Təhsilə qayğı dövlət quruculuğunun mühüm sahəsidir
Təhsil elə strateji sahədir ki, daim qayğı tələb edir. Çünki istənilən dövrdə iqtisadiyyatın inkişafında mühüm aparıcı amil olan təhsilin həm də yüksək mədəni və intellektual səviyyəli cəmiyyətin formalaşdırılmasında mühüm rol oynadığı sübut olunmuşdur.
Azərbaycan Respublikasında bütün sahələrin, o cümlədən təhsil sahəsinin inkişafında ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi də bununla bağlıdır. Ümummilli liderin uzun onilliklərə hesablanmış təhsil siyasəti ölkəmizin bütün bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da ardıcıl olaraq həyata keçirilir. Bunu, ilk növbədə, bu sahədə həyata keçirilən quruculuq tədbirlərində görmək olar. Təkcə 2012-ci ildə bu istiqamətdə reallaşdırılan tədbirlərə nəzər salsaq, bunun bir daha şahidi olarıq. Bəhs olunan dövrdə muxtar respublikada 17 məktəb binası tikilərək və yaxud yenidən qurularaq istifadəyə verilmişdir.
Biliklərə əsaslanmış iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir. Tam əminliklə demək olar ki, bu gün ölkələrin rəqabət qabiliyyətləri, ilk növbədə, onların informasiya və kommunikasiya texnologiyalarından necə istifadə olunması müəyyənləşdirilməklə formalaşır. Bu baxımdan “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, ümumtəhsil məktəblərimizə hər 15 şagirdə 1 kompyuter düşməklə 3183 dəst kompyuter verilmişdir. Onlardan 2644-ü (83 faizi) internet şəbəkəsinə qoşulmuşdur. Bununla yanaşı, muxtar respublikanın ümumtəhsil məktəblərində 500 ədəd elektron lövhə quraşdırılmışdır.
Qeyd olunmalıdır ki, ümumtəhsil məktəbləri ilə yanaşı, orta ixtisas məktəblərində də təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə informasiya texnologiyalarının tətbiqi diqqətdə saxlanılmışdır.
Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılması və gənc nəslə aşılanmasında, cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanaların mühüm rolu danılmazdır. Bu mənada muxtar respublikamızda məktəb kitabxanaları şəbəkələrinin genişləndirilməsi, onların maddi-texniki bazalarının gücləndirilməsi, kitab fondunun zənginləşdirilməsi və şagirdlərin dərsliklə təminatı daim diqqətdə saxlanılan məsələlərdən biridir. Son yeddi ildə ümumtəhsil məktəbləri 1 milyon 611 min 753 nüsxə dərsliklə təmin olunmuşdur. Dərslərdə əyaniliyin təşkili, müasir təlim texnologiyalarının tətbiqi məqsədilə 200 adda 86750 ədəd müxtəlif fənləri əhatə edən plakat, 19 adda 16720 ədəd xəritə, şahmatın tədrisi üçün 325, ayrı-ayrı fənlərin tədrisi üçün isə 2140 ədəd elektron tədris vəsaitləri, həmçinin 515 adda 620117 nüsxə latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat, jurnal və məcmuə təhsil müəssisələrinin kitabxanalarına verilmişdir.
Son illər tədris müəssisələrinin ixtisaslı pedaqoji kadrlarla təmin olunması işi də diqqətdə saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikasında ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında təhsil yarmarkası keçirilmişdir. Artıq 7 ildir ki, ucqar dağ kəndlərində təhsil müəssisələrinin pedaqoji kadrlarla təminatını həyata keçirmək məqsədilə təhsil yarmarkalarının keçirilməsi davam etdirilir. 5 sentyabr 2012-ci ildə təşkil edilən növbəti təhsil yarmarkasında 138 nəfər gənc kadr ümumtəhsil məktəblərində işləmək üçün Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin göndərişlərini almış və müəllim kimi fəaliyyətə başlamışlar.
Son illər muxtar respublikada nail olunmuş və dinamik xarakter almış sosial-iqtisadi inkişaf, region əhalisinə göstərilən diqqət və qayğı demoqrafik vəziyyətə müsbət təsir göstərmişdir. Belə ki, əgər 2011-2012-ci tədris ilində birinci siniflərə 4090 nəfər şagird qəbul olunmuşdusa, 2012-2013-cü tədris ilində bu rəqəm 4426 olmuşdur.
Muxtar respublikada təhsilin inkişafı üçün həyata keçirilən ardıcıl, planlı və mütəşəkkil tədbirlər nəticəsində 1996-2012-ci illər ərzində tam orta ümumtəhsil məktəblərini bitirən 77795 məzundan 43174 nəfəri ali təhsil müəssisələrinə qəbul üçün sənəd vermiş və onlardan 16178 nəfəri, Heydər Əliyev adına Hərbi Liseyi bitirərək müxtəlif ali hərbi məktəblərə qəbul olanlarla birlikdə isə 17858 nəfəri tələbə adını qazanmışdır. Tələbə adını qazananlardan 1973 nəfəri qəbul zamanı 500-700 intervalında bal toplamışdır.
Qeyd etmək lazımdır ki, təhsilin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər nəticəsində ümumtəhsil məktəblərindən ali təhsil müəssisələrinə həm sənəd qəbulu, həm də tələbə qəbulu ilbəil artım tempi ilə müşahidə olunmuşdur. Belə ki, 1996-cı ildə orta ümumtəhsil məktəblərini 3512 məzun bitirmiş, onlardan 1301 nəfəri (37,04 faizi) ali məktəblərə qəbul üçün sənəd vermiş, 401 nəfəri (30,82 faizi) tələbə adını qazanmışdır. Məzunlardan 11 nəfəri 500-700 intervalında bal toplamışdır.
Müqayisə üçün bildirək ki, 2011-ci ildə 4256 məzun tam orta təhsilini başa vurmuş, onlardan 3258 nəfəri (76,55 faizi) ali məktəblərə sənəd vermiş, 1551 nəfər tələbə adını qazanmışdısa, 2012-ci ildə ümumtəhsil məktəblərini bitirən məzunların sayı 4354, onlardan ali məktəblərə sənəd təqdim edənlərin sayı 3356 nəfərə çatmışdır. Bu, məktəbi bitirənlərin 77,07 faizini təşkil edir. İmtahanda iştirak edən abituriyentlərdən 1632 nəfəri göstərilən etimadı doğrultmuşdur. Onlardan 106 ümumtəhsil məktəbinin 267 məzunu 500-700 intervalında bal toplamışdır. Fərəhləndirici haldır ki, I ixtisas qrupu üzrə Şərur rayon Ərəbyengicə kənd tam orta məktəbinin məzunu Rza Rəhimov 690 bal toplayaraq respublika birincisi olmuşdur.
Orta ixtisas məktəblərinə sənəd verilməsində də irəliləyişlər vardır. Belə ki, 2011-ci ildə 1071 nəfər ümumi orta təhsil bazasından orta ixtisas məktəblərinə sənəd vermişdisə, 2012-ci ildə sənəd verənlərin sayı 1390 nəfər olmuşdur. Bu da əvvəlki ilə nisbətən 319 nəfər artım deməkdir.
Son illər muxtar respublikamızda hərbi təhsil sahəsinə də maraq xeyli artmış, Heydər Əliyev adına Hərbi Liseydə oxumaq istəyənlərin sayı çoxalmışdır. Həmin hərbi tədris müəssisəsinə 2011-ci ildə 964 nəfər sənəd təqdim etmişdisə, 2012-ci ildə bu rəqəm 1004-ə çatmış, 250 nəfər kursant adına layiq görülmüşdür.
Bir faktı da xüsusi vurğulamaq lazımdır ki, son 8 ildə ümumtəhsil məktəblərini bitirən məzunlardan 10539 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Həmin abituriyentlərdən 1676 nəfəri 500-700 intervalında bal toplamış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatını almışdır. Bu dövrdə yüksək nəticə göstərən məzunlardan 45 nəfəri, 2012-ci ildə isə 7 məzun yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşdür ki, onların da 4 nəfərini qızlar təşkil edir.
Orta ixtisas məktəblərinə qəbulda da nəticələr yüksəkdir. 2012-ci ildə tam orta təhsil bazasından 211 nəfər, ümumi orta təhsil bazasından isə 244 nəfər olmaqla, cəmi 455 məzunumuz orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Göründüyü kimi, təhsilin səviyyəsini yüksəltmək üçün lazım olan bütün tədbirlərin reallaşdırılması təmin edilmişdir. Və qazanılan uğurların getdikcə artması da məhz bununla bağlıdır.
Qazanılan uğurlar isə arxayınçılığa əsas vermir. Nəzərə almaq lazımdır ki, təhsil müasir yanaşmalar tələb edir. Bu prinsipə əməl olunması mühüm bir məsələ kimi muxtar respublika təhsil işçilərinin qarşısına qoyulan vəzifələrdən biridir. Həmin vəzifələrin həlli hər bir təhsil işçisinin öz işinə vicdanlı münasibətindən, gələcəyimiz olan bugünkü məktəblilərə düzgün yanaşmasından, təlimin yeni forma və metodlarından lazımınca istifadə etmək qabiliyyətindən və digər bu kimi amillərdən asılıdır.
Bütün bunları nəzərə alan muxtar respublikanın ümumtəhsil müəssisələrinin pedaqoji kollektivləri öz işlərini şagirdlərin bilik, bacarıq və vərdişlərinin yüksəldilməsi üzərində quracaq, onların meyil, maraq və qabiliyyətlərinin öyrənilməsi istiqamətində bilik yarışlarının keçirilməsi, xüsusi istedad və qabiliyyətə malik olan şagirdlərin aşkara çıxarılması və onların daha da inkişaf etdirilməsi yönümündə tədbirlər həyata keçirəcək, dövlətimizin təhsil işçiləri qarşısında qoyduğu vəzifələrin keyfiyyətlə yerinə yetirilməsinə çalışacaqlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bizim təhsilimizin məqsədi təkcə savadlı, intellektli gənclər yetişdirmək deyil. Bizim təhsilimizin məqsədi bununla yanaşı, həm də yüksək mənəviyyatlı, Azərbaycan xalqının milli dəyərlərinə sadiq, vətənpərvər gənclər yetişdirməkdir. Bizim təhsilin məqsədi bütün qeyd olunanlarla birlikdə, Azərbaycan vətəndaşını, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü yetişdirməkdir. Bu gün hədsiz qürur hissi keçiririk ki, Azərbaycan təhsili məhz belə bir gənclik yetişdirmişdir”.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti