Muxtar respublikanın zəka sahibləri Avropanı fəth edir
Azərbaycanda geniş yayılmış idman növlərindən biri olan şahmat zəngin tarixi ənənələri ilə xalqımızın mədəniyyətində özünəməxsus yer tutur. Ötən əsrin 70-ci illərindən etibarən şahmat sahəsində əldə edilən nailiyyətlər, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan qələbələr ölkəmizdə şahmata marağı daha da artırıb. Şahmatçılarımızın uğurları və şahmat idman növü üzrə mövcud potensial bu idman növünün gələcəyinin təmin edilməsi istiqamətində konkret tədbirlərin görülməsini zəruri edirdi. Bu məqsədlə ölkə başçısı cənab İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq olunan “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” vətənimizdə şahmatın daha da inkişaf etdirilməsi və beynəlxalq yarışlarda yeni nailiyyətlərin qazanılmasına əsaslı stimul verib. Təsdiq olunan bu dövlət proqramı Naxçıvan Muxtar Respublikasında da şahmatın inkişafına, geniş yayılmasına və kütləviliyə şərait yaradıb.
Naxçıvanda...
Ötən il naxçıvanlı zəka sahiblərinin qazandıqları uğurlarla da yaddaqalan olub. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Gənclər və İdman Nazirliyi ilə birgə 2014-cü ildə bir çox yarış təşkil etməklə gənc və yeniyetmələrin bu sahəyə cəlb edilməsində müəyyən nailiyyətlər əldə ediblər. Zəka sahiblərimiz ötən il 50-yə yaxın yarışda, turnirdə çıxış edib ki, bu da şahmatın muxtar respublikada nə dərəcədə inkişaf etdiyindən xəbər verir.
Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev bizimlə söhbətində, ilk olaraq, 2014-cü ildə muxtar respublikada keçirilən yarışlar barədə məlumat verdi: “2014-cü il muxtar respublika şahmatçıları üçün uğurlu il kimi tarixə düşdü. Zəka sahiblərimiz istər ölkədaxili, istərsə də beynəlxalq turnirlərdə böyük qələbələr qazanmaqla şahmatın muxtar respublikada sürətlə inkişaf etdiyini bir daha sübuta yetirdilər. Naxçıvan Şahmat Mərkəzində, ilk olaraq, 3-7 və 30-31 yanvar tarixlərində muxtar respublika birinciliyi keçirildi. Fevral ayında isə Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə bağlı məktəblilər arasında şahmat üzrə birincilik keçirildi. Federasiyanın təşkil etdiyi ən böyük turnir isə artıq ənənə halını alan “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalı oldu. 3-13 may tarixlərində Naxçıvan Şahmat Mərkəzində keçirilən və ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş festivalda 8 ölkədən 22 nəfər qrossmeyster, 15 usta, 6 FİDE ustası olmaqla, ümumilikdə, 292 şahmatçı mübarizə aparıb. Naxçıvan Muxtar Respublikasından 66 şahmatçı bu yarışda iştirak edib, 11 şahmatçımız mükafata layiq görülüb”.
Ötən ilin ikinci yarısında Naxçıvan Muxtar Respublikasının bütün şəhər və rayonlarında şahmatın kütləviləşməsi məqsədilə müəyyən tədbirlər görülüb, yarışlar keçirilib. Federasiyanın sədr müavini bildirdi ki, ilin ikinci yarısında qurum adıçəkilən nazirliklə birlikdə keçirdikləri yarışların sayını artırıb. Sentyabr ayında Naxçıvan Şahmat Mərkəzində beynəlxalq reytinqli turnir keçirilib və 5 nəfər kiçikyaşlı şahmatçımız beynəlxalq reytinq qazanıb. Həmçinin analoji turnir 18-24 noyabr tarixlərində də baş tutub. Belə ki, beynəlxalq reytinqli şahmat yarışında bir neçə gənc şahmatçımız beynəlxalq reytinq qazanıb.
28 sentyabr-5 oktyabr tarixlərində Naxçıvan Şahmat Mərkəzinin kuboku uğrunda reytinq yarışı təşkil olunub. 6-8 noyabr tarixlərində isə keçirilən seçmə yarışlarda 146 zəka sahibi qüvvəsini sınayıb və onların 12-si Azərbaycan çempionatının seçmə yarışlarına vəsiqə əldə edib. Şahmat yarışları təkcə Naxçıvan şəhərində deyil, həmçinin muxtar respublikanın Sədərək, Şahbuz, Ordubad rayonlarında da keçirilib.
...Ölkədə...
Muxtar respublikanın zəka sahibləri əldə etdikləri uğurları ölkə miqyasında keçirilən turnirlərdə də təkrarlayaraq bütün diqqətləri öz üzərlərinə cəlb etməyi bacarıblar. Şahmatçılarımız ötən il ölkədaxili yarışlarda hamıdan güclü olduqlarını sübut ediblər. İlin ilk ayında Şəmkir şəhərində keçirilən Azərbaycan çempionatının final mərhələsinə 16 şahmatçı ilə yollanan idmançılarımızdan Pərviz Qasımov və Sadiq Məmmədov öz yaş qruplarında ikinci yerlərə layiq görülüblər. Bu uğurla kifayətlənməyən S.Məmmədov 2-12 iyun tarixlərində Bakı şəhərində keçirilən Azərbaycan çempionatının final mərhələsində və Vüqar Həşimovun xatirəsinə həsr edilmiş beynəlxalq şahmat turnirində də mükafatçılar sırasına düşüb.
11-22 iyul tarixlərində İsmayıllı şəhərində 16 yaşadək şahmatçılar arasında keçirilən respublika şahmat olimpiadasına 9 şahmatçı ilə yollanan muxtar respublika təmsilçiləri 576 şahmatçı arasında yenə uğur əldə edərək göstərilən diqqət və qayğının hədər yerə getmədiyini sübut ediblər. Belə ki, Sadiq Məmmədov 12 yaşadək şahmatçıların iştirak etdiyi “B” turnirində ikinciliklə kifayətləndiyi halda, Pərviz Qasımov bütün rəqiblərini məğlub edərək olimpiadanın qalibi adını qazanıb.
24 iyul-2 avqust 2014-cü ildə Bakı şəhərindəki turnirdə 3 şahmatçımız iştirak edib. Şahmatçımız Sadiq Məmmədov turnirin mükafatçılarından biri olub.
...və dünyada qazanılan uğurlar
Şahmatçılarımız ölkə miqyasında keçirilən yarışlarda uğur qazanmaqla yanaşı, həm də beynəlxalq dərəcəli turnirlərə vəsiqə əldə ediblər və keçirilən yarışlarda mükafatlar qazanıblar. FİDE hakimi, Naxçıvan Şahmat Federasiyasının sədr müavini Emin Hacıyevin dediklərindən: “Şahmatçılarımız 2014-cü ildə bir çox beynəlxalq turnirə dəvət almışlar. Onların əksəriyyətində çıxış edən idmançılarımızın uğurlu nəticələri bizi sevindirməyə bilməz. Mart ayında Urfan Sevdimalıyev Rusiyanın Tula şəhərində keçirilən beynəlxalq yarışda iştirak etdi və beynəlxalq qrossmeyster normasının birinci balını aldı. May ayının 25-dən 29-na kimi Gürcüstanın Tbilisi şəhərində keçirilən beynəlxalq yarışda isə şahmatçımız Zahid Allahverdiyev 7 yaşlı şahmatçılar arasında ən yaxşı nəticə göstərərək birinci yerə layiq görüldü. Şahmatçılarımız üçün ilin ən uğurlu yarışı Yunanıstanın Kavala şəhərində keçirilən yarış olub. Belə ki, bu şəhərdə məktəblilər arasında keçirilən Avropa çempionatında 7 şahmatçı iştirak edib. Bu şahmatçılardan Pərviz Qasımov gümüş medal qazanıb. Ümumiyyətlə, keçirilən yarışlara nəzər yetirsək, Türkiyənin Manisa şəhərində Elvin Namazlının, Birləşmiş Ərəb Əmirliklərində və Gürcüstanda Pərviz Qasımovun qazandığı uğur muxtar respublika şahmatçılarının gücündən xəbər verir”.
Sonda federasiyanın sədr müavini muxtar respublika rəhbərinə şahmata və zəka sahiblərinə göstərdiyi diqqətə görə minnətdarlığını bildirdi: “Naxçıvan idmanı son illər özünün ən yüksək zirvəsindədir. Təbii ki, bunda ən böyük amil göstərilən dövlət qayğısıdır. Ötən il Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə tədbir keçirildi. Muxtar respublika rəhbərinin qayğısı ilə tədbirdə 93 qabaqcıl şahmat müəlliminə və şahmat məktəbinə, ümumilikdə, 112 kompüter dəsti verildi, bütün ümumtəhsil məktəblərinə 6 cilddə şahmat kitabları paylanıldı. Bütün bunlar şahmat idman növünün sürətli inkişafına stimul olan amillərdəndir.
Ceyhun MƏMMƏDOV