Dünən Naxçıvan Dövlət Texniki Kollecində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə kollecin tələbələri arasında olimpiada keçirilmişdir.
Olimpiada başlanmazdan əvvəl kollecin direktoru Məhəmməd Qəribov çıxış edərək bildirmişdir ki, dahi rəhbər Heydər Əliyev ölkəmizin düşdüyü ən ağır vaxtlarda xalqının köməyinə çatmış, gördüyü böyük işlərlə hər bir azərbaycanlının qəlbində əbədi yaşamaq hüququ qazanmışdır. Xoşbəxt gələcəyimiz naminə göstərdiyi belə misilsiz xidmətlərlə ümummilli liderimizin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır. Onun əməlləri, qurduğu dövlət, işıqlı ideyaları ölməzdir, əbədiyaşardır. Bu gün hər bir Azərbaycan gənci ulu öndərin həyat və siyasi fəaliyyətinə dərindən bələd olmalı, onun ideyalarına sadiq bir vətəndaş kimi yetişməlidir.
Keçirilən olimpiadanın bütün suallarının ümummilli liderin həyat və siyasi fəaliyyətinə həsr olunduğunu deyən Məhəmməd Qəribov bildirmişdir ki, bu olimpiada ulu öndərə böyük sevgi və ehtiramın ifadəsidir.
Sonra olimpiadaya start verilmişdir. Olimpiadada 20 komanda və hər komandada 5 tələbə iştirak etmişdir. Komandaların hər birinə 20 sual təqdim edilmişdir.
Qaliblərə diplomlar və mükafatlar verilmişdir.
Xəbərlər şöbəsi