Məqsədlərinə çatmaq üçün dayanmadan məşq edən, bunun bəhrəsini dəfələrlə görən, Naxçıvan Muxtar Respublikasının fəxri, həmçinin ölkənin sağlam gələcəyinə nümunə ola biləcək boksçu – Tayfur Əliyev. Onun haqqında kifayət qədər danışmaq, yazmaq mümkündür. Lakin bu dəfə Tayfur Əliyevə suallar ünvanladıq, danışan isə o oldu.
– Azərbaycanın idman ictimaiyyəti Tayfur Əliyevi “Bakı-2015” birinci Avropa Oyunlarından sonra daha çox tanımağa başladı. Buna kimi qazandığın uğurlar barədə oxuculara məlumat verməyi xahiş edirik.
– İlk dəfə 2009-cu ildə yeniyetmələr arasında Azərbaycan çempionatına qatıldım və gümüş medal qazandım. Bir il sonra eyni yarışda istəyimə çataraq qızıl medal əldə etdim. Uğurumun davam edəcəyini bilirdim və Avropa çempionatına vəsiqəni təmin etdim. 2011-ci ildə Qroznıda keçirilən boks üzrə yarışda yeniyetmələr arasında Avropa çempionu, 2013-cü ildə isə gənclər arasında Anapada keçirilən Avropa birinciliyində ikinci oldum. Hər il keçirilən “Prezident Kuboku”nu qazandım, bir il sonra bu turnirin ən yaxşı boksçusu adına sahib oldum. Bu il ilk dəfə kişilər arasında Azərbaycan çempionatına qatıldım və qalib oldum. Boksla məşğul olduğum dövr ərzində yeniyetmə və gənclər arasında 6, kişilər arasında isə bir dəfə Azərbaycan çempionu olmuşam. Son çempionluğum isə mənə Avropa Oyunlarında iştirak etmək hüququ qazandırdı.