Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş basketbol üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkil etdiyi birinciliyin açılış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov son illər muxtar respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb, basketbolçuları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Sonra Təhsil Şöbəsinin əməkdaşı Ruslan Quliyev və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Rauf Hüseynov çıxış edərək yarışın qaydaları haqqında məlumat verib, iştirakçılara uğurlar arzulayıblar.
14 komandanın iştirak etdiyi birincilik olimpiya sistemi üzrə keçirilib. Gərgin mübarizədən sonra 10 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərinə qalib gələrək birinciliyin qalibi adını qazanıb. Finalda məğlub olan 17 nömrəli tam orta məktəbin komandası ikinci, 14 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.
Ceyhun MƏMMƏDOV