Məqsədlərinə çatmaq üçün dayanmadan məşq edən, bunun bəhrəsini dəfələrlə görən, Naxçıvan Muxtar Respublikasının fəxri, həmçinin ölkənin sağlam gələcəyinə nümunə ola biləcək boksçu – Tayfur Əliyev. Onun haqqında kifayət qədər danışmaq, yazmaq mümkündür. Lakin bu dəfə Tayfur Əliyevə suallar ünvanladıq, danışan isə o oldu.
– Azərbaycanın idman ictimaiyyəti Tayfur Əliyevi “Bakı-2015” birinci Avropa Oyunlarından sonra daha çox tanımağa başladı. Buna kimi qazandığın uğurlar barədə oxuculara məlumat verməyi xahiş edirik.
– İlk dəfə 2009-cu ildə yeniyetmələr arasında Azərbaycan çempionatına qatıldım və gümüş medal qazandım. Bir il sonra eyni yarışda istəyimə çataraq qızıl medal əldə etdim. Uğurumun davam edəcəyini bilirdim və Avropa çempionatına vəsiqəni təmin etdim. 2011-ci ildə Qroznıda keçirilən boks üzrə yarışda yeniyetmələr arasında Avropa çempionu, 2013-cü ildə isə gənclər arasında Anapada keçirilən Avropa birinciliyində ikinci oldum. Hər il keçirilən “Prezident Kuboku”nu qazandım, bir il sonra bu turnirin ən yaxşı boksçusu adına sahib oldum. Bu il ilk dəfə kişilər arasında Azərbaycan çempionatına qatıldım və qalib oldum. Boksla məşğul olduğum dövr ərzində yeniyetmə və gənclər arasında 6, kişilər arasında isə bir dəfə Azərbaycan çempionu olmuşam. Son çempionluğum isə mənə Avropa Oyunlarında iştirak etmək hüququ qazandırdı.
– “Bakı-2015” ilk Avropa Oyunları karyeranda necə bir iz buraxdı?
– Avropa Oyunları mənim karyeramda böyük hadisə kimi heç bir zaman yaddaşımdan silinməyəcək. Belə mötəbər turnirdə çıxış etdiyim üçün qürur hissi keçirirəm və özümü şanslı sayıram. Buradakı döyüşlərim çox çətin idi. Əvvəldən sonadək təcrübəli boksçularla qarşılaşdım. Həmçinin yaşda da məndən böyük idilər. Bürünc medal qazansam da, həvəsdən düşmürəm. Çünki bizim qarşıda önəmli yarışlarımız var. Avropa Oyunlarında qazandığım təcrübədən bilirəm ki, bu cür yarışlarda daha yaxşı çıxış edəcəyəm. Bu təcrübə mənim üçün çox önəmli idi. Milli komandaya yeni qoşulmuşam. Qarşıdan dünya çempionatı, Yay Olimpiya Oyunları gəlir. Buradakı təcrübəmlə növbəti yarışlarda daha inamlı çıxış edəcək və birinci olmağa çalışacağam.
– Qeyd etdin ki, döyüşlərin çox çətin keçdi. Gəl, elə 1/8 finaldan başlayaraq döyüşləri analiz edək. Rinqdə döyüşünün bir qədər asan alınması üçün nə çatmırdı?
– Təcrübə. Əslində, rəqibimin kimliyinin və ya güclü, zəif olmasının mənim üçün problemi yoxdur. Onların daha çox təcrübəli olması mənim döyüşümə təsir göstərdi. Siz 1/8 finaldan başlayaq dediniz, mənsə, ilk olaraq yarımfinalda məğlub olduğum Bəxtovar Nazirovla keçirdiyim görüşdən başlamaq istəyirəm.
– Fikirlərinə məğlub olduğun döyüşdən başlamaq maraqlıdır.
