Dünən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbəqədər tərbiyə müəssisələrinin uşaqları arasında “Milli dəyərlərimiz – uşaqların aləmi ilə” mövzusunda müsabiqəyə start verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən müsabiqə uşaqlar arasında milli intellekt səviyyəsinin yüksədilməsi, milli dəyərlərimizin yaşadılması yolunda təbliğat işinin gücləndirilməsi, milli dəyərləri uşaqlara ətraflı şəkildə izah etmək, mənimsətmək, kiçikyaşlı uşaqların Vətənə məhəbbət, böyüyə hörmət, milli dəyərlərə bağlılıq ruhunda formalaşmasının təbliğini gücləndirmək məqsədini daşıyır.
Müsabiqə başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova və Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov çıxış edərək muxtar respublikada uşaqların hərtərəfli inkişafı üçün həyata keçirilən tədbirlərdən danışmışlar.
Sonra müsabiqəyə start verilmişdir. Müsabiqədə 1, 3, 10, 11 və 15 nömrəli bağçaların fidanları çıxış etmişlər.
Bugünkü müsabiqədə isə 4, 6, 7 və 12 nömrəli uşaq bağçaları iştirak edəcəklər.
Yekun tədbir may ayının 29-da keçiriləcək, qaliblər müəyyənləşəcək və müsabiqənin təşkilatçıları tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Xəbərlər şöbəsi