İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 18 Oktyabr – Müstəqillik Gününə həsr olunmuş yeniyetmələr (1998-2000-ci illər təvəllüdlü) arasında sərbəst güləş üzrə Naxçıvan turniri keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Güləş Federasiyasının təşkil etdiyi turnirdə 60-dan çox idmançı mübarizə aparıb. Turnirin açılışında çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman idarəsinin rəisi Xəyal Qurbanov Müstəqillik Günü münasibətilə yarış iştirakçılarını təbrik edib, bu cür yarışların keçirilməsinin əhəmiyyətindən danışıb. Sonra Güləş Federasiyasının sədr müavini Yaşar Səfərov çıxış edərək yarışın qaydaları haqqında məlumat verib, iştirakçılara uğurlar arzulayıb.
9 çəki dərəcəsində keçirilən turnirdə Naxçıvan şəhər idmançıları ilə yanaşı, Şərur və Babək rayonlarının idmançıları da iştirak ediblər. Nəticəyə əsasən, Bağır Zeynalov (42 kq), Əkbər Əkbərov (46 kq), Ərkal Məmmədov (50 kq), Murad Quliyev (54 kq), Əbülfəz Məmmədov (58 kq), Onur Tağıyev (63 kq), Rauf Qurbanov (69 kq), Novruz Ağazadə (76 kq) və Pərvin Əliyev (85 kq) öz çəki dərəcələrində turnirin qalibi adını qazanıblar.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.
Xəbərlər şöbəsi