– Rusiyalı boksçu bütün görüşlərimə baxmışdı, mənə qarşı necə döyüşməli olduğunu bilirdi. Yalnız kəllə vurmaqla, dirsək atmaqla məni zədələyə bilərdi. Deyərdim ki, bunu da bacardı və ikinci dəfə qaşım zədələndi. İlk döyüşümdə də rumıniyalı boksçunun dirsəyi dəymişdi, zədə almışdım və bu dəfə eyni yerdən zədələndim. Bu, yumruqla olan bir şey deyildi. Məşqçilərin verdiyi tapşırıqları yerinə yetirdim. Bu görüşdə daha çox döyüşmək istəyirdim, amma mənə elə gəlirdi ki, o, vuruşmaq istəmirdi. Aqressiv idi. Bilirəm ki, döyüş taktikası baxımından rus rəqibimə uduzmadım. Yenə deyirəm, təcrübəsizlik burda da özünü göstərdi. Amma söz verirəm ki, nə vaxtsa onunla qarşılaşsam, qələbə qazanacağam. İlk görüşümə gəlincə, mübarizəyə 1/8 finaldan qoşuldum və rumıniyalı Nikolae Andreiana ilə üz-üzə gəldim. Qələbə qazansam da, döyüşümdən özümün də xoşum gəlmədi. Çünki səhvim çox oldu. Sonra həmin döyüşə baxdım və oradakı səhvlərimi növbəti döyüşlərdə təkrar etmədim. 1/4 finalda Danimarka boksçusu Fredrik Yensenlə döyüşümdən öncə səhvləri təhlil etdim və nəticədə, qalib gəldim. Lakin bu döyüşdə də texniki səhvlərim oldu. Qalib gəldikdən sonra özümə inamım artdı.
– Avropa Oyunlarında boks üzrə milli komandaya dəvət hər idmançıya nəsib olmur. Səncə, məşqçinin etimadını doğrulda bildinmi?
– Bu mötəbər yarışda heyətə düşənə kimi qarşımdakı bütün sınaqları keçmişdim. Azərbaycan çempionu adını qazandım, İtaliya və Meksikada keçirilən təlim-məşq toplanışında iştirak etdim, həmçinin “Böyük İpək Yolu” turnirində qalib oldum. Bu uğurum, yəqin ki, baş məşqçinin diqqətindən yayınmayıb.
– Avropa Oyunlarında qızıl medala yaxın olsan da, bürünc medal qazandın. Bu, 18 yaşlı boksçu üçün uğurlu bir nəticədir. Bəs qazandığın medal barədə nə düşünürsən?
– Etiraf edim ki, Avropa Oyunlarından sonra bu barədə düşünməmişəm ki, yaşım azdır, bu, mənim üçün böyük uğurdur. Mənim üçün kişilər arasında Azərbaycan çempionu olmaq, sonra belə böyük yarışda bürünc medal qazanmaq böyük fəxrdir.
– Tayfur Əliyev üçün ən böyük hədəf nədir?
– Qazanmaq istədiyim, nail olmaq arzusunda olduğum titullar da çoxdur. Artıq bunların birini həyata keçirdim və Avropa Oyunlarında bürünc medal qazandım. İndi əsas məqsədim Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır. Buna nail olacağıma inanıram. Çünki muxtar respublikada biz idmançılar üçün hər bir şərait yaradılıb.
– “Bakı-2015” ilk Avropa Oyunlarından sonra Ali Məclisin Sədri ilə görüş keçirildi...
– Bəli. Naxçıvana qayıtdıqdan sonra Ali Məclisin Sədri cənab Vasif Talıbovla görüş keçirildi və birinci Avropa Oyunlarında bürünc medal qazanaraq ölkəmizin idman şərəfini layiqincə qoruduğuma görə Ali Məclisin Sədri tərəfindən mənə “Naxçıvan Muxtar Respublikasının 85 illiyi” yubiley qızıl medalı təqdim edildi. İdmanın inkişafına göstərilən diqqət və qayğıya görə Naxçıvan idmançıları və gəncləri adından muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm.
Ceyhun MƏMMƏDOV