22 Dekabr 2024, Bazar

Boksçumuz “Bakı-2015” Avropa Oyunlarına vəsiqə qazanıb

Məşhur Amerika filosofu Maykl Novak yazır: “İdmana əhəmiyyət verməmək olduqca vacib milli dəyərlərdən birini itirməkdir”. Doğrudan da, idman ümummilli dəyərdir. Hər bir dövlətin məqsədlərindən biri mövcud idman ənənəsini qoruyub inkişaf etdirməkdir. Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Gənc müstəqil bir dövlətin tez bir zamanda beynəlxalq idman arenalarında tanınmasında, bayrağının dalğalanmasında bu inkişafın payı böyükdür. Ölkənin bütün regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bu siyasət uğurla həyata keçirilir və qazanılan nailiyyətlər bir daha onu göstərir ki, blokada vəziyyətində yaşamasına baxmayaraq, sərhəd tanımayan idmançılarımız gündən-günə püxtələşməkdə davam edirlər.

Ölkənin ən güclü dəri əlcək sahibi: Tayfur Əliyev

Naxçıvan Muxtar Respublikasında idmanın bütün sahələrinin inkişafı, təşəkkül tapması son illər bu sahəyə gənclərin axınını da sürətləndirib. Muxtar respublika rəhbərinin qayğısı sayəsində idmançılarımız üçün müasir standartlara cavab verən təlim-məşq qurğularının tikilib istifadəyə verilməsi, Naxçıvanda yüksəksəviyyəli beynəlxalq yarışların və turnirlərin keçirilməsi, idmançılarımızın dünya arenasında qazandıqları qələbələr idmanın muxtar respublikada uğurlu inkişafından xəbər verir.

Bu idman növlərindən biri də boksdur. Naxçıvanın qədim boks ənənələri olub və bu gün bu ənənə gənc dəri əlcək sahibləri tərəfindən layiqincə davam etdirilir. Yeniyetmə və gənc boksçularımız dünya və Avropa rinqlərində, beynəlxalq turnirlərdə, yarışlarda qazandıqları uğurlarla Naxçıvan idmanının, eləcə də boksunun sürətli inkişaf yolu keçdiyini göstəriblər. Təbii ki, muxtar respublika boksunun dünya idman ailəsinə inteqrasiyasında bu sahənin maddi-texniki bazasının gücləndirilməsi də mühüm rol oynayır. Son illər yaradılan müasir idman infra­strukturu, eyni zamanda bu sahəyə göstərilən diqqət dəri əlcək sahiblərimizi ruhlandırıb.
2015-ci ilin ilk günlərində boksçumuz Tayfur Əliyevin ölkə miqyasında böyük uğur qazanması Azərbaycanda ajiotaj yaradıb. Son boks üzrə Azərbaycan çempionatı Şağan Olimpiya-İdman Kompleksində keçirilib və idman həvəskarları yazılan yeni tarixə şahidlik ediblər. Ölkənin 200-dən artıq ən mükəmməl döyüşçüsünün mübarizə apardığı kişilər arasında Azərbaycan çempionatında boksçumuz Tayfur Əliyev 56 kiloqram çəki dərəcəsində rinqə çıxıb.
Qeyd edək ki, Tayfurun hələ 17 yaşı var və o, yeniyetmə boksçu hesab edilir. Karyerası ərzində ilk dəfə kişilər arasında ölkə birinciliyində mübarizə aparmaq isə ona bu yaşında qismət oldu. Yarışın əsas məqsədi milli komandanın tərkib hissəsini və bu il Bakıda ilk dəfə keçiriləcək Avropa Oyunlarında iştirak edəcək idmançıları müəyyənləşdirmək idi. Təbii ki, sonuncu nüans yarışın daha çətin keçəcəyindən xəbər verirdi. Boksçumuz Tayfur Əliyev həll­edici döyüşdə iştirak etmək üçün 4 rəqibini məğlub edib. Finalda isə onu daha çətin rəqib – uzun illər boks üzrə Azərbaycan yığmasının kapitanı olan Rəhim Nəcəfovla döyüş gözləyirdi. Həlledici qarşılaşmada rəqibinə aman verməyən dəri əlcək sahibimiz hər üç raundda qalib gələrək ilk dəfə kişilər arasında ölkə çempionu adını qazanıb. Qızıl medalı boynuna asan Tayfur Əliyev həm də çempionatın ən texnikalı boksçusu üçün təsis edilən kuboku başı üzərinə qaldırıb. Bu qələbə ona eyni zamanda 12-28 iyun tarixlərində keçiriləcək “Bakı-2015” Avropa Oyunlarına vəsiqə qazandırıb.

