22 Dekabr 2024, Bazar

Gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi yeni nəslin inkişafının əsas vasitəsidir. Dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarını nümayiş etdirməsini, cəmiyyətdə layiqli yer tutmalarını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Bu siyasətin həyata keçirilməsi cavabdeh dövlət qurumu kimi Gənclər və İdman Nazirliyinə tapşırılıb.

Naxçıvan Muxtar Respublikasında gənclər arasında idman növlərini geniş yaymaq və təbliğ etmək üçün müəyyən tədbirlər planı hazır­lanıb həyata keçirilir. Tədbirlər planına daxil olan əsas məsələ isə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının təmsil etdikləri idman növlərini gənclər arasında geniş yaymaqdır. Şəhər, rayon mərkəzləri və kəndlərdə mütəmadi olaraq təşkil edilən yarışlar gənclərin idmana axınını sürətləndirir.

Muxtar respublika rəhbərinin idmana göstərdiyi diqqət və qayğı bu sahənin şaxələnməsinə öz töhfəsini verir. Hər il muxtar respublikada tikilən yeni idman obyektləri, fəaliyyət göstərən komplekslərin müasir avadanlıqlarla təmin olunması Naxçıvan idmanının inkişafını sürətləndirir, idmançıların uğurlarını artırır. Gənclərin asudə vaxtlarını idmana sərf etmələri aparılan düzgün siyasətin bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi noyabr ayında bir sıra yarışlar, turnirlər, birinciliklər təşkil edib. Təbii ki, burada əsas məqsəd gənclərin idmana marağını artırmaq və idman növlərini muxtar respublikada geniş yaymaqdır. Ötən ay beynəlxalq tələbə-gənclər həftəsində keçirilən çoxsaylı yarışlarla yadda qaldı. 10-17 noyabr tarixində nazirliyin ilk təşkil etdiyi yarış ali və orta ixtisas təhsili məktəblərinin tələbələri arasında badminton üzrə birincilik oldu. Həmçinin həmin gün ali və orta ixtisas təhsili məktəblərinin tələbələri arasında şahmat birinciliyi baş tutdu. 40-dan çox zəka sahibinin mübarizə apardığı birinciliyin əsas məqsədi şahmatın muxtar respublikada geniş yayılmasını təmin etmək idi. Beynəlxalq tələbə-gənclər həftəsində Boks, Voleybol, həmçinin Hava və Ekstremal İdman Növləri federasiyaları da nazirliklə birgə təşkil etdiyi yarışlarda gənc­lərin bu sahələrə marağının nə dərəcədə yüksək olduğunu nümayiş etdirdilər.

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr edilmiş kişilər arasında keçirilən basketbol üzrə muxtar respublika birinciliyi də idman ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi tədbirlər təkcə muxtar respublika əhəmiyyətli idman yarışlarını əhatə etmir. Belə ki, ötən ay ərzində muxtar respublikanın şəhər və rayonlarında təşkil olunan bir sıra yarışlarda gənclər qüvvələrini sınayıblar.
İlk olaraq Naxçıvan Şəhər Gənc­lər və İdman İdarəsi nazirliyin tədbirlər planına uyğun olaraq, bir sıra idman növləri üzrə şəhər birincilikləri təşkil edib. MMA qaydasız döyüş növü, yüngül atletika, mini-futbol üzrə keçirilən yarışlarda əsas məqsəd perspektivli yeniyetmə və gənc idmançıları üzə çıxarmaq, onları daha böyük turnirlərə hazırlamaq olub.
Muxtar respublikanın rayonlarında ay ərzində müəyyən yarışlar təşkil olunub ki, bunlar daha çox kollektiv idman növlərini əhatə edib. Ordubad və Sədərək rayonlarında keçirilən voleybol, Şahbuz rayonunda təşkil olunan yüngül atletika və şahmat yarışlarında, ümumilikdə, 300-dən çox idmançı çıxış edib.
Noyabr ayında keçirilən yarışlara nəzər yetirsək, daha çox kollektiv idman növləri üzrə birinciliklərin keçirildiyinin şahidi olarıq. Bu, onun göstəricisidir ki, son zamanlar ölkə üçün problemli məsələyə çevrilən kollektiv idman növləri bu gün muxtar respublikada sürətlə inkişaf etməkdədir.
Noyabr ayında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi və tədbirlər planına əsasən həyata keçirdiyi yarış və tədbirlərdə 1300-dən çox yeniyetmə və gənc iştirak edib. Bu göstərici isə bir ay üçün yüksək nəticədir.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR