22 Dekabr 2024, Bazar

Yanvarın 26-da Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə ilk dəfə ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunlarının tanıtım kampaniyası çərçivəsində yeniyetmə və gənclərlə görüş olub.
Tədbirdə Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Tədbirin məqsədi məktəblilərə cari ilin iyun ayında ilk dəfə olaraq ölkəmizdə təşkil olunacaq Avropa Oyunları barədə məlumat vermək və onları idmana cəlb etməkdən ibarətdir.
Tədbirdə əvvəlcə Avropa Oyunlarına həsr edilmiş videoçarx nümayiş etdirilib.
Sonra tədbirin aparıcısı Lalə Eyvazova vurğulayıb ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda qazandığı nüfuz ilə birbaşa bağlıdır. Siyasi, iqtisadi və mədəni əhəmiyyəti ilə diqqəti cəlb edən bu hadisə həm də Azərbaycanın son illərdə idman sahəsində qazandığı uğurlara dəstək xarakteri daşıyır.

Ardını oxu...

Boksçumuz “Bakı-2015” Avropa Oyunlarına vəsiqə qazanıb

Məşhur Amerika filosofu Maykl Novak yazır: “İdmana əhəmiyyət verməmək olduqca vacib milli dəyərlərdən birini itirməkdir”. Doğrudan da, idman ümummilli dəyərdir. Hər bir dövlətin məqsədlərindən biri mövcud idman ənənəsini qoruyub inkişaf etdirməkdir. Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Gənc müstəqil bir dövlətin tez bir zamanda beynəlxalq idman arenalarında tanınmasında, bayrağının dalğalanmasında bu inkişafın payı böyükdür. Ölkənin bütün regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bu siyasət uğurla həyata keçirilir və qazanılan nailiyyətlər bir daha onu göstərir ki, blokada vəziyyətində yaşamasına baxmayaraq, sərhəd tanımayan idmançılarımız gündən-günə püxtələşməkdə davam edirlər.

Ölkənin ən güclü dəri əlcək sahibi: Tayfur Əliyev

Naxçıvan Muxtar Respublikasında idmanın bütün sahələrinin inkişafı, təşəkkül tapması son illər bu sahəyə gənclərin axınını da sürətləndirib. Muxtar respublika rəhbərinin qayğısı sayəsində idmançılarımız üçün müasir standartlara cavab verən təlim-məşq qurğularının tikilib istifadəyə verilməsi, Naxçıvanda yüksəksəviyyəli beynəlxalq yarışların və turnirlərin keçirilməsi, idmançılarımızın dünya arenasında qazandıqları qələbələr idmanın muxtar respublikada uğurlu inkişafından xəbər verir.

Ardını oxu...

Boks üzrə böyüklər arasında keçirilən Azərbaycan Respublikası çempionatının qalibi və universiteti təmsil edən digər iştirakçılarla Naxçıvan Dövlət Universitetində görüş keçirilib.
Görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğıdan bəhs edib. Qeyd olunub ki, muxtar respublikada idmanın müxtəlif növlərinin inkişafı məqsədilə yaradılan maddi-texniki baza, gənclərin fiziki hazırlığı, onların hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları istiqamətində görülən işlər regionda idmanın daha geniş vüsət alması ilə nəticələnib. “Azərbaycan ali məktəblərinin reytinqinin müəyyən edilməsi” layihəsi üzrə müsabiqədə 2014-cü ilin nəticələrinə görə, ölkə üzrə birinci olan Naxçıvan Dövlət Universiteti idman sahəsində də bir çox tarixi uğurlar əldə edib. Rektor tələbə boksçuları təbrik edərək vurğulayıb ki, bu nəticə idmançı tələbələrə stimul verəcək, onları daha böyük qələbələrə ruhlandıracaq.

Ardını oxu...

  Muxtar respublikanın zəka sahibləri Avropanı fəth edir

Azərbaycanda geniş yayılmış idman növlərindən biri olan şahmat zəngin tarixi ənənələri ilə xalqımızın mədəniyyətində özünəməxsus yer tutur. Ötən əsrin 70-ci illərindən etibarən şahmat sahəsində əldə edilən nailiyyətlər, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan qələbələr ölkəmizdə şahmata marağı daha da artırıb. Şahmatçılarımızın uğurları və şahmat idman növü üzrə mövcud potensial bu idman növünün gələcəyinin təmin edilməsi istiqamətində konkret tədbirlərin görülməsini zəruri edirdi. Bu məqsədlə ölkə başçısı cənab İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq olunan “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” vətənimizdə şahmatın daha da inkişaf etdirilməsi və beynəlxalq yarışlarda yeni nailiyyətlərin qazanılmasına əsaslı stimul verib. Təsdiq olunan bu dövlət proqramı Naxçıvan Muxtar Respublikasında da şahmatın inkişafına, geniş yayılmasına və kütləviliyə şərait yaradıb.

 Naxçıvanda...

Ötən il naxçıvanlı zəka sahiblərinin qazandıqları uğurlarla da yaddaqalan olub. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Gənclər və İdman Nazirliyi ilə birgə 2014-cü ildə bir çox yarış təşkil etməklə gənc və yeniyetmələrin bu sahəyə cəlb edilməsində müəyyən nailiyyətlər əldə ediblər. Zəka sahiblərimiz ötən il 50-yə yaxın yarışda, turnirdə çıxış edib ki, bu da şahmatın muxtar respublikada nə dərəcədə inkişaf etdiyindən xəbər verir.

Ardını oxu...