Avropa Oyunlarının ilk naxçıvanlı idmançısı

Artıq Azərbaycan boks tarixində bir ilkə imza atan, 15 yaşında Azərbaycan Respublikasının idman ustası adını qazanan və bütün ölkəni öz döyüş üslubu ilə heyran qoyan Tayfur Əliyevin indi bir məqsədi var: “Bakı-2015” Avropa Oyunlarında bu uğuru təkrarlamaq.
– Artıq 10 ildən çoxdur ki, boksla məşğul oluram. Son olaraq qazandığım uğuru hər zaman arzu etmişəm. Çünki hələ karyerama başlamamışdan əvvəl qarşıma bir məqsəd qoymuşdum: öz çəkimdə Azərbaycanın ən yaxşı boksçusu olmaq. Buna nail olmaq üçünsə daim çalışmalısan. Güman edirəm ki, uzun illərdir, çalışmağımın bəhrəsini yavaş-yavaş görürəm.
– Səhv etmirəmsə, bu çempionluq sənin karyeranda ilk deyil...
– Bəli. Bundan öncə mən yeniyetmə və gənclər arasında 6 dəfə Azərbaycan çempionu olmuşam. Uzun müddətdir ki, kişilər arasında keçiriləcək ölkə çempionatında çıxış etmək üçün hazırlaşırdım. Karyeram ərzində ilk dəfə çıxış etdiyim turnirin qalibi adını qazanmaq məni çox sevindirdi. Bundan əlavə, 2011-ci ildə Qroznıda keçirilən boks üzrə yeniyetmələr arasında Avropa çempionu oldum. 2013-cü ildə isə gənc­lər arasında Anapada keçirilən Avropa birinciliyində gümüş medal qazandım. Mənim üçün ən dəyərli kuboku isə 2013-cü ildə əldə etdim. Analoji olaraq hər il keçirilən “Prezident Kuboku”nda 2012-ci ildə qalib olsam da, 2013-cü ildə turnirin ən yaxşı boksçusu üçün təsis edilən kubokun sahibi oldum.
– Artıq “Bakı-2015” Avropa Oyunlarına vəsiqəni təmin etmisən. Qarşıdakı aylarda səni hansı turnirlərdə çıxış gözləyir?
– Gələn ay Macarıstanda kişilər arasında beynəlxalq turnir keçiriləcək. Həmçinin Rusiyanın Moskva şəhərində daha bir beynəlxalq turnirdə çıxışımız gözlənilir. Bununla yanaşı, Avropa Oyunlarından öncə millinin düşərgəsində təlim-məşq toplanışında çıxış edəcəyəm.
– Naxçıvan idman tarixində bir ilkə imza atdın və Avropa Oyunlarında iştirak etmək hüququ qazandın. Bu barədə nə deyərdin?
– İlk olaraq, idmana və idmançılara göstərdiyi qayğıya, yaratdığı şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm. Həmçinin Boks Federasiyasına, Gənclər və İdman Nazirliyinə daim mənə dəstək olduqları üçün minnətdaram. Hər kəs mənə inandı və etimadı doğrultduğum üçün xoşbəxtəm.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR