Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika çempionatına yekun vurulmuşdur.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən çempionatın dünən final görüşləri keçirilmişdir. 126 pəhləvanın çıxış etdiyi yarışda güləşçilər 15 çəki dərəcəsində mübarizə aparmışlar.
Turnirin son günü maraqlı final qarşılaşmaları ilə yadda qalmışdır. Sərbəst güləşçilərin mübarizəsində 42 kiloqramda Abbas Həsənov, 46 kiloqramda Murad Bağırlı, 50 kiloqramda Altay Zeynalov, 54 kiloqramda Murad Quliyev, 58 kiloqramda Sərdar Əliyev, 63 kiloqramda Zamin Quliyev, 69 kiloqramda Rauf Qurbanov, 76 kiloqramda Novruz Ağazadə, 85 kiloqramda İman Abdullayev və 100 kiloqramda Oruc İbrahimov bütün rəqiblərini üstələyərək birinci yerlərə layiq görülmüşlər.
Çempionatda yunan-Roma güləşçiləri də güclərini sınamışlar. 32 kiloqram çəki dərəcəsində keçirilən yarışın həlledici qarşılaşmasında Həsən Xudiyev Qurban Xudiyevi, 35 kiloqram çəki dərəcəsində Elis Əliyev Elman Əsgərovu, 42 kiloqram çəki dərəcəsində Elnur İsmayılov Adil Ələkbərovu, 50 kiloqram çəki dərəcəsində İsfəndiyar Məhərrəmli İsi Əliyevi və 58 kiloqram çəki dərəcəsində Afin Mustafayev İsmayıl Haqverdiyevi məğlub edərək birinciliyin baş mükafatını qazanmışlar.
Sonda mükafatlandırma mərasimi olmuşdur.
Qaliblərə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının mükafatları təqdim edilmişdir.
“Şərq qapısı”