22 Dekabr 2024, Bazar

2013-cü ildə Naxçıvanda 2 yeni idman federasiyası – Atıcılıq, Hava və Ekstremal İdman Növləri federasiyaları yaradılmışdır.
Artıq bir ildən çoxdur ki, hər iki federasiya fəaliyyət göstərir və bu idman növlərinin inkişafı üçün müəyyən işlər həyata keçirilir. Hava və Ekstremal idman növünə maraq ölkəmizdə son illər yaranıb. Ümumiyyətlə, Azərbaycanda bu federasiyanın əsası 2005-ci ildə qoyulub və əsas hədəfi Azərbaycanda hava və ekstremal idman növlərinin inkişaf etdirilməsidir. Federasiya yarandığı gündən etibarən Beynəlxalq İdman Dırmanması Federasiyasının üzvüdür.

Hava və Ekstremal İdman Növləri Federasiyası özündə ən çətin və ekstremal idman növlərini birləşdirir. Bu növləri seçənlər qar-buz uçqunları, sürüşmələr, çovğun, hündürlükdə oksigen çatışmazlığı, mənfi temperatur kimi əngəllərlə, həyati təhlükələrlə üzləşirlər. Bu idman növü özlüyündə müəyyən qruplara bölünür. Adından da göründüyü kimi, daha çox təhlükəni, ekstremi sevən bu sahə daha çox gəncləri özünə cəlb edir. Bu sahəyə hava (paraşüt, paraplan, motoparaplan, deltaplan, motodeltaplan), dağ (alpinizm, qayayadırmanma, buzadırmanma), su (dayvinq, skuter), texniki idman növləri (motosiklet yürüşləri, velosiped yürüşləri, kvadrasikl, qar kvadrasikl) və ekstremal turizm (piyada turizm, dağ turizm, spelio turizm) daxildir.
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası yarandığı gündən bir çox tədbirlər həyata keçirib və gənc­ləri bu sahəyə cəlb etmək, onlarda bu idman növünə marağı artırmaq üçün müəyyən işlər görüb. Qurumun sədr müavini Azər Məmmədov bizimlə söhbətində, ilk olaraq, federasiyanın ötən il gördüyü işlərdən danışdı: “Federasiya yeni yaranmasına baxmayaraq, artıq bir çox tədbirlər, yarışlar təşkil edib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə federasiyamız ilk tədbirini ötən il aprelin 20-də keçirdi. Daha sonra mayın 30-da ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Əlincə qalasına yürüş oldu. Həmçinin ötən il daha 4 yarış təşkil etdik. Təbii ki, təşkil etdiyimiz yarışları Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirdik”.
Federasiyanın sədr müavini cari ilin ötən dövründə də mütəmadi olaraq bu cür yarışlar təşkil etdiklərini vurğuladı. O bildirdi ki, təşkil olunan yarışlar, əsasən, dağ və ekstremal növlərə aiddir. Çünki hava növlərində keçirilən yarışlarda iştirak etmək üçün ən az halda 6 ay paraşütdən tullanmaq üçün məşq etməlisən. Bunun üçün müəyyən qurumlarla danışıqlarımız olub və qarşıdakı aylarda hava idman növlərinin də yarışları təşkil ediləcək. Yarışlar fərdi qaydada olduğu üçün idmançılardan, ilk olaraq, könüllü ərizə və sağlamlıqları haqqında arayış tələb olunur. Bir də onu qeyd edim ki, federasiyanın keçirdiyi turnirlərdə yalnız 16 yaşdan yuxarı idmançılar iştirak edirlər.
Azər Məmmədov bildirdi ki, idmançılar təkcə muxtar respublikada keçirilən yarışlarda deyil, ölkədaxili turnirlərdə də uğurla çıxış ediblər: “İdmançılarımız Quba şəhərində keçirilən yarışda layiqli mübarizə apardılar. Dağ idman növlərində Şahdağ silsiləsinin Heydər Əliyev zirvəsini (3751 metr) qət etmək bacarığını bizim iki idmançımız – Yadigar Məmmədov və Amin Babayev nümayiş etdirdi. 500 idmançının mübarizə apardığı sürətli dırmanmada A.Babayev 3-cü, Y.Məmmədov isə 9-cu yerə çıxdı. Onu da qeyd edim ki, komandaların yarışında Naxçıvan komandası turniri ikinci pillədə başa vurdu”.
Hazırda Naxçıvan Muxtar Respublikasında bu idman növü ilə 170-dən çox idmançının məşğul olduğunu vurğulayan federasiyanın sədr müavini qarşıdakı yarışlar barədə də məlumat verdi: “Federasiyanın məqsədi bu idman sahəsini muxtar respublikada geniş yaymaqla yanaşı, həm də gənclərimizə tarixi abidələrimiz barədə məlumat verməkdir. Keçirdiyimiz yarışlarda Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları da iştirak edir və onlar yürüş keçirdiyimiz yerlərin tarixi haqda idmançılara ətraflı məlumatlar verirlər. Qarşıdakı yarışlara gəlincə, oktyabrın 18-də federasiya Gənclər və İdman Nazirliyi ilə birgə yarış keçirəcək və bu, Əlincəqalaya yürüş olacaq”.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR