Martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə verilən tapşırıqların icrası ilə əlaqədar Şərur rayonunda müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov açaraq sözügedən müşavirədə qarşıya qoyulan vəzifələrdən danışıb. Qeyd olunub ki, yığıncağın keçirilməsində məqsəd qarşıya qoyulan vəzifələrin və verilən tapşırıqların qısa müddətdə keyfiyyətlə yerinə yetirilməsi yollarının müzakirəsi və konkret istiqamətlərin müəyyənləşdirilməsindən ibarətdir.
Tədbirdə rayon Təhsil Şöbəsinin müdiri Yaqub Tağıyev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə yetişməkdə olan gənc nəslin fiziki sağlamlığının təmin olunması məqsədilə ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idman dərslərinin yüksək səviyyədə təşkili qarşıya vəzifə kimi qoyulmuşdur. Son illər rayonumuzda xeyli sayda ümumtəhsil məktəbi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Həmin məktəblərdə bədən tərbiyəsi və idman dərslərinin günün tələbləri səviyyəsində keçilməsi üçün hər cür şərait yaradılmış, həmin məktəblərdəki idman zalları müasir avadanlıqlarla təmin olunmuşdur. Müəllim və şagirdlərin ixtiyarına verilmiş idman zallarından, futbol, voleybol və basketbol meydançalarından, eləcə də mövcud idman avadanlıqlarından səmərəli istifadə olunmalı, Şərur Olimpiya İdman Kompleksi ilə buradakı mütəxəssislərin təcrübəsindən yararlanmaq məqsədilə sıx əlaqələr qurulmalıdır. Bütün bunlar təhsil müəssisələrində yüksək idman nailiyyətlərinin qazanılmasına geniş imkanlar açmış olar.
Şöbə müdiri müxtəlif idman yarışları təşkil etməklə qabiliyyətli gənclərin üzə çıxarılmasına nail olunmasının, keçirilən idman yarışlarında belə gənclərin iştirakının təmin edilməsinin qarşıya qoyulan vəzifələr sırasında olduğunu bildirərək qeyd edib ki, uşaq və yeniyetmələrlə məktəbdənkənar bədən tərbiyəsi və idman tədbirlərinin aparılması, onların asudə vaxtlarında bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsi məqsədilə aidiyyəti qurumlarla birlikdə konkret addımların atılmasına başlanılıb. Həmçinin rayon Təhsil Şöbəsi məktəblərdə yay-idman məşğələlərinin təşkil olunması istiqamətində müvafiq işlər görəcək, rayondakı bütün ümumtəhsil müəssisələrində bədən tərbiyəsinin tədrisinə nəzarəti gücləndirəcəkdir.
Sonra rayon Gənclər və İdman İdarəsinin rəisi Ramil Dadaşov, Uşaq-Gənclər İdman Məktəbinin direktoru Cəmşid Əsədov, Şərur Olimpiya İdman Kompleksinin direktoru Rza Camalov, Şahmat üzrə beynəlxalq usta Loğman Quliyev, İbadulla kənd tam orta məktəbinin müəllimi Baxşəli Abdullayev çıxış ediblər. Vurğulanıb ki, “Heydər Əliyev ili” çərçivəsində rayonumuzda ulu öndərin 90 illiyinə həsr olunmuş idman yarışlarının keçirilməsinə diqqət artırılmalı, daha yüksək nailiyyətlər qazanmaq üçün rayon idmançıları və aid təşkilatlar səylə çalışmalıdırlar.
Tədbirdə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının Şərur rayonunda şöbələri yaradılıb, tədbirlər planı təsdiq olunub.
Sonda müşavirədə qeyd olunan məsələlər ümumiləşdirilərək qərar qəbul edilib.
Xəbərlər şöbəsi