Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə 18 Oktyabr –Müstəqillik Gününə həsr olunmuş “Əlincədən İlandağa” devizi ilə yürüş keçirilib. Heydər Əliyev adına Hərbi Lisey, “Qapıçıq”, “Salvartı”, “Dərələyəz”, “Əlincə”, “İlandağ”, “Şahbuz”, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Dövlət Texniki Kollecinin komandalarının mübarizə apardığı yürüşdə 120-dən çox idmançı iştirak edib.
Tədbirin açılışında çıxış edən Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov tədbirin mahiyyətindən danışıb. Sonra Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədov çıxış edərək bildirib ki, bu cür yarışları keçirməkdə məqsəd gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, həmçinin onlara vətənpərvərlik hissini aşılamaqdır.
8 kilometr məsafədə zirvəyə yürüşdə hamıdan güclü olduğunu sübut edən Heydər Əliyev adına Hərbi Liseyin kursantı Qəşəm Cəfərov qalib adını qazanıb. Elə digər iki pillənin sahibləri də kursantlar olublar: Məmməd İsmayılov ikinci, Əkbər Rəhimov isə üçüncü olub. Komanda yarışında da ilk pilləni Hərbi Liseyin komandası tutub. Digər iki pillədə isə Naxçıvan Dövlət Universiteti və Naxçıvan Dövlət Texniki Kolleci qərarlaşıb.
Tədbirin sonunda Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Füzuli Hüseynli buradakı tarixi abidələr barədə idmançılara məlumat verib.
Sonda təşkilatçılar tərəfindən qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.
Ceyhun MƏMMƏDOV