Artıq yeddi gündür ki, Naxçıvan mötəbər bir şahmat bayramına, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən “Naxçıvan–2015” Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edir. Festival iştirakçıları onlara yaradılan şəraitdən razılıqla danışırlar. Naxçıvana heyran olduqlarını bildirən festival iştirakçıları buradan xoş təəssüratlarla ayrılacaqlar. Festivalın gedişində tanınmış hakim və şahmatçılarla həmsöhbət olduq:
Namiq İsmayılov – Beynəlxalq dərəcəli hakim: – Blokadada olan muxtar respublikanın belə bir şahmat bayramına ev sahibliyi etməsi regionun sürətli inkişafından, şahmat idman növünə göstərilən yüksək dövlət qayğısından xəbər verir. Qeyd edim ki, yüksək reytinqli şahmatçıların iştirakına görə builki festival xüsusilə fərqlənir. “A” qrupunda yüksək reytinqli şahmatçılar yarışırlar. Sözsüz ki, belə yarışlarda təcrübə öz sözünü deyir.
Muxtar respublikanın bu qəbildən olan yarışların keçirilməsi sahəsində potensialı barədə onu deyə bilərəm ki, hələ 2003-cü ildə Naxçıvanda gənc şahmatçıların dünya çempionatı keçirilmişdi. Ötən illərdə keçirilən beynəlxalq şahmat festivalları muxtar respublikanın beynəlxalq yarışların keçirilməsində hansı imkanlara malik olduğunu bir daha dünyaya nümayiş etdirdi. Festivallar yüksək səviyyədə təşkil edilmişdi. Yarışlar barədə beynəlxalq şahmat aləmində çox yaxşı fikir yaranmışdı və dünya çempionatları içərisində Naxçıvanda keçirilən bu yarışlar ən yaxşılardan biri sayılmışdı. Sevindirici haldır ki, Naxçıvan keçirilən bu festivalların yüksək səviyyədə təşkili ilə dünyanın məşhur, tanınmış şahmatçılarını cəlb edə bildi. Dünyanın müxtəlif guşələrindən gəlmiş şahmatçıların yüksək səviyyədə qarşılanması qonaqlarda xoş təəssüratlar yaradıb. Onlar bir daha görürlər ki, Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevə nə qədər dərin hörmət və ehtiram var, dahi rəhbərin xatirəsinə həsr edilən festivalda hər bir kiçik təfərrüata xüsusi diqqət yetirilib, təşkilatçılıq zərgər dəqiqliyi ilə aparılıb. Məncə, bu, blokadada olan Naxçıvan üçün böyük nailiyyətdir və festivalın əhəmiyyətini son dərəcə artırır.
Doostkam Pipuian – İran İslam Respublikası: – Azərbaycanlı şahmatçılarla birlikdə müxtəlif beynəlxalq yarışlarda iştirak etmişəm və həmişə onlardan alicənablıq, nəciblik görmüşəm. Bu festivala dəvət alanda çox sevindim. Ona görə sevindim ki, köhnə dostlarımı görmək, onlarla ünsiyyətdə olmaq imkanı əldə edəcəkdim. Naxçıvanda müasir Azərbaycan haqqında xoş təəssüratlarım daha da artdı. Qədim ölkənizin bu diyarı festivalla dünyanın müxtəlif ölkələrindən gələn insanları bir araya toplayıb. Bu, məncə, böyük nailiyyətdir. Bir də ona görə məmnunam ki, Naxçıvan bizi böyük qonaqpərvərliklə qarşıladı. Artıq bir neçə gündür, yarışlarda iştirak edirəm. Görürəm ki, şahmatçılara xüsusi diqqət yetirilir. Sözsüz ki, ürəkaçan mühit, yarışlarda müşahidə olunan yüksək təşkilatçılıq oyunuma da təsir edir. Çalışacağam, böyük rəhbərinizin xatirəsinə həsr olunmuş festivalın qalibi olum. Çünki bu, mənim üçün, hər şeydən əvvəl, böyük şərəfdir.
Cankut Emiroğlu –Türkiyə Respublikası: – Bu gün Azərbaycan yığması dünya şahmat arenasında öz sözünü qətiyyətlə deməkdədir. İdmançılarınız beynəlxalq yarışlarda böyük uğurlar qazanır, Azərbaycanı idman ölkəsi kimi bütün dünyada tanıdırlar. Bu festivalda dünyanın tanınmış şahmat ustaları ilə yanaşı iştirak etdiyimə görə böyük məmnunluq hissi keçirirəm. Yarış haqda deyim ki, ilk turlar çox gərgin mübarizə şəraitində keçib; hər turdan sonra qələbə uğrunda mübarizə son turlara doğru daha da çətinləşir. Bu anlamda şahmat festivalı mənim üçün təcrübə qazanmaq baxımından olduqca əhəmiyyətlidir. Çünki burada dünyanın müxtəlif ölkələrindən, eləcə də Azərbaycandan təcrübəli şahmatçılar yarışır, inamlı oyunlar nümayiş etdirirlər.
Mən İzmir şəhərindənəm. Bildiyiniz kimi, İzmir Türkiyənin ən gözəl şəhərlərindən biridir. Burada olanda gördüm ki, Naxçıvan şəhəri də öz gözəlliyi, səliqə-sahmanı, müasirliyi ilə İzmirdən heç də geridə qalmır. Onu da deyim ki, oyunlarda rəqib olsaq da, Azərbaycan, eləcə də Naxçıvan şahmatçıları mənim üçün qardaş ölkənin vətəndaşlarıdır və artıq bu şahmatçıların bir neçəsi ilə tanış olmuşam. İnanıram ki, bu festival hər bir şahmatçı üçün yeni dostluq körpülərinin yaradılmasında müstəsna rol oynayacaq.
Səbuhi Hüseynov