22 Dekabr 2024, Bazar

Mayın 25-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Bakı-2015” Birinci Avropa Oyunlarına dəstək spartakiadası keçirilib. Muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən spartakiada yüngül atletika, şahmat, basketbol və stolüstü tennis idman növlərini əhatə edib.
Spartakiadanın açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov “Bakı-2015” Birinci Avropa Oyunlarına dəstək məqsədilə keçirilən idman yarışının iştirakçılarını salamlayaraq, onlara uğurlar arzuladı.

Bildirildi ki, dövlət gənclər və idman siyasəti yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müəyyənləşdirildi. Bu sahədə aparılan məqsədyönlü siyasət nəticəsində yeniliklərə imza atıldı, ölkəmizdə böyük idman infrastrukturu yaradıldı. Qısa zamanda respublikamız dünyada idman ölkəsi kimi tanındı.
Azad Cabbarov qeyd etdi ki, Azərbaycan artıq beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük təcrübə əldə edib. Bakıda, eləcə də ölkəmizin digər şəhər və rayonlarında idmanın müxtəlif növləri üzrə Avropa və dünya çempionatları keçirilib. Məhz bütün bu faktları – idmançılarımızın nailiyyətlərini, mövcud idman infrastrukturunu, dövlət tərəfindən idmana güclü dəstəyi və əlbəttə, ölkəmizin sürətli iqtisadi inkişafını nəzərə alan Avropa Olimpiya Komitəsi Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qərar verib.
Muxtar respublikada idmanın inkişafından danışan nazir dedi ki, artıq Naxçıvanda bədən tərbiyəsi və idmanla məşğul olmaq gündəlik həyat tərzinə çevrilməkdədir. 2015-ci il fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrasına əsasən, yeniyetmə və gənc qızların, fiziki sağlamlığı məhdud insanların idmana cəlbi istiqamətində ardıcıl işlər görülüb. Bədii gimnastika bölməsi yaradılıb, müxtəlif idman növləri üzrə bölmələrə yeniyetmə və gənc­lərin cəlb olunmasında artım müşahidə olunub.
Təhsilə və idmana göstərilən dövlət qayğısından danışan Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Piri Nağıyev bildirdi ki, bütün sahələrdə quruculuq və inkişafın geniş vüsət aldığı muxtar respublikada müasir dövrün tələblərinə uyğun həyata keçirilən məqsədyönlü siyasət nəticəsində təhsilin, eləcə də idmanın inkişafı daim diqqətdə saxlanılmaqdadır. Muxtar respublikada uşaq və gənc­lərə göstərilən qayğının bariz nümunəsidir ki, son 10 ildə 150-dən çox müasirtipli, hər cür maddi-texniki bazaya malik, informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş məktəb binaları tikilib və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Həmin məktəblərdə idman zalları və açıq idman qurğuları yaradılıb.
Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar bu ilin aprel və may ayları ərzində müxtəlif idman federasiyaları ilə birgə idmanın bir sıra növləri üzrə yarışlar keçirilib. Ənənəvi olaraq keçirilən həmin yarışlarda muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Bununla yanaşı, mayın 1-dən 10-dək ulu öndərin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar keçirilən “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalında 13 ölkənin şahmatçıları ilə yanaşı, muxtar respublikanın 80 məktəblisi də iştirak edib.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri dedi ki, bundan sonra da şagirdlərimiz respublika və beynəlxalq səviyyəli idman yarışlarında uğurlara imza atacaqlar. Muxtar respublikada keçirilən spartakiadanın daha bir məqsədi də idmanın kütləviliyinə nail olmaq və bacarıqlı idmançıların üzə çıxarılmasıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxışında qeyd etdi ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan gənclərə, idmana qayğı siya­səti bu gün böyük uğurlarla davam etdirilir. Məhz bu siyasətin nəticəsidir ki, respublikamızda, o cümlədən Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı təmin olunub, bu sahədə zəngin qanunvericilik bazası və infrastruktur yaradılıb. Azərbaycan idmançıları hər il beynəlxalq yarışlarda, olimpiya oyunlarında daha böyük nailiyyətlər qazanırlar. Bu il ölkəmizin “Bakı-2015” Birinci Avropa Oyunlarına ev sahibliyi etməsi də Azərbaycanın dünyada qazandığı idman nüfuzunun nəticəsidir.
“Ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin tərkib hissəsi kimi bu gün Naxçıvan Muxtar Respublikasında artıq gənc idmançılar nəsli yetişib, idman ustaları formalaşıbdır. Naxçıvanlı idmançılar ölkə və dünya əhəmiyyətli yarışlarda təmsil olunur və uğurlara imza atırlar”, – deyən Rəhman Məmmədov qeyd etdi ki, son 20 il muxtar respublikanın bədən tərbiyəsi və idman tarixində mühüm mərhələ təşkil edir. Bu dövr ərzində muxtar respublikada idmanın maddi-texniki bazası xeyli möhkəmləndirilib. Müasir idman infrastrukturunun formalaşdırılması muxtar respublikada çoxsaylı beynəlxalq yarışların keçirilməsinə də şərait yaradıb. Hal-hazırda muxtar respublikada 2 Olimpiya-İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, 1 Şahmat Mərkəzi, 6 Uşaq-gənclər şahmat məktəbi, 9 Uşaq-gənclər idman məktəbi, Stend və Sportinq Atıcılıq Mərkəzi, eləcə də stadionlar, idman zalları və sadə idman qurğuları, 12 idman federasiyası fəaliyyət göstərir. Son illər 40-a yaxın idman obyekti istifadəyə verilib, ümumtəhsil məktəblərində ən müasir standartlara cavab verən idman zalları yaradılıb.
