Topaz Premyer-Liqasının VIII turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası doğma azarkeşlər qarşısında “AZAL” futbol komandasını qəbul etdi. Bu oyun muxtar respublika təmsilçisi üçün böyük əhəmiyyət kəsb edirdi. Son günlər zədəli futbolçuları olan Naxçıvan klubu Bakı təmsilçisi ilə oyuna əsas heyətlə çıxmışdı. Odur ki, stadiona toplaşan azarkeşlər qırmızı-ağların mükəmməl oyununun şahidi oldular.
Fərqli heyət
“Araz-Naxçıvan” futbol komandasının baş məşqçisi Əsgər Abdullayev bu dəfə meydana tam fərqli heyət çıxarmışdı. Qapını Kamal Bayramova həvalə edən baş məşqçi müdafiə xəttinin mərkəzində Ruslan Zamanovla Saşa Yunisoğluna bel bağlamışdı. Cinahlarda isə Emin Cəfərquliyev və Tural Hümbətov oyun ərzində hücuma daim dəstək verməklə yanaşı, həm də müdafiə xəttində aktivlikləri ilə seçilirdilər. Uzun müddətdən sonra zədəsini tam sağaldan Tərlan Xəlilov bu görüşdə dirijorluq funksiyasını öz üzərinə götürmüşdü. Eşqin Quliyevlə Aqil Nəbiyev bu mövqedə paylayıcı yarımmüdafiəçi vəzifəsini yerinə yetirirdilər. Hücumun cinahlarında Ramal Hüseynov və Elmin Çobanov, sivri ucda isə Bəxtiyar Soltanov yer almışdı.
Rəqibə gəlincə, “AZAL” futbol komandası Naxçıvana tam heyətlə gəlmişdi. Hədəfi muxtar respublikanı 3 xalla tərk etmək idi. Bunun üçün baş məşqçi Tərlan Əhmədov meydana buraxdığı heyətdə üstünlüyü legioner futbolçulara vermişdi ki, bu da onların atletik futbol oynamalarına işarə idi. Lakin sürətli hücum və müdafiədə sayıqlıq alınmayınca baş məşqçi tez-tez futbolçuların mövqelərini dəyişməyə məcbur olurdu.
Üstün oyun, bir xal
Oyun “Araz-Naxçıvan” komandası üçün yaxşı başladı. Doğma meydanda tez bir zamanda hesabı açmağa çalışan qırmızı-ağlar ilk 3 dəqiqə ərzində rəqib qapısı önündə iki təhlükəli vəziyyət yaratdılar. Əvvəlcə Elmin Çobanovun, ardınca Ramal Hüseynovun zərbələri bir qədər qeyri-dəqiq alındı. Az sonra isə bütün diqqətlər Bəxtiyar Soltanova yönəldi. Onun sağ cinahdan sürətli hücumunun qarşısını isə qapıçı Ruslan Məcidov aldı. Təbii ki, hesabı açmaq cəhdləri tez-tez müdafiədə boşluqların da yaranmasına səbəb olurdu. Belə məqamların birində rəqib futbolçu cərimə meydançasında kobudluqla üzləşdi. Referi Fariz Yusifov isə tərəddüdsüz olaraq 11 metrlik penalti nöqtəsini göstərdi. Topa yaxınlaşan Rəşad Abdullayev qonaqları hesabda önə keçirdi – 0:1. Bu qol baş məşqçi Əsgər Abdullayevi taktiki gedişdə dəyişiklik etməyə məcbur etdi: David oyuna daxil edildi. Hücum xəttində komandamız bir neçə təhlükəli vəziyyətdən yararlana bilmədi.
Nəhayət, 44-cü dəqiqədə muxtar respublika təmsilçisi istəyini gerçəkləşdirdi. Künc zərbəsində edilən asmaya əvvəlcə Elmin başla toxundu və müdafiə xəttinin çaşqınlığından istifadə edən David “status-kvo”nu bərpa etdi – 1:1.
İkinci hissə meydan sahibləri üçün heç də yaxşı başlamadı. Rəqibin ilk hücumundaca Kamal Bayramov topu qapıdan çıxarmağa məcbur oldu. Eduardo Mariel cərimə meydançasında yaranan boşluqdan maksimum istifadə etdi – 1:2. Məğlubiyyətlə barışmaq istəməyən “Araz-Naxçıvan” bir dəqiqə sonra yenidən hesabı bərabərləşdirə bilərdi. Belə ki, Tərlan Xəlilovun cərimə zərbəsində etdiyi asmada hamıdan yüksəyə tullanan Saşa Yunisoğlu topu başla qapıya göndərsə də, qapıçının mükəmməl reaksiyası topun qapı xəttindən keçməsinə imkan vermədi. 63-cü dəqiqədə azarkeşlər yenidən ayağa qalxdılar. Bəxtiyar Soltanov Tərlanın gözlənilməz ötürməsindən sonra qapıçını da keçib topu qapıya göndərdi – 2:2. Oyunda, demək olar ki, tam üstünlüyə yiyələnən komandamız qələbə qolunu da vura bilərdi. Son dəqiqələrdə Bəxtiyarın başlatdığı sürətli hücum zamanı qapıçı ilə təkbətək qalan Tərlan toru silkələyə bilmədi. Onun zərbəsi qapı tirinə tuş gəlincə hakim 90 dəqiqənin başa çatdığını bildirən fiti səsləndirdi. Bununla, “Araz-Naxçıvan” cari mövsümdə doğma arenada keçirdiyi 3-cü görüşündə ilk heç-heçəsini aldı.
Qeyd edək ki, komandamız növbəti turda “Simurq”la qarşılaşacaq. Oyun oktyabrın 25-də Zaqatalada keçiriləcək.
Ceyhun MƏMMƏDOV