçıları olurlar.
Bu yazıda xarici ölkələrin universitet tələbələri cərgəsində öz sözlərini deyən, institutumuzun fəxri olan iki tələbəmizin uğurlarından bəhs etmək istərdik.
Naxçıvan Müəllimlər İnstitutunun təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə IV kurs tələbələri Murad Məmmədov və Yaqut Rəhimova internet vasitəsi ilə beynəlxalq tələbə yarışlarına qatılmış və uğurlu nəticələr əldə etmişlər.

Murad Məmmədov “XI Beynəlxalq Türk Dili Olimpiadası”na “Hacı Zeynalabdin Tağıyev – sevdamın adı millət” mövzusunda yazı təqdim etmişdir. O, Azərbaycan universitetləri arasında birinci yerə çıxaraq universitet kateqoriyası üzrə qatılan 142 ölkədən son tura qalan 15 respublika içərisində ölkəmizi təmsil edən yeganə tələbə olmuşdur. Həmyerlimizlə yanaşı, Albaniya, Əfqanıstan, Belarus, Bosniya və Hersoqovina, Xorvatiya, Misir, Monqolustan, Rumıniya, Tacikistan, Türkmənistan, Ukrayna, Yunanıstan və Krım Muxtar Vilayəti ali təhsil müəssisələrinin tələbələri son tura vəsiqə almışlar. 
Olimpiadanın iyun ayında İstanbulda keçiriləcək son turuna ciddi hazırlaşan Murad Məmməd­ov bu turda da qalib olacağına əmindir.
Digər tələbəmiz Yaqut Rəhim­ova isə Avropada ən böyük tələbə assosiasiyası olan “Avropa Tələbə Forumu”nun (AEGEE) “Şəbəkə görüşü”nə dəvət almışdır. Qeyd edək ki, bu foruma Naxçıvan üzrə yalnız Yaqut Rəhimova seçilmişdir. Bu təşkilat Avropanın 43 ölkə­sinin 240 şəhərindən olan 15 minədək tələbəni özündə birləşdirir. “Dünya bir səma altında toplansın” adı ilə gənclərin mədəni inteqrasiyasını formalaşdırmaq məqsədi daşıyan bu tədbir əvvəllər Parisdə, Milanda, Londonda keçirilmişdir. Bu ilin 18-21 aprel tarixlərində “Şəbəkə görüşü” adlı budəfəki tədbir İstanbul şəhərində keçirilir. Forumun proqramı və məramı hər iştirakçı tələbənin öz ölkəsinin mədəniyyəti, iqtisadiyyatı, milli-mənəvi dəyərləri ilə iştirakçıları tanış etmək və digər ölkələrin tələbələrinin çıxışlarını dinləmək, o ölkələri öyrənməkdən ibarətdir. Tədbirin “Mədəniyyət gecəsi” adlı hissəsində Yaqut Rəhimova qədim diyarımız Naxçıvanı tarixi abidələrimiz və milli yeməklərimizlə bağlı hazırladığı məlumat-soraq slaydı ilə təbliğ edəcək və tanıdacaqdır.
Dünyanın məhəlli müharibələr və sabitsizliklə çalxalandığı indiki zamanda dünya gənclərini bir araya gətirməklə onlar arasında dostluq əlaqələri yaratmaq, dünyamızı gələcək bəlalardan qurtarmaq məqsədilə təşkil edilən bu gənclik tədbirlərində tələbələrimiz Murad Məmmədova və Yaqut Rəhim­ovaya doğma Azərbaycanımızı layiqincə təmsil etmək naminə uğurlar arzulayırıq.

Həsənəli EYVAZLI
Naxçıvan Müəllimlər İnstitutunun
Xarici əlaqələr şöbəsinin müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR