Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş voleybol üzrə kişilər arasında Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi birincilikdə şəhər və rayonların 8 komandası mübarizə aparıb.
İki gün davam edən muxtar respublika birinciliyi olimpiya sistemi üzrə keçirilib. Yarışın ilk günündə “Sədərək” “Babək”i, “Şərur” “Ordubad”ı, “Culfa” “Kəngərli”ni, “Naxçıvan” isə “Şahbuz”u məğlub edərək adlarını yarımfinala yazdırıblar. Bu mərhələnin oyunları isə daha gərgin idman mübarizəsi şəraitində keçib. Birinciliyin favoriti kimi göstərilən “Sədərək” final yolunda Şərur voleybolçularını mübarizədən kənarlaşdırıb. Onların həlledici qarşılaşmada rəqibi “Culfa” komandası olub. Culfalılar isə bu mərhələdə şahbuzlu həmkarlarından üstün olublar.
Birinciliyin son günündə əvvəlcə meydana üçüncülük uğrunda “Şərur” və “Şahbuz” komandaları çıxıblar. Daha baxımlı oyun sərgiləyən Şərur voleybolçuları hər üç setdə qalib gələrək birinciliyi üçüncü pillədə başa vurublar – 3:0.
Final qarşılaşmasında isə “Sədərək” “Culfa” komandası ilə üz-üzə gəlib. Azarkeşlərin böyük maraqla izlədiyi görüşdə sədərəklilər qalib gəliblər – 3:0.
Bununla, “Sədərək” komandası ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş voleybol üzrə kişilər arasında Naxçıvan Muxtar Respublika birinciliyinin qalibi olub.
Sonda təşkilatçılar tərəfindən yer tutmuş komandalara diplom, kubok və hədiyyələr təqdim edilib.
Ceyhun Məmmədov