Hələ magistratura təhsili aldığımız dövrdə proqramımızda belə bir fənn var idi: “V-XV əsrlərdə beynəlxalq ticarət və Azərbaycan”. Məlumdur ki, strateji baxımdan əlverişli bir məkanda, ticarət yolları üzərində yerləşmiş Azərbaycanın və ümumilikdə, bütün Şərqin tarixində bu dövr əhəmiyyətli bir dövr kimi nəzərdən keçirilir. Çünki III-IV əsrlərdə “Xalqların böyük köçü” adlı məşhur prosesdən sonra o zamankı məlum dünyanın Şərqi ilə Qərbi arasındakı əlaqələr daha sıxlaşmış, intensivləşmişdi. Əsrlər ötdükcə, əslində, Şərqdən getmişlərin Şərq nemətlərinin, Şərq düşüncəsinin həsrətindən yenidən geriyə hərəkəti baş vermişdi. Bəzən səlib yürüşçüsü cildində, bəzən isə tacir kimi... Bütün hallarda bəşəriyyətin müxtəlif toplumları bir-biri ilə ünsiyyətə möhtac olduqlarından daha çox bu münasibətlər maraqların və tələbatların təmininə xidmət etmişdir. Bunun üçün isə ən yaxşı vasitə işğal və talanlar deyil, qarşılıqlı ticarət olmuşdur. Yaranmış əlaqələr sonrakı dövrdə daha genişmiqyaslı xarakter aldığı və bu gün də xüsusi əhəmiyyət kəsb etdiyi üçün bu fənnin öyrənilməsi labüd və zəruri idi. İstiqamətverici dərsliyin və vəsaitin olmaması mövzuları müəyyənləşdirməyə ciddi çətinliklər törədirdi.
Bir neçə gün öncə isə Baş redaktorumuzun otağında yeni bir kitab diqqətimi çəkdi: “V-XV əsrlərdə beynəlxalq ticarət və Azərbaycan”. Mövzu kifayət qədər mənim üçün maraqlı olduğundan əlimi kitaba doğru uzatdım. Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayevin müəllifliyində yeni çapdan çıxan bu kitabın ilk səhifəsini açdıqdan sonra otaqdan necə çıxdığımın və nə qədər müddət ərzində kitabı oxuduğumun fərqində olmamışam. Azərbaycanın diplomatiya tarixinin mühüm tərkib hissəsi olan beynəlxalq ticarət əlaqələrindən bəhs edən dərs vəsaiti kimi nəşr olunmuş kitab geniş oxucu kütləsinin də maraqla mütaliə edə biləcəyi axıcı bir dillə yazılıb və maraqlı faktları özündə əks etdirir. Elmi məsləhətçisi AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, elmi redaktoru AMEA Naxçıvan Bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Hacıfəxrəddin Səfərli, rəyçiləri Naxçıvan Özəl Universitetinin rektoru, pedaqoji elmlər doktoru, professor İsmayıl Əliyev, NDU-nun Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Zəhmət Şahverdiyev, tarix elmləri doktoru, professor Şahin Fərzəliyev və NDU-nun Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Yusif Hüseynovdur. Kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən, dərs vəsaiti kimi çap olunub. Azərbaycan, türk, rus və ingilis dillərində 100-ə yaxın mənbə və elmi ədəbiyyatlar əsasında yazılmış kitabda imperiyalararası münasibətlərdə beynəlxalq ticarət yollarının əhəmiyyəti, Böyük İpək Yolu və Türk dünyası, qədim dövrlərdə və orta əsrlərdə beynəlxalq ticarət və Azərbaycan, mədəni münasibətlərin inkişafında ticarət əlaqələrinin rolu, orta əsr Azərbaycan memarlıq üslubunun digər Şərq ölkələrinin memarlığına təsirində ticarət yollarının əhəmiyyəti haqqında məlumat verilib. Dərs vəsaitində xüsusi olaraq diqqətçəkən hissə ölkəmizin ərazisində, o cümlədən əzəli və əbədi türk yurdu olan Naxçıvan diyarında beynəlxalq ticarət əlaqələrinin inkişafına xidmət edən maddi-mədəniyyət abidələri haqqında məlumatların yer aldığı III hissədir. Müəllif təkcə göstərilən mövzuların müfəssəl və aydın izahı ilə kifayətlənməyib. Belə ki, kitabın əlavələr hissəsində məşhur ticarət yollarının xəritələrinin, o dövrün ticarət və sənətkarlıq həyatını əks etdirən rəsm əsərlərinin və tapılmış maddi-mədəniyyət nümunələrinin fotolarının təqdim olunması mövzunun daha yaxından öyrənilməsinə yardımçı olur.
Elnur KƏLBİZADƏ