Sonra Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədri Mahir Əliyev, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev çıxış edərək bildirdilər ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi idman siyasəti 1997-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra yeni mərhələyə qədəm qoyub, idman hərəkatının genişlənməsinə xidmət edən kompleks tədbirlər həyata keçirilib. Nəticədə, Azərbaycan idman yarışlarının keçirildiyi beynəlxalq mərkəzə çevrilib. Naxçıvan Muxtar Respublikasında da əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna mühüm əhəmiyyət verilir. Muxtar respublikada aparılan idman siyasətinin kökündə idmanın kütləviliyinə nail olmaq, onu inkişaf və təbliğ etdirmək, sağlam nəsil yetişdirmək dayanır.
Tədbirin bədii hissəsində Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Bədii gimnastika bölməsinin idmançılarının nümunəvi çıxışları oldu. Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin və Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəqs qrupunun ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Sonra idman yarışlarına start verildi.
Yüngül atletikanın 100, 200, 400, 800 və 1500 metr məsafələri üzrə keçirilən yarışlarda 9 komanda (hər komandanın heyətində 5 qız, 6 oğlan) və 99 atlet finiş xəttini birinci sırada başa vurmağa çalışıb. Oğlanların mübarizəsində 100 metrdə Zamin Quliyev (Şərur), 200 metrdə Elxan Həsənli (Şahbuz), 400 metrdə Elcan Mustafazadə (Sədərək), 800 metrdə Rəsul Yerdələn (Sədərək) və 1500 metr məsafədə Ayaz Hacıyev (Şahbuz) bütün rəqiblərini geridə qoyaraq qalib adını qazandılar. Qızlar arasında isə Gülü Cəfərova (Kəngərli), Nərmin Rüstəmli (Şahbuz), Gülayə Cəfərova (Sədərək) və Zülfiyyə Mehdiyeva (Sədərək) finiş xəttinə hamıdan tez çatdılar.
Uzununa tullanma növündə isə oğlanlar arasında Qürbət Babayev (Ordubad), qızların mübarizəsində isə Səkinə Zamanova (Ordubad) qalib oldular. Spartakiadanın yekun nəticəsinə əsasən, bu növdə komanda hesabında “Ordubad” komandası bütün rəqiblərini qabaqladı. Şahbuz atletləri ikinci, Naxçıvan şəhərinin atletləri isə üçüncü yerə layiq görüldülər.
“Bakı-2015” Birinci Avropa Oyunlarına dəstək spartakiadasının basketbol növü üzrə yarışının qalibi “Naxçıvan” komandası oldu. Onlar finalda “Ordubad” komandasını 36:24 hesabı ilə məğlub etməyi bacardılar. Bu növ üzrə qızların mübarizəsində isə meydanı qalib kimi “Culfa” komandası tərk etdi. Qeyd edək ki, spartakiadada 7 oğlan, 3 qız basketbol komandası mübarizə aparırdı.
Naxçıvan Şahmat Mərkəzində isə zəka sahibləri birincilik uğrunda qüvvəsini sınayırdı. Yarışın yekun nəticəsinə əsasən, oğlanların mübarizəsində Ordubad şahmatçısı Kamil Rzayev qalib adını qazandı. O, ikinci və üçüncü pillədə qərarlaşan Pərviz Qasımov və Toğrul Həsənzadəni qabaqladı. Qızların mübarizəsində isə Babək rayonunun təmsilçisi Aynur Kətanova birinci yerə layiq görüldü. Şahbuz şahmatçısı Qəndab Cəfərli ikinci, culfalı zəka sahibi Aybəniz Hüseynova isə üçüncü oldular.
Spartakiadanın planına daxil olan stolüstü tennis üzrə yarışda 8 komandanın 48 idmançısı (hər komandanın heyətində 3 qız, 3 oğlan) qalib adı uğrunda mübarizə aparırdı. Qızların mübarizəsində Şərur tennisçisi Xurşud Mahmudova bütün rəqiblərinə qalib gələrək spartakiadanın birincisi oldu. Digər iki pillədə isə Selcan Hüseynova (Sədərək) və Nurcan Məmmədova (Şərur) qərarlaşdılar. Oğlanlar arasında yarışın qalibi adını isə Şərur idmançısı Nağı Nağızadə qazandı. Ordubad tennisçisi Sunay Həsənov ikinci, şərurlu həmkarı Mehdi Nəzərov isə üçüncü oldular.
Sonda hər növdə qalib gələn idmançılara təşkilatçılar tərəfindən diplomlar və hədiyyələr təqdim edildi.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR