Naxçıvan Dövlət Universitetində Naxçıvan Dövlət Universiteti-Cənubi Koreyanın Kimçonq Universiteti dostluq parkı salınıb. Tədbirdə universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, muxtar respublika rəhbərinin və Koreya Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə iki ölkənin ali məktəbləri arasındakı əlaqələr gün keçdikcə daha da inkişaf edir. Naxçıvan Dövlət Universiteti Cənubi Koreyanın Kimçonq və Busan Kyumqsunq universitetləri ilə hərtərəfli əməkdaşlığa malikdir. Hazırda universitetdə 1 nəfər doktorant da daxil olmaqla, 10 nəfər koreyalı tələbə təhsil alır. Universitetdə fəaliyyət göstərən Koreya Mədəniyyət və Dil Tədrisi mərkəzlərində Koreya dili tədris olunur, ölkənin tarixi, milli mədəniyyəti, ali təhsil sistemi ilə bağlı materiallar nümayiş etdirilir. Boloniya sisteminin prinsiplərinə uyğun olaraq, universitetlərarası tələbə mübadiləsi də genişlənməkdədir.
Hər iki universitet ərazisində salınan dostluq parkı isə elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın gələcək inkişafının rəmzidir. Kimçonq Universitetində salınan dostluq parkında Naxçıvan Dövlət Universitetindən göndərilən yerli meyvə tingləri və gül kolları əkilib.
Universitetin Koreya Mədəniyyət və Dil Tədrisi mərkəzlərinin rəhbəri, beynəlxalq münasibətlərin tarixi və nəzəriyyəsi ixtisaslaşması üzrə magistrant, Cənubi Koreya vətəndaşı Canq Second, tələbə mübadiləsi yolu ilə bakalavr pilləsində təhsillərini bir il müddətində Naxçıvan Dövlət Universitetində davam etdirəcək koreyalı tələbələr Lee Sumi və Jeonq Seok ölkələrarası münasibətlərin inkişafında elm, təhsil sahəsində tərəfdaşlığın əhəmiyyətindan danışıblar.
Sonra dostluq parkında rektor, akademik İsa Həbibbəylinin və xarici tələbələrin iştirakı ilə Cənubi Koreyanın Kimçonq Universitetindən göndərilən müxtəlif gül kolları, yerli bitkilər əkilib.
Mina QASIMOVA