25 Dekabr 2024, Çərşənbə

Filosoflar cəmiyyətin inkişaf qanunlarını müəyyənləşdirərkən bunun üçün insanın fiziki sağlamlığının əsas amil olduğunu bildirmişlər. Fiziki sağlamlığın təmin olunmasında isə məhz fiziki tərbiyənin əvəzsiz rolu vardır. Fiziki tərbiyənin mükəmməl səviyyədə aparılması, onun metodoloji əsaslarının yüksək səviyyədə mənimsənilməsi və tətbiqi insan hüquqlarının qorunduğu bir cəmiyyətdə mümkündür. Məhz belə cəmiyyətdə insan həyatı və fəaliyyəti üçün vacib olan fiziki tərbiyə şəxsiyyətin hərtərəfli inkişafına xidmət etmiş olur. Bu gün yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizdə insan hüquqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş və bu tədbirlər öz bəhrələrini verməkdədir. Təcrübə göstərir ki, məhz belə bir cəmiyyətdə fəaliyyət sahəsini hərtərəfli mənimsəmiş, sağlam əqidəli insanlara böyük ehtiyac duyulur. Belə insanların yetişməsində isə hələ məktəbli dövründən başlanan fiziki tərbiyənin müstəsna əhəmiyyəti vardır. Odur ki, bu gün muxtar respublikamızda şagirdlərin fiziki hazırlığının günün tələbləri səviyyəsində aparılmasına xüsusi diqqət göstərilir. Bu diqqət və qayğı, öz növbəsində, müəllimlər qarşısında mühüm vəzifələr qoyur. 

Qeyd olunmalıdır ki, fiziki tərbiyənin, fiziki mədəniyyətin, fiziki kamilliyin, fiziki inkişafın, bədən tərbiyəsi və idmanın ümumtəhsil məktəblərində hərtərəfli inkişafına nail olmaq bilavasitə müvafiq ixtisaslı müəllimlərin üzərinə düşən əsas vəzifələrdəndir. Həmin vəzifələr içərisində şagirdlər arasında ümumi tərbiyənin bərqərar olunması əsas şərtdir. Ümumi tərbiyə üç əsas amili özündə birləşdirir: birinci əqli tərbiyə, ikinci fiziki tərbiyə, üçüncü isə texniki təlim.

Göründüyü kimi, ümumi tərbiyədə fiziki tərbiyənin mühüm yeri vardır. Tərbiyənin bu üsulu həm orqanizmin fiziki inkişafını təmin edir, həm də yeniyetmə oğlanları ilkin hərbi vərdişlərə hazırlayır. Qeyd edək ki, şagirdlərin əqli inkişafının digər fənləri mənimsəmə paralelində özünü göstərməsi fiziki tərbiyənin ən ümdə uğurlarından hesab edilir. Başqa sözlə, əqli inkişaf xüsusilə şəxsiyyətin uşaqlıq və yeniyetməlik dövrlərində fiziki tərbiyənin aparılma səviyyəsindən bilavasitə asılıdır. Məhz buna görə ümumtəhsil məktəblərində fiziki tərbiyənin hərtərəfli tətbiqinə nail olunmalıdır. Bu isə yuxarıdakı məqsəd və vəzifələrin yerinə yetirilməsi ilə mümkündür. Həmin məqsəd və vəzifələr bədən tərbiyəsi və idmanın tədris-təlim kompleksini əmələ gətirir. Tədris-təlim kompleksində bədən tərbiyəsi dərslərinin və ya dərsdənkənar bədən tərbiyəsi, həmçinin idman tədbirlərinin ümumtəhsil məktəblərində birinci sinifdən başlayaraq yaş mərhələləri üzrə sonuncu sinfə qədər keçirilməsi nəzərdə tutulur. Bu il mart ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Ali Məclisin Sədri cənab Vasif Talıbov müvafiq qurum və təşkilatlar qarşısında mühüm vəzifələr müəyyənləşdirərək demişdir: “Uşaqlarla məktəbdənkənar bədən tərbiyəsi və idman tədbirlərinin aparılması, o cümlədən uşaq və gənclərin asudə vaxtlarında bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsi diqqətdə saxlanılmalı, məktəblərdə yay-idman məşğələləri təşkil olunmalıdır”. 
Əsasən, şagirdlərin təşəbbüskarlığı və müstəqilliyi üzərində qurulan təlim prosesinin mükəmməl təşkili onlarda müvafiq bilik, bacarıq və vərdişlərin formalaşması, yeniyetmə və uşaqların yüksək səviyyədə fiziki hazırlığa yiyələnmələri ilə nəticələnir. Bütün bunların əsası bədən tərbiyəsi dərslərində qoyulur. Buna görə dərs, məktəb fiziki tərbiyə və fiziki mədəniyyətin, bədən tərbiyəsi və idmanın bünövrəsi hesab edilir.
Bədən tərbiyəsi və idmanın tədris-təlim kompleksi üzrə hazırlanmış pro­qramın əsas şərti bədən tərbiyəsi müəllimləri tərəfindən proqramda əksini tapmış mövzuların yaradıcı formada şagirdlərə lazımınca mənimsədilməsindən ibarətdir. Bu məqsədlə tam orta məktəblər üçün Naxçıvan Müəllimlər İnstitutunda müvafiq fənlər, eləcə də bədən tərbiyəsi və idman dərsləri üzrə proqramlar hazırlanır. Bu proqramlar müəllimin bilik və bacarığını müasir tələblər əsasında zənginləşdirən təlim üsul və metodlar məcmusundan ibarətdir. Bədən tərbiyəsi dərsləri üzrə hazırlanan proqramlarda, başlıca olaraq, texniki vəsaitlərdən istifadə edilməsi tövsiyə olunur. Bu, keçilən təlimin mənimsənilmə səviyyəsini artırır. Belə ki, şagirdlər hər hansı bir hərəkəti ekran vasitəsilə gördükdə müəllimin geniş izahına ehtiyac qalmır. Müəllim yalnız hərəkətin düzgün icrasını təmin etmək məqsədilə müəyyən şərh və izah verir. Bu həm də vaxta qənaət deməkdir. Beləliklə, texniki vasitələrin köməyi ilə şagird az vaxtda çox informasiya qəbul edə və mənimsəyə bilir.
Sözügedən tədris-təlim kompleksi proqramı üzrə tədris prosesinin uğurlu təşkilini şərtləndirən amillərdən biri də müəllimin tədris materiallarının məzmununu, eləcə də onun bölmələri ilə qarşılıqlı əlaqələrini özü üçün əvvəlcədən müəyyənləşdirə bilməsidir. Bunun üçün bədən tərbiyəsi müəllimləri zaman-zaman öz ixtisas hazırlığını mövcud proqramlar üzrə təkmilləşdirməli, dərsin gedişində öyrədiləcək materialın spesifikasına uyğun uğurlu əyani vəsait seçimi etməli, texniki təlim vasitələrinə üstünlük verməli, ən əsası isə qazanılan bilikləri praktikada tətbiq etmək bacarığına yiyələnməlidir.
Beləliklə, sağlam insan orqanizminin başlıca amili olan fiziki tərbiyənin qarşısında qoyulan mühüm vəzifələr aşağıdakılardır:

- fiziki tərbiyənin hərtərəfli tətbiqinə və təbliğinə nail olmaq üçün bədən tərbiyəsi dərslərinin günün tələbləri səviyyəsində qurulması;
- idman düşərgələrinin yaradılması;
- bədən tərbiyəsi dərslərində “Vətənin Müdafiəsinə Hazıram (VMH)” kompleksi üzrə tədris proqramının yerinə yetirilməsi və kütləvi idman tədbirlərinin həyata keçirilməsi (“VMH” kompleksinin şagirdlərə mənimsədilməsi onlara, ilk növbədə, əməyə məhəbbət hissi aşılamış olur ki, bu da fiziki tərbiyənin əsas məqsəd və vəzifələri sırasındadır).
- idman növləri üzrə ümumtəhsil məktəblərində və ya həmin məktəblər arasında idman yarışlarının təşkil edilməsi;
- idmanın müvafiq növü ilə xüsusi məşğul olan şagirdlərin gələcəkdə olimpiya idman oyunlarında iştirakını stimullaşdırmaq məqsədilə onlarla nəzəri-tərbiyəvi söhbətlərin və praktik işin aparılması.

Nəticə olaraq qeyd edək ki, bədən tərbiyəsi dərslərinin, bu dərsin nəticəsi olan fiziki tərbiyənin əsas məqsədi ölkəmizdə gələcək nəslin sağlam ruhda yetişməsinə nail olmaq, onların hər an Vətənin müdafiəsinə hazırlığını və əmək vərdişlərinə yiyələnməsini təmin etməkdən ibarətdir.

Həbib MƏMMƏDOV
Naxçıvan Müəllimlər İnstitutunun
Ümumi fənlər kafedrasının müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR