25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Dövlət Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin təşkilatçılığı ilə ali təhsil müəssisəsində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kərim Kərimovun “Azərbaycanın neft-qaz potensialı” mono­qrafiyasının və “Haqq və ədalət uğrunda” satirik əsərlərindən ibarət kitab-albomunun təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimindən əvvəl alim-karikaturaçının kitablarından və karikaturalarından, həmçinin NDU-nun tələbələrinin rəsmlərindən ibarət ayrı-ayrılıqda təşkil edilmiş sərgilərə baxış olmuşdur.
Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq Kərim Kərimovun həyat və yaradıcılığı haqqında məlumat vermişdir.
Qeyd olunmuşdur ki, geologiya-mineralogiya elmləri doktoru, professor, Beynəlxalq Şərq, Ekoenergetika, Avropa Elmlər akademiyalarının həqiqi üzvü kimi yüksək titullar daşıyan alimin tədqiqatlarında Azərbaycanın neft-qaz potensialı problemləri mühüm yer tutur. Bu problemlərin həlli istiqamətində Kərim Kərimovun axtarışları, gəldiyi elmi nəticələr ölkəmizdə neft sənayesinin inkişafında xüsusi rol oynamışdır. Bildirilmişdir ki, səmərəli elmi fəaliyyət göstərən alim 600-dək elmi əsərin, həmçinin 14 monoqrafiyanın, 22 geoloji-geofiziki xəritənin, 18 atlasın, 25 ixtiranın müəllifidir.

Alimin rəhbərliyi altında 1993-1995-ci illərdə Azərbaycanda uzunluğu 100-120 kilometr olan 6-7 strukturdan ibarət yeni bir neft-qazlı tektonik zona aşkar edilmişdir. K.Kərimovun elmi işləri bir neçə dəfə AMEA-nın müəyyənləşdirdiyi ən yüksək nəticələrə malik olan əsərlər siyahısında öz əksini tapmışdır. Onun iki ixtirası – “Zəlzələnin qısamüddətli proqnozlaşdırılması üsulu” və “Zəlzələnin pro­qnozlaşdırılması üsulu” Avrasiya Patentləşdirmə Cəmiyyətinin patentini almışdır. 
Tədbirdə professor Kərim Kərim­ovun istedadlı rəssam olması barədə də geniş söhbət açılmış, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli “AMEA-nın müxbir üzvü Kərim Kərimovun yaradıcılığında karikatura janrı” mövzusunda danışmışdır. Akademik bildirmişdir ki, Kərim Kərimov əsası Əzim Əzimzadə tərəfindən qoyulan Azərbaycan milli karikatura məktəbinin davamçısı, yenitipli rəssamdır. Karikatura yaradıcılığı ilə Kərim Kərimov Azərbaycanda siyasi karikaturanın məktəbini yaratmışdır. O, 1956-cı ildən başlayaraq müxtəlif mövzularda karikaturalar çəkmişdir. 1988-ci ildən bəri isə alimin çəkdiyi siyasi plakat və karikaturaların əsas mövzusu Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçı siyasətlə bağlı olmuşdur. İndiyə kimi Kərim Kərim­ovun siyasi karikaturalardan ibarət “Terrorizm və qanlı ləpirlər”, “Terrorizmə yox”, “Terrorizm, separatizm, soyqırım”, “Soyqırım” və başqa kitab-albomları işıq üzü görmüşdür. Onun karikaturaları müəllifin 19 fərdi sərgisində nümayiş etdirilmişdir. Alim-karikaturaçının rəsm əsərləri “böyük Ermənistan” xülyası ilə yaşayan erməni daşnaklarının terrorçu təşkilatlarının himayədarlarını ifşa edir, dünya ictimaiyyətini beynəlxalq hüquq normalarını, dinc yanaşı yaşamaq qaydalarını pozanlara qarşı mübarizəyə səsləyir. Müəllif erməni faşizminin son dərəcə dəhşətli və təhlükəli olduğunu fırçanın gücü ilə insanlara çatdırmaqla bir daha sülhsevər qüvvələri birləşməyə çağırır.
Mərasimdə AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayevin “Kərim Kərimovun tədqiqatlarında Azərbaycanın neft-qaz potensialı problemləri” mövzusunda məruzəsi dinlənilmişdir.
Tədbirin sonunda AMEA-nın müxbir üzvü Kərim Kərimov ona göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR