20 May 2024, Bazar ertəsi

Yanvarın 26-da Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə ilk dəfə ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunlarının tanıtım kampaniyası çərçivəsində yeniyetmə və gənclərlə görüş olub.
Tədbirdə Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Tədbirin məqsədi məktəblilərə cari ilin iyun ayında ilk dəfə olaraq ölkəmizdə təşkil olunacaq Avropa Oyunları barədə məlumat vermək və onları idmana cəlb etməkdən ibarətdir.
Tədbirdə əvvəlcə Avropa Oyunlarına həsr edilmiş videoçarx nümayiş etdirilib.
Sonra tədbirin aparıcısı Lalə Eyvazova vurğulayıb ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda qazandığı nüfuz ilə birbaşa bağlıdır. Siyasi, iqtisadi və mədəni əhəmiyyəti ilə diqqəti cəlb edən bu hadisə həm də Azərbaycanın son illərdə idman sahəsində qazandığı uğurlara dəstək xarakteri daşıyır.

Təsadüfi deyil ki, 2002-ci ildən 36 nüfuzlu beynəlxalq yarışa ev sahibliyi edən Azərbaycanda sonuncu belə mötəbər tədbir 2014-cü ildə keçirilən bədii gimnastika üzrə Avropa çempionatı olub. Müstəqilliyinin bərpasından keçən 23 il ərzində 200-dən artıq atletlə Yay və Qış Olimpiya Oyunlarında təmsil olunan ölkəmiz bu günədək beynəlxalq arenalarda 2000-ə qədər medal qazanıb.
Aparıcı Avropa Oyunlarında iştirak edəcək ölkələr, istifadə ediləcək idman obyektləri və yarışa daxil edilən idman növləri barədə də ətraflı məlumat verib. Qeyd edilib ki, iyunun 12-dən 28-dək davam edəcək “Bakı-2015” ilk Avropa Oyunları bu qitə üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq. Ümumilikdə, 20 idman növü üzrə keçiriləcək bu mötəbər yarışların proqramına daxil edilən idman növlərindən 16-sı olimpiya, dördü qeyri-olimpiya idman növü olacaq. Avropa Oyunlarında Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkə­lərini təmsil edəcəyi gözlənilir.
Tədbirin ən maraqlı anı isə Avropa Oyunlarına daxil edilən idman növləri ilə bağlı keçirilən sorğu olub. Məktəblilər sorğuda fəallıq nümayiş etdiriblər. Sorğunun nəticəsində məlum olub ki, boks və voleybol ən çox sevilən idman növləri kimi Naxçıvanda yeniyetmə və gənclər arasında populyarlıq qazanıb.
Sonda “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin üzvləri tərəfindən məktəblilərə üzərində Birinci Avropa Oyunlarının loqo və simvolları əks olunan çanta və papaqlar hədiyyə edilib.
Qeyd edək ki, analoji tədbir həmin gün Kəngərli rayonunda da keçirilib.
Naxçıvana gələn “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin üzvləri həftə ərzində muxtar respublikanın şəhər və rayonlarında tanıtım kampaniyasını davam etdirəcəklər.
“İlk dəfə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının tanıtım kampaniyası artıq Azərbaycanın bütün bölgələrini əhatə edib. Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında da “Bakı-2015” ilk Avropa Oyunları barədə ümumi məlumatları gənclərimizə çatdırırıq. Biz muxtar respublikada gənclərin idmana və idman oyunlarına böyük maraq göstərdiklərinin bir daha şahidi olduq”. Bu sözləri “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov qəzetimizə müsahibəsində deyib.
Elçin Səfərov Birinci Avropa Oyunlarının tanıtım kampaniyasının təşkili ilə bağlı muxtar respublikada aparılan işlər barədə də danışaraq qeyd edib ki, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən Naxçıvanda bu tədbir ilə əlaqədar lazımi təşkilati işlər görülüb.
“Məqsədimiz ölkəmizin tarixində ilk dəfə baş verən bu əhəmiyyətli hadisəni yaddaşlara həkk etmək və bütün dünyanın diqqətini Azərbaycana cəlb etməkdir. Artıq 39 rayonda belə tanıtım kampaniyası keçirilib. Bu həftə ərzində isə Naxçıvan şəhərində və muxtar respublikanın bütün rayonlarında analoji tədbirlər keçiriləcəkdir”, – deyən E.Səfərov qeyd edib ki, Birinci Avropa Oyunları ilə bağlı aparılan tanıtım kampaniyası nəticəsində insanlar daha geniş məlumatlar əldə etmək imkanı qazanırlar.

Ceyhun MƏMMƏDOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR