AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən “Tusi” nəşriyyatında dərc olunan “Xəbərlər” jurnalının bu ilə olan ilk sayı işıq üzü görmüşdür.
Tanınmış alim və ziyalılarımızın müxtəlif sahələrdə apardıqları araşdırmalar, əldə etdikləri elmi nəticələr, topladıqları materiallar əsasında hazırladıqları elmi məqalələr məcmuəsi “Xəbərlər” jurnalının 306 səhifədən ibarət növbəti 30-cu sayı ictimai və humanitar elmlər seriyasına həsr edilmişdir.
Jurnalın Tarix, Arxeologiya və Etnoqrafiya, Azərbaycan dili, Folklor və Ədəbiyyat, İncəsənət, İqtisadiyyat bölmələrində 42 müəllifin 40-a yaxın elmi məqaləsi dərc olunmuşdur.
Elmi məcmuədə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Hacıfəxrəddin Səfərlinin, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin, həmin institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin və digər elm adamlarının “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, “Məmməd Səid Ordubadinin şeir yaradıcılığı: dövrandan şikayətdən milli istiqlala”, “Araz vadisi ilkin şəhərin yarandığı mərkəzlərdən biri kimi”, “Ermənistan-Azərbaycan münaqişəsinin yaxın gələcəyi (təhlil və mülahizələr)”, “Mövlana və Əkmələddin Naxçıvani”, “Naxçıvanda qədim Hürrü boyları və onların dili (Naxçıvan oykonimləri əsasında)”, “Naxçıvan rəssamlarının portret yaradıcılığı (1950-1990)”, “Naxçıvanda teatrın formalaşması və inkişafında yerli ziyalıların rolu (1905-ci ilədək), “Naxçıvan Muxtar Respublikasının xarici ticarəti” və müxtəlif mövzularda yazdıqları orijinal elmi məqalələri toplanılmışdır.
Qaynaqlara və müxtəlif dövrlərdə yaşamış müəlliflərin əsərlərinə istinad edilməklə çap olunmuş elmi məqalələrin rus və ingilis dillərində xülasələri verilmiş, ədəbiyyat siyahısı kodlaşdırılmışdır.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi