Naxçıvan idmançılarının ölkə daxilində qazandığı uğurlara daha biri əlavə olunub. Belə ki, oktyabrın 22-də Qəbələdə start götürən “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Azərbaycan çempionatının final mərhələsinə dünən yekun vurulub. Ölkənin müxtəlif bölgələrindən 14 komandanın mübarizə apardığı çempionatda muxtar respublikanı Şərur şəhər 2 nömrəli tam orta məktəbin komandası təmsil edib. Muxtar respublika çempionu Azərbaycan birinciliyində də uğurlu çıxışı ilə yadda qalıb.
Final mərhələsinə ciddi hazırlaşan məktəblilərimiz çempionatı üçüncü pillədə başa vurublar. Şərur şəhər 2 nömrəli tam orta məktəbin komandası yalnız Bakı və Sumqayıt məktəblilərindən geri qalıb.
Yarışın son günündə qalib komandalara Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən kubok və diplomlar təqdim olunub.
Ceyhun MƏMMƏDOV