“Karyeram ərzində 400-dən çox qol vurmuşam”, – veteran futbolçumuz Səməd Fərzəliyev belə deyir. Müasir futbol “qol maşını” axtardığı bir dövrdə Naxçıvan futbolu belə simaları, “qızıl ayaqlar”ı çox görüb, çox yetişdirib. Onlar hər zaman muxtar respublika naminə oynayıblar: hər bir çətinliyə dözüblər, səfər oyunlarında müqəddərat həll edən matçlarda meydana çıxıblar. Bəli, Naxçıvan futboluna görə bunu etmək onlar üçün vacib idi. Onlar karyeralarını yalnız bir komandaya – “Araz”a həsr etdilər.
Dünya futbolu yaşıl meydanlarda hər zaman ulduzlarını “sərgiləməkdən” heç vaxt yorulmayıb. Xüsusilə vurduqları qollarla komandalarına qələbə qazandıran hücumçular daim diqqəti cəlb ediblər. Bu baxımdan muxtar respublika futbolunun bəxti gətirib. Çünki öz futbol ənənəsi olan Naxçıvanda “sehrli ayaqlar” çox olub. Təsadüfi deyil ki, keçmiş SSRİ dövründə bu futbolçular doğma arenada qorxulu rəqibə çevriliblər.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş basketbol üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkil etdiyi birinciliyin açılış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov son illər muxtar respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb, basketbolçuları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Sonra Təhsil Şöbəsinin əməkdaşı Ruslan Quliyev və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Rauf Hüseyn­ov çıxış edərək yarışın qaydaları haqqında məlumat verib, iştirakçılara uğurlar arzulayıblar.
14 komandanın iştirak etdiyi birincilik olimpiya sistemi üzrə keçirilib. Gərgin mübarizədən sonra 10 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərinə qalib gələrək birinciliyin qalibi adını qazanıb. Finalda məğlub olan 17 nömrəli tam orta məktəbin komandası ikinci, 14 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Şahmat Mərkəzində beynəlxalq reytinqli şahmat yarışına yekun vurulub. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda muxtar respublikanın şəhər və rayonlarından olan zəka sahibləri qüvvələrini sınayıblar. Yarışın keçirilməsində məqsəd şahmatçılara beynəlxalq reytinq xallarının verilməsi olub. 5 gün davam edən yarışdan sonra muxtar respublikanın beynəlxalq reytinqli şahmatçılarının sayı 57-yə çatıb.
Yarışın nəticələrinə əsasən, Sadiq Məmmədov bütün rəqiblərini üstələyərək qalib adını qazanıb. O həmçinin 1850 reytinq xalının üzərinə daha 58 reytinq xalı əlavə edilməsinə müvəffəq olub. Reytinq əmsalına görə rəqiblərindən bir qədər yüksəkdə olan Toğrul Həsənzadə isə yarışı ikinci pillədə başa vurub və 30 reytinq xalı qazanıb. O, aktivində olan 1940 reytinq xalını artıra bilib.
Üçüncü pillənin sahibi Tural Zeynalov da reytinq xalını artıranlar arasında olub: o, reytinq xalına 10 xal əlavə edərək ümumi xalını 1814-ə çatdırıb.

Ceyhun MƏMMƏDOV

19-23 dekabr 2014-cü il tarixlərdə Türkiyənin Samsun şəhərində beynəlxalq səviyyəli şahmat yarışı keçirilib.
İkinci Açıq Atakum Turnirində muxtar respublikanı 6 şahmatçımız təmsil edib. 5 ölkəni təmsil edən zəka sahiblərinin mübarizəsində şahmatçımız Toğrul Həsənzadə daha yaxşı nəticə göstərərək mükafatçılar sırasına adını yazdırıb. O keçirdiyi oyunlarda mükəmməl nəticə göstərməklə dördüncü olub. Həmçinin Toğrulun qazandığı bu uğur onun reytinq xalına da təsir göstərib. Belə ki, uğurlu çıxışı nəticəsində həmyerlimiz aktivinə daha 36 reytinq xalı yazdırıb. Şahmatçımız bu nəticə ilə həm də turnirdə çıxış edən bir beynəlxalq qrossmeysteri geridə qoymağı bacarıb.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol üzrə XIII Naxçıvan Muxtar Respublika çempionatının birinci dövrəsinə yekun vurulub. Çempionatda muxtar respublikanın bütün şəhər və rayonlarını təmsil edən 9 komanda mübarizə aparır.
Çempionatın ilk turlarından başlayaraq ötən çempionatın qalibi “Universitet”, mükafatçıları “Arpaçay” və “DİN FK” komandaları növbəti mövsümdə də çempionluğa iddialı olduqlarını təsdiq etməyə səy göstəriblər. Eyni zamanda Şahbuzun “Batabat”, Culfanın “Əlincə” və Babək rayonunun eyniadlı komandaları da güclü rəqiblərinə qarşı oyunlarda inamlı təsir bağışlayıblar. Xüsusilə “Batabat” komandasının “Universitet” komandası üzərindəki qələbəsi, “Əlincə” komandasının Şərurdan xalla qayıtması çempionatın nə qədər gərgin mübarizə şəraitində keçməsindən xəbər verir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Şahbuz Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Şahbuz rayonunda ümumtəhsil məktəblərinin şagirdləri arasında 2000 metr məsafəyə qaçış üzrə kross yarışı keçirilib. Şahbuz şəhərindəki “28 May” küçəsində keçirilən və ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan yarışda 30-a yaxın atlet mübarizə aparıb. Gərgin mübarizənin qalibi adını isə Ayrınc kənd tam orta məktəbinin şagirdi Eldar Cəbrayılov qazanıb. O, bütün rəqiblərini geridə qoyaraq hamıdan sürətli olduğunu sübut edib. Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd Şahgəldiyev ikinci, Sələsüz kənd tam orta məktəbinin şagirdi Rəşadət İsmayılov isə üçüncü olublar.
Qaliblərə təşkilatçılar tərəfindən xatirə diplomları təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Ötən gün Sədərək Rayon Gənclər və İdman İdarəsi ilə rayon Uşaq-gənclər şahmat məktəbinin birgə təşkil etdiyi məktəblilər arasında şahmat yarışına yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününə həsr edilən yarış Sədərək rayonundakı şahmat məktəbində təşkil olunub.
Tədbirin açılış mərasimində çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev ulu öndərin həyat və fəaliyyətindən, eləcə də ümummilli liderin şahmat idman növünə göstərdiyi qayğıdan danışıb.

Ardını oxu...

Dünən Culfa Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon Uşaq-gənclər idman məktəbində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş yeniyetmə və gənc­lər arasında boks üzrə rayon birinciliyi keçirilib. 6 çəki dərəcəsində 40-dan çox dəri əlcək sahibinin mübarizə apardığı birincilik gərgin idman mübarizəsi şəraitində keçib. Yarışın nəticələrinə əsasən, Məmməd Məmmədov (35 kq), Məhəmməd Novruzov (40 kq), Kənan Əsgərov (44 kq), Atilla Haqverdiyev (48 kq), Fəxri Qazıbəyov (52 kq) və Sənan Rzayev (55 kq) öz çəki dərəcələrində bütün rəqiblərini məğlub edərək rayon birinciliyinin qalibi adını qazanıblar.
Qaliblərə təşkilatçı idarə tərəfindən diplomlar verilib.

Ceyhun MƏMMƏDOV

Dünən Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin idman zalında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş VIII, IX, X və XI sinif şagirdləri arasında voleybol yarışının final görüşü keçirilib. Dekabrın 1-də start verilən voleybol yarışında məktəbin on sinfi mübarizə aparıb və yarış olimpiya sistemi üzrə təşkil edilib. Məktəbin bu turniri keçirməsində əsas məqsəd voleybol idman növünü yeniyetmə və gənc oğlanlar arasında təbliğ etmək, həmçinin istedadlı voleybolçuları üzə çıxarıb Naxçıvan idmanına qazandırmaq olub.
Final görüşündən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Aygün Hüseynova çıxış edərək bu cür turnirlərin məktəb daxilində mütəmadi olaraq təşkil edildiyini bildirib. Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Ruslan Quliyev və məktəbin müəllimi Emil Babayev yarış iştirakçılarına yarış haqda məlumat verərək idmançılara uğurlar arzulayıblar.
Həlledici qarşılaşmada məktəbin X və XI sinif şagirdləri üz-üzə gəliblər. Bu görüşdə daha üstün oyun sərgiləyən XI sinif komandası yarışın qalibi adını qazanıb.
Sonda qalib komandanın üzvlərinə diplomlar təqdim olunub.

 Ceyhun MƏMMƏDOV

Ordubad rayonunda “Zərərli vərdişlərə “yox” deyək, həmişə sağlam olaq” devizi altında yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, Ordubad Rayon Gənclər və İdman İdarəsi ilə Uşaq-gənclər idman məktəbinin birgə təşkil etdiyi birincilikdə 38 güləşçi 8 çəki dərəcəsində qüvvəsini sınayıb. Yarışın yekun nəticələrinə görə, Sezər Ömər (32 kq), Məhərrəm Vəliyev (35 kq), Məğrur Quliyev (38 kq), Behrud Məhərrəmov (42 kq), Nihad Qasımov (50 kq), İsfəndiyar Məhərrəmov (55 kq), İsi Alıyev (60 kq) və Elcan Məmmədli (66 kq) öz çəki dərəcələrindəki bütün rəqiblərini məğlub edərək yarışın qalibi adını qazanıblar.
Sonda təşkilatçılar tərəfindən qalib güləşçilərə diplomlar təqdim olunub.

Ceyhun MƏMMƏDOV

Bu günlərdə Bakı şəhərində keçirilən cüdo üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin respublika birinciliyinə yekun vurulub. Ölkənin 16 komandasının mübarizə apardığı birincilikdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin komandası da iştirak edib.
Daxili İşlər Nazirliyinin “İdman” Cəmiyyətinin rəisi Cavanşir Salayev­in rəhbərliyi ilə 7 cüdoçudan ibarət komandamız muxtar respublikaya uğurlu nəticə ilə qayıdıb. Belə ki, birincilikdə Daxili İşlər Nazirliyinin komandası, ümumilikdə, 6 medal qazanıb ki, bunların biri qızıl, ikisi gümüş, üçü isə bürünc medal olub. 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəşad Həsənov bütün rəqiblərini məğlub edərək turnirin baş mükafatına layiq görülüb. Elşən Qasımov və Elvin Əliquliyev isə yarışın gümüş medal mükafatçıları olublar. 60 kiloqram çəki dərəcəsində Qartal Əliyev, 66 kiloqramda Mahir Babayev və 100 kiloqramda Kamil Salayevin qazandıqları medalın əyarı bürünc olub.
Bu nəticədən sonra qazandığı medalların sayına görə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin komandası 6 medalla birinciliyi üçüncü yerdə başa vurub.
Yarışın sonunda qaliblərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin diplomları, kubok və qiymətli hədiyyələri təqdim olunub.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının idmançıları Bakıda keçirilən əlil idmançıların stolüstü idman növləri üzrə 4-cü ümumrespublika yarışında uğurla çıxış ediblər. Nazim Süleymanov (nərd), Həbib Mustafayev (şahmat), Tural Hüseynov, Sərvər Əliyev (hər ikisi qol gücü) və Təvəkkür Cəfərovdan (dama) ibarət 5 nəfərlik idmançı heyəti ilə ölkə paytaxtına yollanan paralimpiyaçılarımızdan Təvəkkür Cəfərov uğurlu çıxışı ilə diqqəti cəlb edib. Dama yarışlarında idmançımız yalnız bir rəqibindən geri qalıb və yarışı ikinci pillədə başa vurub. Yarışın reqlamentinə əsasən, turnirdə iştirak edən idmançıların hər birinə pul mükafatı və təşəkkürnamə təqdim olunub.
Fərqlənən idmançılara isə təşkilatçılar tərəfindən xüsusi mükafatlar və diplomlar verilib.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan boksçuları cari ildə qazandıqları uğurlarla bütün diqqətləri öz üzərlərinə cəlb etməyi bacarıblar. Artıq dəri əlcək sahiblərimiz keçirilən yarışların, turnirlərin bir nömrəli favoriti halına gəliblər.
Balakən rayonunda başa çatan yeniyetmələrin respublika oyunlarında boksçularımız daha bir uğura imza atıblar. 21-28 noyabr tarixlərində Şimal zonasında təşkil olunan birincilikdə ölkənin 45 komandası və 200-dən çox boksçusu rinqdə mübarizə aparıb. Bu yarışa 10 idmançı ilə yollanan komandamız muxtar respublikaya 5 medalla qayıdıb. Belə ki, 62 kiloqram çəki dərəcəsində mübarizə aparan Cahid Qurbanov bütün rəqiblərini məğlub edərək respublika oyunlarının qalibi adını qazanıb. Digər 4 medalın əyarı isə bürünc olub. İlkin Qurbanov (34 kq), Kənan Şəfiyev (36 kq), Muxtar Fərzəliyev (38 kq) və Elçin Məmmədov (56 kq) yalnız finala gedən yolda rinqi məğlub tərk ediblər və üçüncülüklə kifayətləniblər.
Qeyd edək ki, qaliblərə diplom və hədiyyələr təqdim olunub.

 Ceyhun MƏMMƏDOV

Gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi yeni nəslin inkişafının əsas vasitəsidir. Dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarını nümayiş etdirməsini, cəmiyyətdə layiqli yer tutmalarını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Bu siyasətin həyata keçirilməsi cavabdeh dövlət qurumu kimi Gənclər və İdman Nazirliyinə tapşırılıb.

Naxçıvan Muxtar Respublikasında gənclər arasında idman növlərini geniş yaymaq və təbliğ etmək üçün müəyyən tədbirlər planı hazır­lanıb həyata keçirilir. Tədbirlər planına daxil olan əsas məsələ isə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının təmsil etdikləri idman növlərini gənclər arasında geniş yaymaqdır. Şəhər, rayon mərkəzləri və kəndlərdə mütəmadi olaraq təşkil edilən yarışlar gənclərin idmana axınını sürətləndirir.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr edilmiş kişilər arasında keçirilən basketbol üzrə muxtar respublika birinciliyi başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi birincilikdə 8 komanda – “Naxçıvan”, Naxçıvan Özəl Universitetinin komandası, “Babək” və “Şərur”, “Ordubad”, “Culfa”, “Sədərək” və “Lokomotiv” – iki yarımqrupda mübarizə aparıb. Yarışın əsasnaməsinə görə, qruplarda ilk yerləri tutan komandalar finalda, ikinci yerlərin sahibləri isə üçüncülük üzrə matçda qarşı-qarşıya gəliblər.

Ardını oxu...

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində yeniyetmələr arasında “Nuh yurdu” intellektual oyununun Naxçıvan Muxtar Respublika zona birinciliyi keçirilib. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən intellektual oyunda 8 komanda iştirak edib. Finala vəsiqə uğrunda gərgin mübarizədən sonra “Zirvə”, “Odlar yurdu”, “Nuh yurdu” və “Şahin” komandaları ikinci mərhələyə yüksəliblər. Bu mərhələdə daha bacarıqlı oyun sərgiləyən “Zirvə” komandası ən yüksək xal toplayaraq birinci yerə layiq görülüb. Digər iki pillədə isə “Şahin” və “Nuh yurdu” komandaları qərarlaşıblar.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlar təqdim olunub.
Qeyd edək ki, bu mərhələnin qalibi olan “Zirvə” komandası dekabr ayında “Xəmsə” milli intellektual oyunu üzrə keçiriləcək Azərbaycan çempionatında muxtar respublikanı təmsil edəcək.

Ceyhun MƏMMƏDOV

Dünən Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr edilmiş kişilər arasında basketbol üzrə muxtar respublika birinciliyinə start verilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi birinciliyin əsas məqsədi muxtar respublikada basketbol idman növünün inkişaf etdirilməsi, qabiliyyətli basketbolçuları üzə çıxarmaq, həmçinin yığmanın heyətini müəyyən edib Azərbaycan çempionatında iştirakı təmin etməkdir.
Dövlət Himninin səsləndirilməsindən sonra yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov keçirilən tədbirin mahiyyəti haqda məlumat verdi, basketbolçulara uğurlar arzuladı.
Birinciliyin reqlamentinə əsasən, 8 komanda iki yarımqrupda mübarizə aparır. Birinci qrupda “Naxçıvan”, Naxçıvan Özəl Universitetinin komandası, “Babək” və “Şərur”, ikinci qrupda isə “Ordubad”, “Culfa”, “Sədərək” və “Lokomotiv” komandaları qərarlaşıb. Yarışın əsasnaməsinə əsasən, qruplarda ilk yerləri tutan komandalar final görüşündə üz-üzə gələcəklər. İkinci pillənin sahibləri isə üçüncülük uğrunda meydana çıxacaqlar.
Qeyd edək ki, üçüncülük və final görüşü noyabrın 28-də keçiriləcək. Qaliblərə kubok, diplom və qiymətli hədiyyələr təqdim olunacaq.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin mini-futbol meydançasında məktəblilərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə iki yaş qrupunda (2001-2002 və 2003-2004-cü illər təvəllüdlü) yeniyetmələr arasında mini-futbol üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkil etdiyi birinciliyin açılışında çıxış edən Gənc­lər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov yeniyetmə futbolçulara yarışın məqsədi haqda məlumat verib. Sonra Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Rauf Hüseynov çıxış edərək idmançılara uğurlar arzulayıb.
Birincilikdə 9 komanda mübarizə aparıb. 2001-2002-ci illər təvəllüdlü yeniyetmələrin yarışında 5 komanda meydana çıxıb. Daha inamlı təsir bağışlayan “UGİM-2” və “Rabitəçi” komandaları finala vəsiqə qazanıblar. Həlledici görüşdə qalib gələn “UGİM-2” komandası yarışın baş mükafatına layiq görülüb. “Gənc İlhamçılar” komandası isə üçüncülüklə kifayətlənib.
2003-2004-cü illər təvəllüdlü yeniyetmələrin mübarizəsində isə 4 komanda qalibin adını müəyyənləşdirmək üçün meydana çıxıb. Bu yaş qrupunda “Rabitəçi” komandası finalda “UGİM-1” komandasını məğlub edib və yarışın qalibi olub. “Gənc Heydərçilər” komandası isə yarışı üçüncü pillədə başa vurub.
Sonda qalib komandanlara təşkilatçıların diplomları təqdim olunub.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə və Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 23-cü ildönümünə həsr olunan turnirdə 6 komanda mübarizə aparıb. Yarış Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilib.
Turnir üç turdan ibarət olub. Oyunlar dairəvi sistem üzrə keçirilib. Əsasən, dörd komandanın çempionluq şansı yüksək qiymətləndirilsə də, şansı reallığa çevirən tərəf “Sədərək” komandası olub.

Ardını oxu...

Dünən Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində MMA qaydasız döyüş növü üzrə şəhər birinciliyinə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi birincilikdə 60-dan çox idmançı mübarizə aparıb.
Tədbirin açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov yarış barədə məlumat verib.
İki gün davam edən Naxçıvan şəhər birinciliyinin əsas məqsədi MMA idman növünü gənclər arasında təbliğ etmək və federasiya tərkibində fəaliyyət göstərən klubların işini təkmilləşdirmək olub. Yarışın ilk günündə idmançılar finala vəsiqə qazanmaq üçün mübarizə aparıblar. Birinciliyin reqlamentinə əsasən, idmançılar 8 çəki dərəcəsində rinqə çıxıblar. 55, 60, 65, 68, 72, 75, 85 və 96 kiloqram çəkilərdə finala vəsiqə qazanan idmançıların döyüşü isə bir gün sonra baş tutub.

Ardını oxu...

Son zamanlar idman sahəsində yeni infrastrukturun yaradılması, idman komplekslərinin, zallarının tikilməsi Naxçıvan Muxtar Respublikasında bu sahənin bütün növlərinin eyni səviyyədə inkişafına şərait yaradıb. Artıq yaradılan şərait nəticəsində qazanılan uğurlarımız gündən-günə artmaqdadır. Muxtar respublika rəhbərinin idmana göstərdiyi diqqət və qayğı idmançıları daha səylə mübarizə aparmağa ruhlandırıb.

Güləş idman növünə maraq artır

Təbii ki, idmançılarımızın ölkə miqyaslı yarışlarda, həmçinin beynəlxalq turnirlərdə qazandıqları uğurlarda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin də əməyi böyükdür. Cari ilin son 9 ayında idmançılarımızın uğurları xeyli artıb. Xüsusilə beynəlxalq yarışlarda əldə edilən nailiyyətlər nəticəsində idmançılarımız Azərbaycan yığmasının heyətinə dəvət olunurlar ki, bu, muxtar respublikada idmanın nə dərəcədə inkişaf etdiyinin göstəricisidir. Son günlərdə gənc güləşçilərimizin Helsinki Olimpiadasının mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələrin beynəlxalq yarışında əldə etdikləri uğur da bunun bariz nümunəsidir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin idman zalında keçirilən daha bir turnir dünən başa çatıb.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və Voleybol Federasiyasının birgə təşkil etdiyi turnir 10-17 noyabr – beynəlxalq tələbə-gənclər həftəsinə həsr edilib. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən turnir gərgin mübarizə ilə yadda qalıb.
Yarışın yekun nəticələrinə əsasən, daha baxımlı oyun nümayiş etdirən Naxçıvan Dövlət Universitetinin komandası turnirin qalibi adını qazanıb. Onlar finalda Naxçıvan Musiqi Kollecinin komandasını məğlub ediblər. Naxçıvan Özəl Universitetinin komandası isə yarışı üçüncü pillədə başa vurub.
Qeyd edək ki, qalib komandalar noyabr ayının 17-də Gənclər Mərkəzində keçirilən mərasimdə təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Xəbərlər şöbəsi

Ötən gün Naxçıvan idmançılarının uğuruna daha biri əlavə olunub. Belarusun paytaxtı Minsk şəhərində MMA döyüş növü üzrə keçirilən dünya birinciliyində ölkəmizi təmsil edənlər sırasında Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının idmançısı da çıxış edib. +93 kiloqram çəki dərəcəsində mübarizə aparan həmyerlimiz İlkin Səfərov qazandığı uğurla hamını sevindirib. Belə ki, İlkin bütün rəqiblərini rinqdə məğlub edərək dünya çempionu adını qazanıb.
Birinciliyin sonunda həmyerlimizə kubok, diplom və qiymətli hədiyyələr təqdim olunub.

Ceyhun MƏMMƏDOV

Dünən Şahbuz rayonunda 12 Noyabr – Konstitusiya Günü münasibətilə rayonun ümumtəhsil məktəblərinin komandaları arasında yüngül atletika üzrə rayon birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkil etdiyi birincilikdə 60-dan çox məktəbli qüvvəsini sınayıb.
Yarışın yekun nəticələrinə görə, Ayrınc kənd tam orta məktəbinin komandası birinciliyin qalibi adını qazanıb. Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin komandası ikinci, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.
Sonda qaliblərə təşkilatçılar tərəfindən kubok və diplomlar təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

10-17 noyabr – beynəlxalq tələbə-gənclər həftəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında dünən badminton yarışı təşkil olunub. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışın əsas məqsədi muxtar respublikada bu idman növünü inkişaf etdirmək və kütləviliyə nail olmaqdır. Olimpiya sistemi üzrə təşkil olunan yarış Naxçıvan Dövlət Universitetinin idman zalında keçirilib.
Nəticəyə əsasən, Naxçıvan Dövlət Universitetinin tələbəsi Fəridə Hənifəyeva bütün rəqiblərini üstələyərək yarışın qalibi adını qazanıb. Dövlət universitetinin digər tələbələri – Röya Quliyeva, Arzu Əliyeva və Zərövşən Yusif­əliyeva isə digər pillələrdə qərarlaşıblar.

Ceyhun MƏMMƏDOV

Dünən Naxçıvan şəhərindəki Şahmat Mərkəzində daha bir turnir keçirilib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və Şahmat Federasiyasının birgə təşkil etdiyi turnir 10-17 noyabr – beynəlxalq tələbə-gənclər həftəsinə həsr edilib. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən şahmat üzrə turnir gərgin mübarizə ilə yadda qalıb. Olimpiya sistemi üzrə təşkil edilən yarışın qalibi adını Naxçıvan Dövlət Universitetinin (NDU) tələbəsi Röya Müslümzadə qazanıb. Naxçıvan Özəl Universitetinin (NÖU) tələbəsi Əli Hüseynzadə isə rəqibindən geri qalaraq ikinciliklə kifayətlənib. Əli Məmmədov (NDU) və Eldar Sadıq­ov (NÖU) isə üçüncü olublar.

 Ceyhun MƏMMƏDOV

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Naxçıvan Muxtar Respublika Stadionunda Naxçıvan şəhərindəki ümumtəhsil məktəbləri arasında oğlanlardan ibarət yüngül atletika üzrə şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi birinciliyin açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov yarışın qaydaları barədə məlumat verib. Sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Ruslan Quliyev iştirakçılara uğurlar arzulayıb.
Reqlamentə əsasən, məktəbli yüngül atletlər 100, 200, 400, 800 və 1500 metr məsafədə güclərini sınayıblar. 80 idmançının mübarizə apardığı birincilikdə, ümumilikdə, 16 komanda çıxış edib. Beynəlxalq atletika qaydalarına uyğun olaraq keçirilən yarışın yekun nəticələ­rinə əsasən, İsmayıl Haqverdiyev (100 m), Kamil Haqverdiyev (200 m), Əli Tağıyev (400 m), Cavidan Vəliyev (800 m) və Səbuhi Tağıyev (1500 m) birinciliyin qalibi adını qazanıblar.
Komanda hesabında isə 9 nömrəli tam orta məktəb birinciliyin qalibi olub. Digər iki pillədə isə 5 nömrəli tam orta məktəblə 12 nömrəli tam orta məktəb qərarlaşıb.
Sonda qaliblərə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin diplomları təqdim olunub.

 Ceyhun MƏMMƏDOV

Ötən həftə Bakı şəhərində Helsinki Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə açıq respublika turniri keçirilib. Beş gün davam edən turnirdə Naxçıvan güləşçiləri də çıxış ediblər. 8 sərbəst və yunan-Roma güləşçimizin mübarizə apardığı yarışda iki idmançımız uğur qazanıb. Belə ki, sərbəst güləş növünün 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Haldun Məmmədov yalnız finalda məğlub olub və turnirin gümüş mükafatını qazanıb. 46 kiloqram çəki dərəcəsində güləşən Elnur Musayev isə bürünc medal əldə edib.
Sonda mükafatçılara təşkilatçılar tərəfindən diplom, medal və qiymətli hədiyyələr təqdim olunub.

 Ceyhun MƏMMƏDOV

Ötən həftə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə Şərur rayonundakı Olimpiya-İdman Kompleksində tədbir keçirilib.
“Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi üzrə keçirilən tədbirdə AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti, Milli Məclisin deputatı Xanlar Fətiyev də iştirak edib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının gənc­lər və idman naziri Azad Cabbarov gənc­lərin idmana olan marağından danışıb və məktəblərdə bu cür tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıb: “Bu cür tədbirlərin təşkili muxtar respublikada idmana və idmançılara göstərilən qayğıdan irəli gəlir. Hazırda muxtar respublikada minlərlə uşaq futbolun sirlərini öyrənir. Məqsədimiz butipli məktəblərin sayını artırmaq, uşaqları bu idman növünə cəlb etməkdir. Bunun üçün muxtar respublikada hər cür şərait var. İnanırıq ki, gələcəkdə bu uşaqlar Azərbaycan futboluna öz töhfələrini verəcəklər”.
Sonra Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev və AFFA-nın vitse-prezidenti Rauf Əliyev çıxış edərək Azərbaycan idmanının nailiyyətlərindən danışıblar.
Tədbirdə 150-yə yaxın uşaq iştirak edib. Onlar məktəb tərəfindən pulsuz ləvazimatlarla da təmin olunublar.
Qeyd edək ki, təşkil olunan bu tədbirin əsas məqsədi müxtəlif sosial təbəqədən olan uşaqların xüsusi futbol konsepsiyasından istifadə etməklə onları ümumi maraq naminə birləşdirməkdir.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan şahmatçılarının dünya arenalarında uğurlu çıxışları davam etməkdədir. Bu dəfə zəka sahibimiz Pərviz Qasımov Gürcüstanın Batumi şəhərində bütün diqqətləri öz üzərinə cəlb etməyi bacarıb. Naxçıvan şahmat məktəbinin yetirməsi olan zəka sahibi 24-cü Avropa çempionatında 14 yaşlı şahmatçılar arasında bürünc medal qazanıb. Həmyaşıdları arasında qitənin ən güclü 3 şahmatçısından biri adını qazanan Pərviz Qasımov bu uğuru sayəsində reytinq xalını 211-ə çatdırıb.
Hazırda aktivində 2160 reytinq xalı olan Pərviz üçün cari ili uğurlu hesab etmək olar. Belə ki, o, iyul ayında keçirilən respublika şahmat olimpiadasının qalibi olmaqla yanaşı, həm də Naxçıvanda keçirilən “Naxçıvan Open-2014”-ün də qalibidir. Beynəlxalq arenada isə Pərviz Qasımov iyun ayında Yunanıstanın Kaval şəhərində keçirilən məktəblilər arasında Avropa çempionatında ikinci, avqust ayında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən beynəlxalq turnirdə isə üçüncü olub.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan idmançılarının ölkə daxilində qazandığı uğurlara daha biri əlavə olunub. Belə ki, ok­tyabrın 22-də Qəbələdə start götürən “Vətənin müdafiəsinə hazı­ram” poliatlon çoxnövçülüyü üzrə Azərbaycan çempionatının final mərhələsinə dünən yekun vurulub. Ölkənin müxtəlif bölgələrindən 14 komandanın mübarizə apardığı çempionatda muxtar respublikanı Şərur şəhər 2 nömrəli tam orta məktəbin komandası təmsil edib. Muxtar respublika çempionu Azərbaycan birinciliyində də uğurlu çıxışı ilə yadda qalıb.
Final mərhələsinə ciddi hazır­laşan məktəblilərimiz çempionatı üçüncü pillədə başa vurublar. Şərur şəhər 2 nömrəli tam orta məktəbin komandası yalnız Bakı və Sumqayıt məktəblilərindən geri qalıb.
Yarışın son günündə qalib komandalara Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən kubok və diplomlar təqdim olunub.

 Ceyhun MƏMMƏDOV

Topaz Premyer-Liqasının VIII turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası doğma azarkeşlər qarşısında “AZAL” futbol komandasını qəbul etdi. Bu oyun muxtar respublika təmsilçisi üçün böyük əhəmiyyət kəsb edirdi. Son günlər zədəli futbolçuları olan Naxçıvan klubu Bakı təmsilçisi ilə oyuna əsas heyətlə çıxmışdı. Odur ki, stadiona toplaşan azarkeşlər qırmızı-ağların mükəmməl oyununun şahidi oldular.

Fərqli heyət

“Araz-Naxçıvan” futbol komandasının baş məşqçisi Əsgər Abdullayev bu dəfə meydana tam fərqli heyət çıxarmışdı. Qapını Kamal Bayramova həvalə edən baş məşqçi müdafiə xəttinin mərkəzində Ruslan Zamanovla Saşa Yunisoğluna bel bağlamışdı. Cinahlarda isə Emin Cəfərquliyev və Tural Hümbətov oyun ərzində hücuma daim dəstək verməklə yanaşı, həm də müdafiə xəttində aktivlikləri ilə seçilirdilər. Uzun müddətdən sonra zədəsini tam sağaldan Tərlan Xəlilov bu görüşdə dirijorluq funksiyasını öz üzərinə götürmüşdü. Eşqin Quliyevlə Aqil Nəbiyev bu mövqedə paylayıcı yarımmüdafiəçi vəzifəsini yerinə yetirirdilər. Hücumun cinahlarında Ramal Hüseynov və Elmin Çobanov, sivri ucda isə Bəxtiyar Soltanov yer almışdı.
Rəqibə gəlincə, “AZAL” futbol komandası Naxçıvana tam heyətlə gəlmişdi. Hədəfi muxtar respublikanı 3 xalla tərk etmək idi. Bunun üçün baş məşqçi Tərlan Əhmədov meydana buraxdığı heyətdə üstünlüyü legioner futbolçulara vermişdi ki, bu da onların atletik futbol oynamalarına işarə idi. Lakin sürətli hücum və müdafiədə sayıqlıq alınmayınca baş məşqçi tez-tez futbolçuların mövqelərini dəyişməyə məcbur olurdu.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib. Muxtar respublikanın şəhər və rayonlarının 8 komandasının mübarizə apardığı birincilik gərgin rəqabətlə yadda qalıb. Atıcılıq Mərkəzində 6 növdə keçirilən yarışda 40 idmançı qüvvəsini sınayıb.
Yarışda bütün rəqiblərini üstələyən Şərur komandası qalib adını qazanıb və muxtar respublikanı ölkə birinciliyində təmsil etmək hüququ əldə edib. Digər iki pillədə isə Sədərək və Naxçıvan komandaları qərarlaşıblar.
Sonda qaliblərə təşkilatçılar tərəfindən kubok və diplomlar təqdim olunub.
Qeyd edək ki, Şərur komandası Qəbələdə keçiriləcək respublika birinciliyində Naxçıvanı təmsil edəcək.

Ceyhun MƏMMƏDOV

İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 18 Oktyabr – Müstəqillik Gününə həsr olunmuş yeniyetmələr (1998-2000-ci illər təvəllüdlü) arasında sərbəst güləş üzrə Naxçıvan turniri keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Güləş Federasiyasının təşkil etdiyi turnirdə 60-dan çox idmançı mübarizə aparıb. Turnirin açılışında çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman idarəsinin rəisi Xəyal Qurbanov Müstəqillik Günü münasibətilə yarış iştirakçılarını təbrik edib, bu cür yarışların keçirilməsinin əhəmiyyətindən danışıb. Sonra Güləş Federasiyasının sədr müavini Yaşar Səfərov çıxış edərək yarışın qaydaları haqqında məlumat verib, iştirakçılara uğurlar arzulayıb.
9 çəki dərəcəsində keçirilən turnirdə Naxçıvan şəhər idmançıları ilə yanaşı, Şərur və Babək rayonlarının idmançıları da iştirak ediblər. Nəticəyə əsasən, Bağır Zeynalov (42 kq), Əkbər Əkbərov (46 kq), Ərkal Məmmədov (50 kq), Murad Quliyev (54 kq), Əbülfəz Məmmədov (58 kq), Onur Tağıyev (63 kq), Rauf Qurbanov (69 kq), Novruz Ağazadə (76 kq) və Pərvin Əliyev (85 kq) öz çəki dərəcələrində turnirin qalibi adını qazanıblar.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

Xəbərlər şöbəsi

Dünən İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 18 Oktyabr – Müstəqillik Gününə həsr olunmuş karate-do üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkil etdiyi yarışda 50-yə yaxın idmançı mübarizə aparıb. Birinciliyin açılışında çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov muxtar respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb. Sonra Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev çıxış edərək yarış iştirakçılarına yarışın qaydaları haqqında məlumat verib, onlara uğurlar arzulayıb.
5 yaş qrupunda keçirilən birincilikdə müvafiq olaraq Fəxrəddin Dünyamalıyev (8-9 yaş), Rza Kərimov (10-11 yaş), Xəlil Əliyev (12-13 yaş), Nizami Binyətli (14-15 yaş) və Mirpaşa Kərimov (16-17 yaş) bütün rəqiblərini məğlub edərək qalib adını qazanıblar.
Sonda hər yaş qrupunda I,II,III yerləri tutan idmançılara təşkilatçıların diplom və qiymətli hədiyyələri təqdim olunub.

Ceyhun MƏMMƏDOV

Sədərək rayonunda “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülük üzrə məktəblilər arasında rayon birinciliyi keçirilib. Sədərək Rayon Gənclər və İdman İdarəsi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Bölməsinin birgə təşkil etdiyi birincilikdə 20 məktəbli 4 komandanın heyətində mübarizə aparıb. Gərgin idman şəraitində keçən turnirin qalibi adını Sədərək kənd 1 nömrəli tam orta məktəbi qazanıb. Birincilikdə 2 nömrəli tam orta məktəb ikinci, Heydərabad qəsəbəsi tam orta məktəbi isə üçüncü olub.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

 Ceyhun MƏMMƏDOV

Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə 18 Oktyabr –Müstəqillik Gününə həsr olunmuş “Əlincədən İlandağa” devizi ilə yürüş keçirilib. Heydər Əliyev adına Hərbi Lisey, “Qapıçıq”, “Salvartı”, “Dərələyəz”, “Əlincə”, “İlandağ”, “Şahbuz”, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Dövlət Texniki Kollecinin komandalarının mübarizə apardığı yürüşdə 120-dən çox idmançı iştirak edib.
Tədbirin açılışında çıxış edən Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov tədbirin mahiyyətindən danışıb. Sonra Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədov çıxış edərək bildirib ki, bu cür yarışları keçirməkdə məqsəd gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, həmçinin onlara vətənpərvərlik hissini aşılamaqdır.
8 kilometr məsafədə zirvəyə yürüşdə hamıdan güclü olduğunu sübut edən Heydər Əliyev adına Hərbi Liseyin kursantı Qəşəm Cəfərov qalib adını qazanıb. Elə digər iki pillənin sahibləri də kursantlar olublar: Məmməd İsmayılov ikinci, Əkbər Rəhimov isə üçüncü olub. Komanda yarışında da ilk pilləni Hərbi Liseyin komandası tutub. Digər iki pillədə isə Naxçıvan Dövlət Universiteti və Naxçıvan Dövlət Texniki Kolleci qərarlaşıb.
Tədbirin sonunda Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Füzuli Hüseynli buradakı tarixi abidələr barədə idmançılara məlumat verib.
Sonda təşkilatçılar tərəfindən qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.

Ceyhun MƏMMƏDOV

Oktyabrın 15-də futbol üzrə Azərbaycan kuboku oyunlarının püşkatma mərasimi keçirilib. AFFA-nın inzibati binasında keçirilən tədbirdə 1/16 və 1/8 final mərhələsinin cütləri bəlli olub. Azərbaycan kuboku uğrunda oyunların keçirilməsinə oktyabrın 22-də start veriləcək. Cari ildə “Araz-Naxçıvan” futbol komandası kubok oyunlarına ikinci mərhələdən, daha dəqiq desək, 1/8 final mərhələsindən başlayacaq. Bu mərhələdə muxtar respublika təmsilçisinin rəqibi “Xəzər-Lənkəran” komandası olacaq. Görüş dekabrın 3-də Lənkəranda oynanılacaq və bu mərhələnin oyunları bir görüşdən ibarət olacaq.
Bu mərhələni adlayacağı təqdirdə “Araz-Naxçıvan” 1/4 finalda “İnter”- “Şahdağ” oyununun qalibi ilə qarşılaşacaq.

 Ceyhun MƏMMƏDOV

Topaz Premyer-Liqasının 8-ci turunda “Araz-Naxçıvan” futbol komandası doğma arenada “AZAL” futbol komandasını qəbul edəcək.
Oktyabrın 18-də Naxçıvan Muxtar Respublika Stadionunda baş tutacaq görüş saat 1500-də başlayacaq. Komandamız bu gün oyunun keçiriləcəyi stadionda son məşqinə çıxacaq və oyunun başlama saatını gözləyəcək. Muxtar respublika təmsilçisinin heyətində zədəli futbolçular, demək olar ki, tam sağalıblar və yalnız bu matçı zədəsi olan Hüseyn Axundov, Azərbaycanın 19 yaşlılardan ibarət millisinə dəvət olunan Budaq Nəsirov buraxmalı olacaqlar.
Rəqibə gəlincə, “AZAL” komandası bu gün Naxçıvana gələcək. “Təyyarəçilər” görüşün keçiriləcəyi stadionda məşqə saat 1700-də çıxacaqlar.

Ceyhun MƏMMƏDOV

Gənclərin ahəngdar və harmonik inkişafını təmin etmək müasir dövrün humanist ideyalarından biridir. Bunun üçün uşaq və yeniyetmələrin hərtərəfli inkişafı əsas şərtdir. Təbii ki, bu inkişafda insanın mənəvi və fiziki sağlamlığı mühüm rol oynayır. Məhz sağlamlığın qorunmasında idmanın geniş şəkildə yayılması, uşaqların bu sahəyə daha çox cəlb olunması əsasdır. Buna görədir ki, ölkəmizdə bu sahəyə xüsusi qayğı göstərilir.

Fiziki sağlamlıq mənəviyyatla yanaşı, vətənpərvərlik tərbiyəsinə də müsbət təsir edir. İdman fiziki sağlamlığın əsas amillərindən biridir. Bu sahə ilə məşğul olan uşaqlar dözümlü, iradəli olur, Vətənin müdafiəsində cəsarətlə iştirak edirlər. Naxçıvan Muxtar Respublikasında gənc nəslə yaradılan şərait onların gələcəyi üçün təminatdır. Ümumiyyətlə, gənclər adət-ənənələrimizin daşıyıcısı, milli-mənəvi dəyərlərimizin qoruyucusu, cəmiyyətin aparıcı qüvvəsidir. Bu qüvvənin fiziki və mənəvi sağlamlığı daim diqqətdə saxlanılır.

Ardını oxu...

Yaxın günlərdə Azərbaycanın gənclər və yeniyetmələrdən ibarət boks komandası Avropa çempionatına yollanacaq. Sevindirici haldır ki, qitə birinciliyinə yollanacaq dəri əlcək sahiblərindən ibarət millimizin heyətində iki Naxçıvan boksçusu da yer alacaq. Belə ki, Bakıda təlim-məşq toplanışında olan Tayfur Əliyev və Sərxan Əliyev Avropa çempionatına yollanmaq üçün sparinq döyüşləri keçiriblər. 56 kiloqram çəki dərəcəsində Tayfur Əliyev bütün rəqiblərinə qalib gələrək Azərbaycanı Avropa çempionatında təmsil etmək hüququ qazanıb. O, 17-23 oktyabr tarixlərində Xorvatiyanın Zaqreb şəhərində keçiriləcək gənclər arasında Avropa çempionatında mübarizə aparacaq.
Eləcə də 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Sərxan Əliyev qardaşının uğurunu təkrarlayıb və qitə birinciliyinə vəsiqə qazanıb. Sərxan 27 oktyabr-3 noyabr tarixlərində Rusiyanın Anapa şəhərində təşkil olunacaq yeniyetmələrin qitə birinciliyində rinqə çıxacaq.
İki boksçumuzla yanaşı, daha bir dəri əlcək sahibimiz də millimizin düşərgəsindədir. 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Nihad Orucov Azərbaycan yığmasının heyətində Türkiyəyə yollanıb.

Ceyhun MƏMMƏDOV

Şahbuz Şəhər Stadionunda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Şahbuz Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqillik Gününə həsr olunmuş məktəblilər arasında yüngül atletika üzrə rayon birinciliyi keçirilib. Qızlar və oğlanların mübarizə apardığı birincilikdə məktəblilər 100, 200, 400, 800 və 1500 metr məsafədə kimin güclü olduğunu nümayiş etdiriblər.
Oğlanların mübarizəsində 100 metr məsafəyə qaçışda Məmməd Şahgəldiyev, 200 metrdə Tacirəddin Məmmədov, 400 metrdə Ümid Cəfərov, 800 metrdə Elmar Novruzlu və 1500 metrdə Elnur Musayev finiş xəttinə hamıdan tez çatıblar.
Qızların yarışında isə müvafiq olaraq Selcan Məmmədova, Zəhra Quliyeva, Leyla Cəfərova və Nigar Misirli bütün rəqiblərini qabaqlayaraq birinciliyin qalibi adını qazanıblar.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

 Ceyhun MƏMMƏDOV

Ötən gün Babək rayonunda yeniyetmə qızlar və oğlanlar arasında müvafiq olaraq 1000 və 2000 metr məsafələrə kross qaçışı üzrə rayon birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən keçirilən və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Babək Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkil etdiyi turnir gərgin idman mübarizəsi ilə yadda qalıb. Yeniyetmə oğlanların yarışında 2000 metr məsafəni hamıdan tez qət edən Taleh İsmayılov birinciliyin qalibi adını qazanıb. Qızlar arasında isə Səkinə Əliyeva hamıdan güclü olduğunu sübut edib. O, 1000 metr məsafənin qırmızı lentinə hamıdan tez çatıb.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

 Ceyhun MƏMMƏDOV

Dünən Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Yeni Azərbaycan Partiyasının gənc üzvləri arasında futzal üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkil etdiyi turnirdə 8 komanda qüvvəsini sınayıb. Olimpiya sistemi üzrə keçirilən birincilikdə Şərur, Sədərək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Babək və Naxçıvan komandaları mübarizə aparıblar. Gərgin idman şəraitində keçən turnirdə finala Culfa və Naxçıvan futzalçıları vəsiqə qazanıblar.
Birinciliyin reqlamentinə əsasən, üçüncülük uğrunda oyun keçirilməyib və yarımfinala kimi yüksələn, lakin həlledici görüşə vəsiqə qazanmaq üçün meydana çıxaraq məğlub olan Sədərək və Ordubad komandaları birinciliyi üçüncü pillədə başa vurublar. Final görüşü isə gözlənildiyindən də gərgin keçib. Culfa rayonu və Naxçıvan şəhəri komandalarının matçında azarkeşlər yalnız bir qolun şahidi olublar. Belə ki, ilk hissədə naxçıvanlı futzalçıların yeganə qolu oyunun taleyini həll edib – 0:1. Bununla onlar Yeni Azərbaycan Partiyasının gənc üzvləri arasında futzal üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin qalibi adını qazanıblar.
Sonda qalib komandalara diplom, kubok və hədiyyələr təqdim olunub. Mükafatları gənclər və idman naziri Azad Cabbarov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov təqdim ediblər.

Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərində yerləşən “N” hərbi hissədə payız çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazı­ram” çoxnövçülüyü üzrə şəhər birinciliyi keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin təşkil etdiyi yarışda 13 tam orta məktəbin komandası iştirak edib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov bildirib ki, bu cür yarışların keçirilməsi gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rol oynayır.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Ruslan Quliyev və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin əməkdaşı Əli Kazımov çıxış edərək Naxçıvanda gənclərin bütün sahələrdə inkişafına göstərilən dövlət qayğısından danışıb, tədbir iştirakçılarına uğurlar diləyərək keçirilən yarış haqqında məlumat veriblər.
Poliatlon dördnövçülük proqramına uyğun olaraq, yarış 100 metr məsafəyə qaçış, 3000 metr kross, qumbaraatma və turnikdədartınma növləri üzrə keçirilib. Nəticəyə gəlincə, 16 nömrəli tam orta məktəbin komandası yarışın qalibi adını qazanıb. Birinciliyi 15 nömrəli tam orta məktəbin komandası ikinci, 1 nömrəli tam orta məktəbin komandası isə üçüncü pillələrdə başa vurublar.
Sonda yer tutan komandalara təşkilatçıların kubok və diplomları təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

2013-cü ildə Naxçıvanda 2 yeni idman federasiyası – Atıcılıq, Hava və Ekstremal İdman Növləri federasiyaları yaradılmışdır.
Artıq bir ildən çoxdur ki, hər iki federasiya fəaliyyət göstərir və bu idman növlərinin inkişafı üçün müəyyən işlər həyata keçirilir. Hava və Ekstremal idman növünə maraq ölkəmizdə son illər yaranıb. Ümumiyyətlə, Azərbaycanda bu federasiyanın əsası 2005-ci ildə qoyulub və əsas hədəfi Azərbaycanda hava və ekstremal idman növlərinin inkişaf etdirilməsidir. Federasiya yarandığı gündən etibarən Beynəlxalq İdman Dırmanması Federasiyasının üzvüdür.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR