AMEA Naxçıvan Bölməsində “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması istiqamətində görülən işlərlə əlaqədar çoxcildliyin I cildinin müəlliflər qrupu ilə müzakirələr keçirilib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 6 avqust tarixli Sərəncamı ilə “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması qərara alınıb, bu iş Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə və Naxçıvan Dövlət Universitetinə tapşırılıb. Sərəncamın icrası ilə əlaqədar ötən dövr ərzində bir sıra işlər görülüb, “Naxçıvan tarixi” çoxcildliyinin strukturu və planı hazırlanıb, redaksiya heyəti və müəlliflər qrupu təsdiq olunub. Yanvarın 15-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması sahəsində görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib. Artıq “Naxçıvan tarixi” çoxcildliyinin I cildinin fəsillər üzrə yazılması məqsədi ilə müəyyən olunmuş müəlliflər tərəfindən bir sıra işlər görülüb. Vurğulanıb ki, birinci cildin ən qədim dövrlərdən XVIII əsrin ortalarınadək olan xronoloji çərçivəni əhatə etməklə altı fəsildən ibarət olması nəzərdə tutulub.
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli I cildin yazılması zamanı “Naxçıvan” adının mənşəyi və izahı ilə bağlı məsələlərin elmi şəkildə araşdırılmasının, bu istiqamətdə tədqiqatçıların gəldiyi nəticələrin işıqlandırılmasının vacibliyini qeyd edib.
Müzakirə zamanı ayrı-ayrı paraqraf və fəsilləri yazacaq müəlliflər, eləcə də çoxcildlikdə əksini tapmalı olan məsələlər bir daha dəqiqləşdirilib, materiallar işlənilərkən elmi prinsiplərin gözlənilməsi, yazılış forması, mənbə və ədəbiyyatlardan istifadə qaydaları, onların kodlaşdırılmasının diqqət mərkəzində saxlanılmasının vacibliyi vurğulanıb. Naxçıvan tarixinin xronologiyasının işlənilməsi, eyni zamanda I cilddə yer alacaq xəritə, illüstrasiya və şəkillərin toplanılması, sistemləşdirilməsi məqsədilə görüləcək işlərlə bağlı təkliflər dinlənilib, vəzifələr müəyyənləşdirilib.
Elnur KƏLBİZADƏ