Mart ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə qarşıya qoyulan tapşırıqların müzakirəsi, bu sahədə mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Ordubad rayonunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Elşad Əliyev açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə muxtar respublika rəhbəri tərəfindən qarşıya qoyulan vəzifələrdən danışıb. O deyib ki, sözügedən müşavirədə yetişməkdə olan gənclərin fiziki sağlamlığının təmin olunması məqsədilə ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idman dərslərinin təşkilinin ciddi nəzarətə götürülməsi qarşıya vəzifə kimi qoyulub. Bundan başqa, şəhər və rayon İcra hakimiyyətlərinə bununla bağlı fəaliyyətlərini gücləndirməsi, Təhsil şöbələri ilə birlikdə istər ümumtəhsil, istərsə də Uşaq- Gənclər Şahmat və İdman məktəblərində tədrisin vəziyyəti ilə ciddi maraqlanılması tapşırılıb. Müşavirədə qeyd edilib ki, şəhər və rayon İcra hakimiyyətləri qısa müddətdə idman federasiyalarının şəhər və rayon şöbələrinin yaradılmasına nail olmalı, rayon İcra hakimiyyətlərinin başçıları idman federasiyalarının rayonlarda yaradılan şöbələrindən birinə rəhbərlik etməli, idmanın kütləviliyi, müxtəlif idman yarışlarının təşkili və keçirilməsi təmin edilməli, gənc idmançıların hazırlanmasına, yerlərdəki idman qurğu və obyektlərindən, eləcə də olimpiya idman komplekslərindən istifadəyə, bununla yanaşı, onların qorunub-saxlanılmasına da diqqət artırılmalıdır. Yığıncağın keçirilməsində məqsəd qarşıya qoyulan vəzifələrin və verilən tapşırıqların qısa müddətdə və keyfiyyətlə yerinə yetirilməsi yollarının müzakirəsi və konkret istiqamətlərin müəyyənləşdirilməsidir.
Qeyd edilib ki, uşaqlarla məktəbdənkənar bədən tərbiyəsi və idman tədbirlərinin aparılması, o cümlədən uşaq və gənclərin asudə vaxtlarında bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsi məqsədilə əlaqədar qurumlarla birlikdə konkret addımların atılmasına başlanılıb. Bundan başqa, rayon Təhsil Şöbəsi məktəblərdə yay-idman məşğələlərinin təşkil olunması, təhsil müəssisələrində idman zal və qurğularından səmərəli istifadə edilməsi, bədən tərbiyəsi və idman sahəsində pedaqoji fəaliyyətə müvafiq ixtisas təhsili olanları cəlb etmək üçün müvafiq işlər görməli, bütün təhsil müəssisələrində bədən tərbiyəsinin tədrisinə nəzarət gücləndirilməlidir.
Sonra məruzə ətrafında rayon Təhsil Şöbəsinin müdiri İlqar Həsənovun, Gənclər və İdman İdarəsinin rəisi Rafiq Bayramovun, Uşaq-Gənclər İdman Məktəbinin direktoru Elşən Əliyevin, Şahmat Məktəbinin direktoru İsrafil Məmmədovun çıxışları olub.
Xəbərlər şöbəsi