Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə və Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 23-cü ildönümünə həsr olunan turnirdə 6 komanda mübarizə aparıb. Yarış Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilib.
Turnir üç turdan ibarət olub. Oyunlar dairəvi sistem üzrə keçirilib. Əsasən, dörd komandanın çempionluq şansı yüksək qiymətləndirilsə də, şansı reallığa çevirən tərəf “Sədərək” komandası olub.
Çempionluğun taleyinə məhz son qarşılaşmada aydınlıq gəlib. Həlledici duelə qədər bütün görüşlərdə maksimum nəticə göstərən “Sədərək” və “Naxçıvan Şəhər Gömrük İdarəsi” komandaları noyabrın 15-də turnirin qalibi adına aydınlıq gətirmək üçün meydana çıxıblar. Ümumilikdə, doqquz qolun vurulduğu qarşılaşmada Sədərək Gömrük İdarəsinin təmsilçiləri minimal hesablı üstünlük əldə ediblər. Bu oyunda dörd dəfə fərqlənməklə aktivindəki qolların sayını 19-a çatdıran Aynar İsmayılov son çempionun titulu öz əlində saxlamasında əsas pay sahibi olub.
Eyni xala malik (7 xal) “Şahtaxtı” və “Komitə” komandaları isə müvafiq olaraq üçüncü-dördüncü yerləri bölüşüblər.
Komandaların mükafatlandırılması mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov ölkəmizdə, o cümlədən muxtar respublikamızda idmanın inkişafına və kütləviliyinin artırılmasına göstərilən yüksək dövlət qayğısından danışıb. Gömrükçülər arasında idmanı təbliğ etmək, onların fiziki sağlamlığının qayğısına qalmaq məqsədilə keçirilən yarışların ənənəvi xarakter aldığını qeyd edən komitə sədri idmanın gömrük əməkdaşları arasında qarşılıqlı münasibətlərin inkişafına müsbət təsir göstərdiyini, onlarda qələbəyə inam, mübarizlik hisslərini artırdığını diqqətə çatdırıb.
Sonra komandaların və turnirdə fərqlənən idmançıların mükafatlandırılması mərasimi olub. “Sədərək” komandası turnirin keçici kuboku ilə yanaşı, kubok, diplom və medallarla təltif olunub. Turnirin “ən yaxşı müdafiəçi”si, “ən yaxşı qapıçı”sı, “ən məhsuldar oyunçu”su, o cümlədən oyunları idarə edən hakimlər də mükafatlandırılıblar.
Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti