“Akademik Zərifə Əliyeva qayğıkeş ana, sahib olduğu dəyərlərlə ali milli ideallara sadiq olan Azərbaycan qadını və Azərbaycan elmini dünyada şöhrətləndirən görkəmli alimdir. Onun elmi tədqiqatları tibb elmi tarixində o səbəbdən fövqəladə əhəmiyyət kəsb edir ki, bu tədqiqatlar praktik əhəmiyyəti ilə minlərlə insanın sağlamlığının qorunmasına xidmət edib”. Bu fikirlər dünən AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda keçirilən elmi konfransda səsləndirilib.
Konfransı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmış akademik Zərifə xanım Əliyevanın xalqımız və dünya elmi qarşısında mühüm xidmətlərinin nə qədər böyük olduğunu göstərir. Vurğulanıb ki, onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
Konfransda AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun şöbə müdiri, biologiya elmləri doktoru, professor Əliyar İbrahimov “Akademik Zərifə Əliyevanın həyat yolu”, həmin institutun direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Tariyel Talıbov “Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti”, aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə Salayeva “Qayğıkeş ana və sədaqətli ömür-gün yoldaşı”, şöbə müdiri, kənd təsərrüfatı elmləri doktoru Varis Quliyev “Akademik Zərifə Əliyeva xatirələrdə” mövzularında məruzələr ediblər.
Məruzələrdə qeyd olunub ki, 1923-cü il aprelin 28-də Şahtaxtı kəndində dövrünün görkəmli dövlət və ictimai-siyasi xadimi, elm fədaisi Əziz Əliyevin ailəsində anadan olan Zərifə Əliyeva gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyub, 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub. O, 1947-ci ildə institutu əla qiymətlərlə bitirib. Həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı.
Bu xəstəliyin müalicəsi yollarını aşkara çıxarmaq arzusu onu Moskva şəhərinə aparır və Zərifə xanım Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir. O, ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə bitirdikdən sonra Vətənə qayıdır, 1949-cu ildən başlayaraq Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını da davam etdirir. Müxtəlif göz xəstəliklərinin müalicəsi və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım elmi fəaliyyətinin ilk mərhələsini traxoma infeksion xəstəliyinin müalicəsinə həsr edir. Beləliklə, Zərifə xanımın ilk elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir.
Zərifə xanım təkcə elm xadimi kimi deyil, Azərbaycana rəhbərlik etmiş dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin həyat yoldaşı kimi fəal ictimai mövqeyi ilə seçilib.
Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.
Xəbərlər şöbəsi