İdman meydanlarını səhnələrə bənzədənlər az deyil. İdmançıları, adətən, səhnədə yaradıcı iş görən insanlar kimi də qiymətləndirirlər. Sənətkarlar və idmançılar: fərqli deyimlər olsa belə, bunları birləşdirən bir dəyər var – uğurlu sonluq. Lakin sənət adamlarından fərqli olaraq idmançılar yaradıcılıqlarında əks maneələrlə üzləşirlər. Yəni hər hansı idman növü ilə məşğul olan kəslər qarşı tərəfin böyük gücü qarşısında tab gətirmək və uğur qazanmaq üçün fiziki güclə yanaşı, psixoloji vəziyyətə də hazır olmalıdırlar.
Dəyişilməz üçlü vəhdət
Psixoloji hazırlıq, psixoloji tərəfdən məsələyə yanaşmaq və yaxud psixoloji durumun tənzimlənməsi – bu amillər idmanda əsas şərtlərdəndir. Düzdür, digər nüanslar da idmanda rol oynayır, lakin idmançının yüksək səviyyədə psixoloji hazırlığı onu qələbəyə aparır. İnsan psixologiyası hər şeyə qadirdir. Psixoloji durumu hər zaman sabit saxlamaq üçünsə insan ağlı mühüm rol oynayır. Yəni insan normal düşünmək, normal addım atmaq və hadisəni normal tərzdə analiz etmək üçün ağlından istifadə etməlidir. Hələ qədim dövrlərdən başlayaraq alimlər insanın ağlının, cisminin və ruhunun vəhdətinin vacibliyini qeyd etmişlər və bu üçlü vəhdətin qeyri-adi imkanlara malik olmasını sübut etmişlər.
Düşünə bilən hər bir sağlam uşaqdan idmançı yetişdirmək mümkündür – bu, dəyişilməz devizdir. Müasir dövrdə idmanda öyrənilməsi və artırılması zəruri olan hər bir bacarığın üzərində daim işlənilir və təkmilləşdirilir. İdmançının yaxşı psixoloji hazırlığa malik olması onun fiziki, texniki və taktiki hazırlığını daha da gücləndirir. Ruhi, fiziki və əqli vəhdəti yaratmaq bacarığının insana nə qədər qeyri-adi imkanlar verdiyi aparılan araşdırmalarda da məlum olmuşdur.
Bəs idmançı psixoloji duruma necə hazırlaşmalıdır? Aparılan araşdırmalardan sonra belə qənaətə gəlinib ki, idmançının hər gün məşqdə psixoloji hazırlığa diqqət yetirməsi onun psixologiyasının hər gün möhkəmləndirilməsidir. Yəni buna hazır olan idmançılar yarış, turnir vaxtı böyük həyəcan, stress keçirmirlər. Səbəbi isə çox sadədir: onlar gündəlik məşqlərində keçdikləri hazırlığın mübarizə günü üçün nəzərdə tutulduğunu tam anlayırlar və həmin günü çətin, qorxulu gün kimi beyinlərində formalaşdırmırlar.
İdmançıda emosional oyanış
Dünya idmanında belə bir termin qəbul olunub – emosional oyanış. Bu isə insan xarakterinə görə müsbət və mənfi olur. Müsbət emosiya insana bütün işlərində kömək edir, mənfi emosiya isə öz xarakterinə görə hər bir işdə insana mane olur. Ən çox mane olan mənfi emosiya qorxudur. Bu, adətən, yüngül həyəcanla başlayır və nəticədə, qorxu idmançının çıxışına mane olur. Müasir idmanda emosional oyanışı şüurlu surətdə özləri yüksəldən və onu özlərinə lazım olan səviyyədə saxlaya bilən idmançıların sayı çox azdır.
Bəs emosional oyanış səviyyəsini necə ölçmək olur? Bunu sadə şəkildə nəbzi saymaqla təyin etmək olar. Hətta tibbin inkişaf etmədiyi qədim dövrlərdə həkimlər nəbzlə insanın nə istədiyini belə müəyyənləşdirə biliblər. İdman növündən asılı olaraq emosional oyanış səviyyəsi də fərqli olur. Maraqlısı odur ki, bu termində diqqət amili də mühüm rol oynayır. Hətta diqqətin özü də emosional oyanışdan çox asılıdır. Edilən idmanda fiziki gücü də nəzərə alsaq, o zaman emosional oyanış səviyyəsini bilmək çox asandır. İdmançıda emosional oyanışı, nəbzi yuxu arteriyasında, gicgah nahiyəsində, əli ürəyin üstünə qoymaqla təyin etmək mümkündür. Nəbzin sayı 1 dəqiqədə ürəyin döyüntüsünü saymaqla təyin edilir. Ancaq bu, çox vaxt tələb etdiyi üçün nəbz, əsasən, aşağıdakı vasitələrlə dəqiqləşdirilir. İdmanda nəbzi 3 vaxt ölçüsü ilə təyin edirlər: 6 saniyə ərzində döyünən nəbzi 10-a, 10 saniyədə döyünən nəbzi 6-ya, 15 saniyədə döyünən nəbzi 4-ə vurmaqla 1 dəqiqədə döyünən nəbzin sayını təyin etmək mümkündür. Göstərilən vaxtların ən dəqiqi 15 saniyə ərzində ölçülən nəbz sayılır. Ürək döyüntüsünü saymaqla emosional oyanışın səviyyəsini təyin etmək asan və rahat bir üsuldur.
Deməli, müasir idmançılar yarışa nəinki texniki, taktiki və fiziki cəhətdən hazırlaşmağı bacarmalıdırlar, onlar həm də özlərini psixoloji baxımdan mübarizəyə hazırlamağa qadir olmalıdırlar.
Ceyhun Məmmədov