Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının yetirməsi İlkin Səfərov ötən həftə İtaliyada keçirilən uşu-sando üzrə dünya çempionatında çıxış edib. Həmyerlimiz bu yarışda bütün rəqiblərinə qalib gələrək dünya çempionu adına layiq görülüb.
Naxçıvan şəhərindəki Üzgüçülük Mərkəzində dünya çempionu ilə görüş keçirilib. Görüşü giriş sözü ilə açan Şərq Döyüşü Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb.
Azərbaycan MMA (Qarışıq Döyüş Növləri) Liqasının prezidenti Kənan Məmmədov, məşqçi Xamis Məmmədov çıxışlarında qeyd ediblər ki, muxtar respublika idmanı son illər özünün inkişaf mərhələsindədir və İlkin Səfərovun dünya çempionu olması məhz bunun nəticəsidir.
Tədbirdə çıxış edən dünya çempionu İlkin Səfərov belə bir görüşün təşkili üçün təşkilatçılara minnətdarlığını bildirib: “Bu uğuru qazanmağımda xidməti olan hər kəsə minnətdarlıq edirəm. Qarşıma məqsəd qoymuşdum və buna nail oldum. Məşqlərdə mənə köməklik göstərən məşqçilərimin də əməyi yüksəkdir. İnanıram ki, bu uğur muxtar respublikada bu idman növünə olan marağı bir qədər də artıracaq. Daim bizə qayğı göstərən muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm”.
Ceyhun Məmmədov