“Alp Bağları Cəmiyyəti” İngiltərədə yaradılıb. Dünyanın müxtəlif ölkələri bu cəmiyyətin üzvləridir. Müalicəvi otların tədqiqi ilə məşğul olan cəmiyyətin 15 nəfərdən ibarət ekspedisiyası may ayının 18, 19, 20-də Naxçıvanda tədqiqat aparıb.
Ekspedisiyaya İngiltərə, Yeni Zellandiya, Avstraliya və Türkiyə dövlətlərinin bioloqları, botanikləri və təbiətsevərləri qatılmışdılar. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları ilə birlikdə ekspedisiya üzvləri Culfa rayonunun Ərəfsə, Ləkətağ, Ordubad rayonunun Biləv kəndlərində, Şahbuz rayonunun Batabat yaylağında olublar. Ekspedisiyanın İngiltərə qrupunun rəhbəri Yan Qrin dedi ki, məqsəd analoqu dünyanın heç bir yerində olmayan süsən bitkisinin muxtar respublikada yayılma arealını tədqiq etməkdir. Qrup rəhbərinin bildirdiyinə görə, bitkinin Naxçıvanda bitən növünün müalicəvi cəhətdən əhəmiyyəti dünyanın digər ölkələrində bitən həmin bitkidən çox yüksəkdir. Bu da onunla bağlıdır ki, muxtar respublikanın təbiəti çox təmizdir. Bu isə həmin bitkinin muxtar respublikada geniş yayılmasına imkan verib. Belə tədqiqatlar gələcəkdə də davam etdiriləcək.
Xəbərlər şöbəsi