“Yaradılan hərtərəfli şəraitə baxmayaraq, bir sıra məktəblərdə fiziki tərbiyə dərslərinin tədrisində və mövcud idman normativlərinin yerinə yetirilməsində nöqsanlara yol verilir. Elə bunun nəticəsidir ki, şagirdlərimizin fiziki sağlamlığında bir sıra problemlər ortaya çıxır. Halbuki tədris olunan dərsin keyfiyyəti və müəllim məsuliyyəti yüksək olarsa, şagirdlərimizin sağlamlığı sahəsində problemlər də aradan qalxar”. Bu fikirlər muxtar respublika Təhsil Nazirliyində keçirilən tədbirdə təhsil naziri Piri Nağıyev tərəfindən səsləndirilib.
Martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədən irəli gələn vəzifələr, onların icrası ilə bağlı keçirilən tədbiri giriş sözü ilə muxtar respublikanın təhsil naziri Piri Nağıyev açaraq məruzə edib.
Qeyd edilib ki, sözügedən müşavirədə ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisi səviyyəsinin yaxşılaşdırılması və idmanın kütləviliyinə nail olunması ilə bağlı nazirlik qarşısında bir sıra vəzifələr qoyulub, həmin vəzifələrin yerinə yetirilməsi istiqamətində işlərin icrası məqsədilə tədbirlər planı tərtib edilib. Bu plan əsasında nazirlikdə yaradılan komissiya tərəfindən muxtar respublikanın ümumtəhsil məktəbləri, eləcə də məktəbdənkənar tədris müəssisələrində fiziki tərbiyə və şahmatın tədrisinə dair monitorinq aparılıb, nəticələr nazirliyin kollegiyasında müzakirə edilib. Kollegiyanın qərarına uyğun olaraq, işlərini günün tələbləri səviyyəsində qura bilməyən Şərur rayonunun Vərməziyar və Culfa rayonunun Ərəzin kənd tam orta məktəblərinin direktorları tutduqları vəzifədən azad edilib, 64 nəfər fiziki tərbiyə müəllimi və dərnək rəhbərinə töhmət verilib, 9 ümumtəhsil və 11 idman, şahmat məktəblərinin direktorlarına xəbərdarlıq edilib.
Bildirilib ki, uşaq və gənclərimizin fiziki və mənəvi inkişafı sahəsində aparılan işlər təkcə ümumtəhsil məktəblərində həyata keçirilən tədbirlərlə məhdudlaşmır. Belə ki, muxtar respublikada uşaq və gənclərin fiziki inkişafı, istedadlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili ilə məşğul olan 16 şahmat və idman məktəbi fəaliyyət göstərir. Nazirlik tərəfindən aparılan monitorinq nəticəsində məlum olub ki, fiziki tərbiyə dərslərinin tədrisi üçün ümumtəhsil məktəblərində kifayət qədər yüksək şərait olmasına baxmayaraq, hələ də bəzi məktəblərimizdə bu sahəyə lazımi diqqət yetirilmir. Bir sıra ümumtəhsil məktəblərində fiziki tərbiyə fənninin tədrisi zamanı dərsin mərhələlərinə tam şəkildə əməl olunmur, məktəb rəhbərləri tərəfindən fiziki tərbiyə fənninin tədrisinə laqeyd yanaşılır. Eyni zamanda uşaq-gənclər idman və şahmat məktəblərində dərnəklərə şagirdlərin cəlbinə və dərnək məşğələlərinin tədrisinə etinasız yanaşılır.
Sonra məruzə ətrafında Şərur Rayon Təhsil Şöbəsinin müdiri Yaqub Tağıyevin, Naxçıvan Şəhər Şahmat Mərkəzinin direktoru Emin Hacıyevin, Babək Rayon Uşaq-Gənclər İdman Məktəbinin direktoru Füzuli Salmanovun, Culfa Rayon Uşaq-Gənclər İdman Məktəbinin direktoru Abdulla Məhərrəmovun çıxışları olub.
Sonda Təhsil şöbələrinin müdirlərinə “Şahmat dünyası” adlı elektron tədris vəsaiti verilib.
Səbuhi HÜSEYNOV