Dünən Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin idman zalında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş VIII, IX, X və XI sinif şagirdləri arasında voleybol yarışının final görüşü keçirilib. Dekabrın 1-də start verilən voleybol yarışında məktəbin on sinfi mübarizə aparıb və yarış olimpiya sistemi üzrə təşkil edilib. Məktəbin bu turniri keçirməsində əsas məqsəd voleybol idman növünü yeniyetmə və gənc oğlanlar arasında təbliğ etmək, həmçinin istedadlı voleybolçuları üzə çıxarıb Naxçıvan idmanına qazandırmaq olub.
Final görüşündən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Aygün Hüseynova çıxış edərək bu cür turnirlərin məktəb daxilində mütəmadi olaraq təşkil edildiyini bildirib. Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Ruslan Quliyev və məktəbin müəllimi Emil Babayev yarış iştirakçılarına yarış haqda məlumat verərək idmançılara uğurlar arzulayıblar.
Həlledici qarşılaşmada məktəbin X və XI sinif şagirdləri üz-üzə gəliblər. Bu görüşdə daha üstün oyun sərgiləyən XI sinif komandası yarışın qalibi adını qazanıb.
Sonda qalib komandanın üzvlərinə diplomlar təqdim olunub.
Ceyhun MƏMMƏDOV