25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının növbəti iclasında “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin təqdimatı olub, qış sessiyasında elektron-test imtahanlarının nəticələri və qarşıda duran vəzifələrlə bağlı hesabat dinlənilib. Elmi Şuranın sədri, universitetin rektoru, akademik İsa Həbib­bəyli hər iki məsələ ilə bağlı ətraflı məlumat verib. Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetində “Elektron təhsil”, “Elektron universitet” və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihələri həyata keçirilir. KOICA ilə birgə həyata keçiriləcək “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi informasiyalaşdırılmış universitet modelinin yaradılması baxımından olduqca əhəmiyyətlidir.

Universitetin elmi işlər üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov sözügedən layihəni slaydlar şəklində təqdim edib. Vurğulanıb ki, 2013-2015-ci illəri əhatə edən layihənin həyata keçirilməsinə KOICA tərəfindən 3 milyon 500 min ABŞ dolları həcmində vəsait ayrılıb. Layihə idarəçilik işlərində səmərəliliyin artırılması və onlayn təhsil xidmətinin göstərilməsi üçün elektron təhsil şəbəkəsinin yaradılması, yüksək keyfiyyətli təhsil mühiti üçün videokonfrans, IP-PBX, ID kart sistemi və digər bu kimi müasir informasiya-kommunikasiya texnologiyaları (İKT) avadanlıqlarının yaradılması ilə rəqəmsal multimedia infrastrukturunun təkmilləşdirilməsi və İKT-nin gücləndirilməsinin təşviq edilməsi məqsədi daşıyır. Bunun üçün koreyalı ekspertlərin iştirakı ilə universitetdə bir sıra təlim kursları təşkil olunacaq, elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun qurulması üçün müasir texnologiyalar və avadanlıqlar alınacaq.
Universitetin Elektron təhsil şöbəsinin müdiri Hüseyn Qasımov qış sessiyasında elektron-test imtahanlarının nəticələri və qarşıda duran vəzifələrlə bağlı hesabatında 2012-2013-cü tədris ilində universitetdə I kurs üzrə qış-imtahan sessiyasında 10 fakültədən 942 tələbənin iştirakı ilə 153 elektron-test imtahanı aparıldığını, 928 tələbənin müvəffəq qiymət aldığını bildirib. Qeyd olunub ki, birinci kurslarla yanaşı, yuxarı kursları da əhatə edəcək növbəti semestr imtahanında isə, bütövlükdə, 200 imtahanın elektron-test üsulu ilə keçirilməsi nəzərdə tutulur.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR