22 Dekabr 2024, Bazar

“Karyeram ərzində 400-dən çox qol vurmuşam”, – veteran futbolçumuz Səməd Fərzəliyev belə deyir. Müasir futbol “qol maşını” axtardığı bir dövrdə Naxçıvan futbolu belə simaları, “qızıl ayaqlar”ı çox görüb, çox yetişdirib. Onlar hər zaman muxtar respublika naminə oynayıblar: hər bir çətinliyə dözüblər, səfər oyunlarında müqəddərat həll edən matçlarda meydana çıxıblar. Bəli, Naxçıvan futboluna görə bunu etmək onlar üçün vacib idi. Onlar karyeralarını yalnız bir komandaya – “Araz”a həsr etdilər.
Dünya futbolu yaşıl meydanlarda hər zaman ulduzlarını “sərgiləməkdən” heç vaxt yorulmayıb. Xüsusilə vurduqları qollarla komandalarına qələbə qazandıran hücumçular daim diqqəti cəlb ediblər. Bu baxımdan muxtar respublika futbolunun bəxti gətirib. Çünki öz futbol ənənəsi olan Naxçıvanda “sehrli ayaqlar” çox olub. Təsadüfi deyil ki, keçmiş SSRİ dövründə bu futbolçular doğma arenada qorxulu rəqibə çevriliblər.

O, top qovduğu illərdə bu cür oyunçulardan olub. Mükəmməl sürət, ideal ötürmə və güclü zərbələr – Səməd Fərzəliyevə xas olan xüsusiyyətlər. Lakin o, bəzi anlarda futbolçu olduğuna görə peşmançılıq hisləri çəkir: “Əslində, futbolçu olduğum üçün heç vaxt peşman olmamışam. Çünki futbol mənə çox şey bəxş edib – ən azından ölkə miqyasında tanınmışam. Ancaq bəzən indi düşünürəm ki, kaş başqa sahənin adamı olardım”.
Səməd müəllimin bu fikri kimlərsə üçün qaranlıq qala bilər. Maraqlıdır, görəsən, ömrünün 53 ilini futbola həsr edən bir şəxs niyə bu sahəni seçməyinə peşmandır? “Çünki futbol məni çox şeydən soyudub. Karyeramı hər şeydən üstün tutmuşam, bəzi anlar olub ki, sadəcə, düşündüyüm futbol olub. Məni muxtar respublikada digər idmançılardan fərqləndirən ən üstün cəhət də bu olub. Ancaq sonradan futbolda gördüyüm haqsızlıqlar bu sahəni seçməyimə peşman edib məni”.
25 ilə yaxın peşəkar futbolla məşğul olan biri, təbii ki, haqsızlıqla üzləşə bilər. Çünki bu, futbolun yazılmayan qanunudur: ədaləti təmsil edən hakimlər bəzən elə qərarlar veriblər ki, dünya ulduzu olan futbolçular bir anda karyeralarını bitiriblər. Veteran futbolçumuz da bu cür hallarla çox üzləşib: “Keçmişdə futbol oynamaq, məşq etmək üçün elə də şərait yox idi. Buna baxmayaraq, biz muxtar respublika naminə hər şeyə dözürdük, dözməli idik də. Çünki mən və mənim kimi onlarla futbolçu bu torpağın yetişdirməsi idi. Ədalətsiz qərarlarla tez-tez üzləşirdik, lakin yenə də qələbə üçün oynayırdıq. İndi futbolçuların yetişməsi üçün muxtar respublikada hər bir şərait yaradılıb: stadionlar tikilib, meydançalar salınıb, futbolçuların ixtiyarına komplekslər verilib”.­
Səməd müəllim “Araz”ın şərəfini qorumaqla yanaşı, həm də komandanın “sükanı arxasında” əyləşənlərdən olub. Məşqçilik dövründə onun ən çox çalışdığı, diqqət göstərdiyi məqam uşaq futbolu olub: “Uşaq futbolunun inkişafı üçün hər bir klubun şəxsi bazası olmalıdır. Bu, Naxçıvanda mövcuddur. Çalışdığım dövr ərzində uşaq futbolunu daim diqqətdə saxlamışam. Məhz bunun nəticəsidir ki, muxtar respublika Sahib Mirzəyev, Allahverdi Səfərov, İbrahim Qədimov, Məhərrəm Həsənov, Hafiz Əliyev, Böyükağa Hacıyev, İbrahim Rzayev kimi futbolçular yetişdirib. Bunların, eyni zamanda adlarını unutduğum bir çox futbolçunun uşaq məşqçisi olmuşam. O dövrdə Naxçıvanı təmsil edən uşaqlardan ibarət komanda keçmiş SSRİ-də keçirilən bir çox yarışın, turnirin qalibi olub. Ən yaddaqalanı isə komandamızın Çelyabinskdə keçirilən turnirdə SSRİ-də üçüncü yeri tutmasıdır”.
Uşaq futbolundan söz düşmüşkən, hazırda muxtar respublikada bu sahənin inkişafı üçün şərait yaradılıb. Səməd müəllimin fikrincə, qarşıdakı illərdə Naxçıvan yenidən Azərbaycan futboluna ulduz oyunçular bəxş edəcək: “Muxtar respublika rəhbərinin dəstəyi ilə hazırda Naxçıvanda uşaqların bu sahəyə maraq göstərməsi üçün hər bir imkan yaradılıb. Yaradılan şəraitdən məşqçilər maksimum istifadə etməlidilər. Bu diqqət nəticəsində sevimli komandamız “Araz-Naxçıvan” yenidən formalaşdı. Oyunlarını səhhətimlə bağlı meydançada izləyə bilmirdim, lakin keçmiş komandamın qazandığı hər bir uğura sevinirdim. Muxtar respublika futbolunu inkişaf etdirmək üçün bir olmalıyıq, yaradılan imkanlardan maksimum yararlanmalıyıq”.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR