Son zamanlar idman sahəsində yeni infrastrukturun yaradılması, idman komplekslərinin, zallarının tikilməsi Naxçıvan Muxtar Respublikasında bu sahənin bütün növlərinin eyni səviyyədə inkişafına şərait yaradıb. Artıq yaradılan şərait nəticəsində qazanılan uğurlarımız gündən-günə artmaqdadır. Muxtar respublika rəhbərinin idmana göstərdiyi diqqət və qayğı idmançıları daha səylə mübarizə aparmağa ruhlandırıb.
Güləş idman növünə maraq artır
Təbii ki, idmançılarımızın ölkə miqyaslı yarışlarda, həmçinin beynəlxalq turnirlərdə qazandıqları uğurlarda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin də əməyi böyükdür. Cari ilin son 9 ayında idmançılarımızın uğurları xeyli artıb. Xüsusilə beynəlxalq yarışlarda əldə edilən nailiyyətlər nəticəsində idmançılarımız Azərbaycan yığmasının heyətinə dəvət olunurlar ki, bu, muxtar respublikada idmanın nə dərəcədə inkişaf etdiyinin göstəricisidir. Son günlərdə gənc güləşçilərimizin Helsinki Olimpiadasının mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələrin beynəlxalq yarışında əldə etdikləri uğur da bunun bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının milli idman növünə göstərdiyi diqqət nəticəsində idmançılarımızın bu sahəyə marağı daha da artıb. Bütün idman məktəblərində bu növün inkişafı, kütləvi hal alması üçün müəyyən addımlar atılır, yarışlar təşkil edilir. Yuxarıda da qeyd etdiyimiz kimi, qazanılan uğurlar güləşin inkişafının göstəricisidir. Son illər muxtar respublikada milli idman növünə marağın artması, yeniyetmə və gənclərin bu sahəyə maraq göstərmələrini bizimlə söhbətində federasiyanın sədr müavini Yaşar Səfərov da təsdiq etdi: “Qazandığımız uğurlar güləşin muxtar respublikada geniş yayılmasından xəbər verir. Federasiyamız Gənclər və İdman Nazirliyi ilə birlikdə mütəmadi olaraq yarışlar təşkil edir və bu yolla gənc, gələcək vəd edən güləşçiləri üzə çıxarmağa çalışırıq. Təbii ki, onlar qazanılan uğurlarla kifayətlənmirlər. İstedadlı gənclər üzərində diqqətimiz daim olur və onları ölkə miqyasında keçirilən yarışlara, beynəlxalq turnirlərə hazırlayırıq. İdmançılarımız əldə etdikləri uğurlarla həm bizi sevindirir, həm də yaradılan şəraitin hədər getmədiyini göstərirlər”.
Yaşar Səfərov Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri olan Haldun Məmmədov və Elnur Musayevin qazandığı uğurlardan da danışdı: “Hər iki güləşçimiz Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş turnirdə uğurlu çıxışları ilə bizi sevindirdi. Onlar uzun müddətdir ki, bu növlə məşğul olurlar. Təbii ki, qazandıqları bu nailiyyətlə kifayətlənmək olmaz. Qarşıda onları daha böyük yarışlar, turnirlər gözləyir. Hər zaman güləşçilərlə söhbətimizdə onlara deyirik ki, muxtar respublika rəhbəri idmanın inkişafı üçün bütün lazım olan şəraiti yaradıb. Çalışıb bundan maksimum yararlanmaq lazımdır”.
Yeniyetmələrin uğuru
Qazanılan uğurda yaradılan şərait qədər idmançının özünəgüvən hissi də mühüm rol oynayır. Bu, hər bir idmançının xarakterindən xəbər verir. Xarakterli idmançı qazandığı uğurlarla kifayətlənməməli, karyerasını daha böyük nailiyyətlərlə zənginləşdirməyə çalışmalıdır. Məhz son turnirin finalçısı olan Haldun Məmmədovun da fikri qarşıdakı illərdə daha böyük uğurlar qazanmaq, Naxçıvanda bu idmanın böyük inkişaf yolu keçdiyini nümayiş etdirməkdir:
– Artıq 8 ilə yaxındır ki, Naxçıvan şəhərindəki Uşaq-Gənclər İdman Məktəbində sərbəst güləşlə məşğul oluram. Mənim püxtələşməyimdə müəllimlərimin, xüsusilə daim üzərimdə çalışan Faiq İsgəndərovun əməyi böyükdür.
– Son illər muxtar respublikada güləşin inkişafına böyük diqqət var. Qazandığın hansı uğurlarla bunu sübut etmisən?
– Bəli, güləşin inkişafı üçün hər bir şərait yaradılıb və biz bu diqqət və qayğının müqabilində daim çalışırıq. Mən dəfələrlə Naxçıvan Muxtar Respublika çempionu olmuşam. Lakin bu sahəni seçdiyimə görə qazandığım uğurlarla kifayətlənməmişəm. Ölkə miqyasında keçirilən turnirlərdə, yarışlarda iştirak etmişəm, Bakı çempionatında çempion olmuşam, ikinci və üçüncü yerləri tutmuşam. Amma ən böyük uğurumu Türkiyədə uşaqlar gününə həsr edilmiş dünya birinciliyində əldə etmişəm. Həmin birinciliyin qalibi olmuşam. Son olaraq isə Rəşid Məmmədbəyovun xatirəsinə həsr edilmiş beynəlxalq turnirdə iştirak etdim və yalnız finalda məğlub oldum.
– Yəqin, qazandığın bu uğurlar Azərbaycan milli komandası məşqçilərinin diqqətindən yayınmayıb?
– Əlbəttə, onlar daim bizim yarışları izləyirlər. Artıq uzun müddətdir ki, yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvüyəm. Hazırda elə millinin düşərgəsindəyəm və gündə iki dəfə olmaqla məşqlərimizi davam etdiririk.
– Qarşıdakı günlərdə hər hansı bir turnirdə çıxış edəcəksənmi?
– Millinin heyətində yer aldıqdan sonra mütəmadi olaraq beynəlxalq turnirlərdə iştirak etməyə başlamışam. İndi qarşıdakı aylarda Dağıstan, Kiyev və İstanbulda keçiriləcək yarışlara hazırlaşıram.
Məlum olduğu kimi, bu turnirdə yunan-Roma güləş növündə Elnur Musayev də çıxış edib və qazandığı uğurlu nəticə ilə bizi sevindirib. 46 kiloqram çəki dərəcəsində mübarizə aparan Elnur turniri üçüncü pillədə başa vurub.
Ceyhun MƏMMƏDOV