Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi basketbol üzrə muxtar respublika çempionatında 7-ci turun oyunları keçirilib.
“Naxçıvan” komandası bu tura kimi xal itkisi yaşamayan “Ordubad” komandasını qəbul edib.
Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Naxçıvan” komandasının qələbəsi ilə yekunlaşıb – 76:45. Onlar kimi “Culfa” komandası da meydan amilindən maksimum yararlanıb. Bu dəfə culfalı basketbolçular “Babək” komandası qarşısında çətin anlar yaşasalar da, sonda 2 xalı aktivlərinə yaza biliblər – 63:40. “Lokomotiv” komandası turnir cədvəlinin autsayderi “Sədərək” komandasını sınağa çəkib və meydanı tam üstünlüklə tərk edib – 54:26. Ümumiyyətlə, 7-ci turu meydan sahibləri üçün uğurlu tur hesab etmək olar. Turun son görüşündə “Naxçıvan” Universitetinin komandası şərurlu həmkarlarını qəbul edib. Çətin keçən görüşdə tələbələr 11 xallıq fərqi sonadək qorumağı bacarıblar – 32:21.
Ceyhun Məmmədov