22 Dekabr 2024, Bazar

Gənclərin ahəngdar və harmonik inkişafını təmin etmək müasir dövrün humanist ideyalarından biridir. Bunun üçün uşaq və yeniyetmələrin hərtərəfli inkişafı əsas şərtdir. Təbii ki, bu inkişafda insanın mənəvi və fiziki sağlamlığı mühüm rol oynayır. Məhz sağlamlığın qorunmasında idmanın geniş şəkildə yayılması, uşaqların bu sahəyə daha çox cəlb olunması əsasdır. Buna görədir ki, ölkəmizdə bu sahəyə xüsusi qayğı göstərilir.

Fiziki sağlamlıq mənəviyyatla yanaşı, vətənpərvərlik tərbiyəsinə də müsbət təsir edir. İdman fiziki sağlamlığın əsas amillərindən biridir. Bu sahə ilə məşğul olan uşaqlar dözümlü, iradəli olur, Vətənin müdafiəsində cəsarətlə iştirak edirlər. Naxçıvan Muxtar Respublikasında gənc nəslə yaradılan şərait onların gələcəyi üçün təminatdır. Ümumiyyətlə, gənclər adət-ənənələrimizin daşıyıcısı, milli-mənəvi dəyərlərimizin qoruyucusu, cəmiyyətin aparıcı qüvvəsidir. Bu qüvvənin fiziki və mənəvi sağlamlığı daim diqqətdə saxlanılır.

1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra xalqımızın həyatında yeni bir dövr başladı və idman sahəsində köklü dəyişikliyin əsası qoyuldu, gənclərin fiziki və mənəvi inkişafına nail olmaq üçün mühüm qərarlar qəbul edildi. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan idmanı özünün yeni inkişaf dövrünə qədəm qoydu. İdmanı dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi səciyyələndirən, onu ümummilli mədəniyyətin tərkib hissəsi kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycanda idmanın maddi-texniki bazası möhkəmləndi, bu sahə daim diqqətdə saxlanıldı. Ümummilli liderimiz deyirdi: “Fiziki sağlamlıq və fiziki güc mənəvi sağlamlıqla bərabər, Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir. Amma bu xüsusiyyət həmişə bizim daxilimizdə qalıbdır. Keçmiş dövrlərdə pəhləvanlarımız da, güləşçilərimiz də, oxatanlarımız da fiziki imkanlarını cürbəcür oyunlarda nümayiş etdirənlərimiz olubdur. Ancaq məlum olan səbəblərə görə bunlar yalnız ölkəmizin çərçivəsində qalıb, dünya miqyasına çıxmayıbdır”.
Gənclərin fiziki sağlamlığını ən vacib məsələ kimi önə çəkən ulu öndər bilirdi ki, Vətənimizin keşiyində yalnız fiziki cəhətdən sağlam gənclər dura bilərlər. Onun yürütdüyü siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Hər bir idmançını böyük arenalara aparan yol uşaq idmanından başladığı üçün ölkəmizdə, eləcə də muxtar respublikamızda uşaq idmanına xüsusi qayğı göstərilir. Uşaqların fiziki inkişafında, vətənpərvər ruhda böyümələrində böyük rol oynayan idmanın inkişafı bu gün vacib məsələlərdən biri kimi muxtar respublika rəhbərinin daim diqqətindədir. İndi Naxçıvanda yaradılan idman cəmiyyətləri, idman növləri üzrə fəaliyyət göstərən federasiyalar, təhsil ocaqları bu inkişafa öz töhfələrini verirlər. İdmanın inkişafında uşaq-gənclər idman məktəblərinin rolu böyükdür. Hazırda muxtar respublikadakı idman məktəblərində təcrübəli məşqçilər tərəfindən uşaq və gənclərə idmanın sirləri aşılanır. Belə idman məktəbləri minlərlə uşaq, yeniyetmə və gəncə müxtəlif idman növlərinin sirlərini aşılamaqla yanaşı, həm də gələcək nəslin sağlam böyüməsində mühüm rol oynayır.
Hər bir fərdin şəxsiyyət kimi formalaşmasında, onun əsl vətəndaş kimi yetişməsində fiziki tərbiyə və idmanın böyük rolu var. İdman yeniyetmə və gənclərin milli mənlik şüurunun, vətənpərvərlik və mübarizlik hisslərinin formalaşmasında xüsusi rol oynayır. Vətənpərvərlik böyük məfhumdur. Vətənpərvərlik tərbiyəsi uşaqların milli mənlik şüurunun, dünyagörüşünün formalaşması və inkişafına, həmçinin onların həyat hadisələrini düzgün dərk etmələrinə imkan verir. Mənlik hissi, daha dəqiq desək, milli mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini ifadə edir. Ölkəmizdə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ümummilli lider Heydər Əliyevin diqqət yetirdiyi ən vacib məsələlərdən biri olub. Azərbaycanın müstəqilliyi, gələcək müqəddəratı üçün uşaq və gənclərin sağlamlığı, sağlam gənc nəslin yetişməsi üçün bu, son dərəcə vacib məsələ idi. Gənc­lərin vətənpərvərlik, Vətənə, dövlətə sədaqət və onun ərazi bütövlüyünün qorunması ruhunda tərbiyə olunmaları müharibə şəraitində yaşayan ölkəmizdə günümüzün vacib məsələlərindəndir.
Bu gün Naxçıvan Muxtar Respublikasında uşaq və gənclərin fiziki və mənəvi inkişafı, onların sağlam həyat tərzi yaşamaları, zərərli vərdişlərdən uzaq olmaları diqqət mərkəzində saxlanılır. Məhz bu proses idmanla tənzimlənir. Muxtar respublikamızda tədris olunan idman növləri gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində böyük rol oynayır. Dünya təcrübəsi göstərir ki, ekstremal şəraitdə özlərini sınayan gənclər fiziki cəhətdən daha sağlam olur, çeviklik və cəsarətli olmaqla fərqlənirlər.
Son illər muxtar respublikada keçirilən beynəlxalq yarışlar, turnirlər onu göstərir ki, ulu öndərimiz tərəfindən əsası qoyulan idman siyasəti bu gün Naxçıvanda layiqincə davam etdirilir. Muxtar respublikada həyata keçirilən idman siyasətinin əsas məqsədlərindən biri də uşaq və gənclərin vətənpərvər ruhda yetişdirilməsidir.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR