22 Dekabr 2024, Bazar

29-30 sentyabr tarixlərində Şahbuz rayonunda 5 oktyabr – Müəllimlər Günü münasibətilə ümumtəhsil məktəblərində şahmat dərsini tədris edən müəllimlər arasında rayon Şahmat Məktəbində şahmat üzrə rayon birinciliyi keçirilib. Şahbuz Rayon Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin təşkil etdiyi yarışda 20 müəllim iştirak edib. Yuxarı Qışlaq kənd tam orta məktəbinin müəllimi Vüsal Mustafayev hamıdan yaxşı oyun nümayiş etdirərək birinci, Qızıl Qışlaq kənd tam orta məktəbinin müəllimi Sahib Məmmədov ikinci, Kolanı kənd tam orta məktəbinin müəllimi Arif Zülfüqarov isə üçüncü olublar. Qaliblərə təşkilatçılar tərəfindən diplomlar verilib.

 Ceyhun MƏMMƏDOV

Sentyabrın 29-da İlham Əliyev adına Olimpiya-İdman Kompleksində sərbəst güləş üzrə Avropa və dünya çempionatlarının qalibi, həmyerlimiz Hacı Əliyevin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə əvvəlcə idmançının Avropa və dünya çempionatlarında iştirak etdiyi yarışlardan videokadrlar nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov tədbirdə çıxış edərək bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında idmana göstərilən yüksək diqqət və qayğı, bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi müsbət nəticələrin əldə olunmasına şərait yaradıb. Məhz görülən işlərin nəticəsidir ki, indi muxtar respublikamızın idmançıları müxtəlif səviyyəli idman yarışlarında iştirak edir, ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil edirlər. Gənc idmançı, sərbəst güləş üzrə Avropa və dünya çempionu Hacı Əliyevin simasında biz bunu bir daha görürük. Azər Zeynalov beynəlxalq yarışlarda qazandığı nailiyyətlərə görə idmançını təbrik edərək ona gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondu, Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibliyi, Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması, intellektual səviyyələrinin yüksəldilməsi, dünyagörüşlərinin formalaşdırılması məqsədilə Naxçıvan şəhərindəki Gənclər Mərkəzində gənclər arasında “Nuh yurdu” intellektual oyununun muxtar respublika birinciliyi keçirilib. Birincilikdə 16 komanda qüvvəsini sınayıb. Finala vəsiqə qazanmış “Bakı”, “Əlincə”, “Odlar yurdu” və “Naxçıvan” komandaları arasında gedən gərgin mübarizə nəticəsində “Bakı” komandası ən yüksək xal toplayaraq birinci yerə layiq görülüb. Birincilikdə I, II və III yerləri tutmuş komandalara təşkilatçılar tərəfindən diplom, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

 Ceyhun MƏMMƏDOV

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Atıcılıq Mərkəzində peyntbol üzrə muxtar respublika birinciliyi keçirilib. On altı komandanın iştirakı ilə təşkil olunan birincilikdə muxtar respublikanın rayon və şəhərlərinin, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinin, ictimai birliklər və Heydər Əliyev adına Hərbi Liseyin komandaları birinci yer uğrunda mübarizə aparıblar. Olimpiya sistemi üzrə keçirilən birinciliyin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, “Gənc Vətənpərvərlər” İctimai Birliyinin sədri Tahir Məmmədli təşkil olunan yarışın məqsədi, mahiyyəti və qaydaları barədə məlumat veriblər.
Sonra yarışa start verilib. Birincilikdə bütün rəqiblərini üstələyən Babək rayonunun komandası həll­edici oyuna vəsiqə qazanıb. Onların bu mərhələdəki rəqibi Gənclərin İntellektual İnkişaf Mərkəzinin komandası olub. Bu görüşdə daha üstün olan babəklilər birinciliyin qalibi adını qazanıblar. Naxçıvan Dövlət Universitetinin və “Gənc Vətənpərvərlər” İctimai Birliyinin komandaları yarışı 3-cü pillədə başa vurublar.
Sonda qaliblərə nazirlik tərəfindən diplom və kuboklar təqdim olunub.

Ceyhun MƏMMƏDOV

2015-ci ildə ilk dəfə keçiriləcək I Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycanda idmanın bütün sahələrinə diqqət artmaqdadır. Artıq respublikanın bütün şəhər və rayonlarında idman obyektləri, komplekslər gənc idmançıların ixtiyarındadır. Onlar isə, öz növbələrində, uğur qazanmaqla Azərbaycan bayrağını beynəlxalq arenalarda dalğalandırır, himnimizi səsləndirirlər. Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafına böyük qayğı göstərilir, gənc­lərin idmanın müxtəlif sahələrinə cəlb olunması diqqətdə saxlanılır. Məhz bunun nəticəsidir ki, idmanın bütün növləri artıq muxtar respublikada geniş yayılıb, yeniyetmə və gənclərin idmana axını isə gündən-günə artmaqdadır. Belə idman növlərindən biri də dünyada “qadın idmanı” adı ilə tanınan bədii gimnastikadır. Bu idman növü üzrə məşqlərə muxtar respublikada start verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında idmanın bütün sahələrinə olduğu kimi, güləşə də diqqət və qayğı yüksək səviyyədədir. Bunun nəticəsidir ki, idmançılarımız artıq ölkədaxili turnirlərlə yanaşı, beynəlxalq arenalarda da uğurla çıxış etməkdədirlər.
Bu günlərdə Serbiyanın paytaxtı Belqrad şəhərində veteran güləşçimiz Rövşən İsmayılxanlının qazandığı uğur Avropa mətbuatında böyük marağa səbəb olub. Yunan-Roma güləşi üzrə dünya birinciliyində Azərbaycan yığması da iştirak edib. Həmyerlimiz veteran güləşçi Rövşən İsmayılxanlı millimizin heyətində 130 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Hər il keçirilən dünya çempionatında mütəmadi iştirak edən R.İsmayılxanlı bizimlə söhbətində yarış təəssüratlarını bölüşdü: “Dünya çempionatının hər il keçirilməsi ənənə halını alıb və müxtəlif ölkələrdə təşkil olunmaqla Beynəlxalq Güləş Federasiyasının pro­qramına daxil edilmiş çempionatdır. Artıq 6-cı dəfə dünya çempionatında iştirak etdim. Ənənəvi çempionatda ilk medalımı 2011-ci ildə əldə etmişəm. O zaman Polşada keçirilən dünya birinciliyində bürünc mükafat qazanmışdım”.

Ardını oxu...

Topaz Premyer-Liqasının VI turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası səfərdə “Xəzər-Lənkəran”la qarşılaşacaq. Lənkəran Şəhər Mərkəzi Stadionunda sabah oynanılacaq oyunun artıq hakimlər briqadası məlumdur. Belə ki, oyun baş hakim Ramil Diniyevə həvalə olunub. Fit sahibinə 90 dəqiqə ərzində Elşən Acalov və Cavanşir Yusifov köməklik edəcək. Meydana dördüncü hakim kimi isə Mahir Məmmədov çıxacaq.
Artıq “Araz-Naxçıvan” Lənkərana yola düşüb. Komandamız bu gün axşam saatlarında oyunun keçiriləcəyi arenada son məşqinə çıxacaq. Baş məşqçi Əsgər Abdullayevi bu dəfə narahat edən məqam 4 futbolçunun zədəli olmasıdır. Tərlan Xəlilov və Hüseyn Axundovun cərgəsinə son məşqdə zədələnən Elgiz Kərəmli ilə Azər Məmmədov da qoşulub. Bu futbolçuların oynayıb-oynamayacağı oyun günü bəlli olacaq. Həmçinin komandanın yeni transferi Saşa Yunisoğlunun bu görüşdə meydana çıxacağı artıq dəqiqləşib.
“Xəzər-Lənkəran” komandasına gəlincə, “ağ-yaşıllar” komandamızla oyuna iki itki ilə hazırlaşıb. Belə ki, ötən tur “Neftçi” ilə matçda qırmızı vərəqə alan Tieqo de Xesus matçı buraxmalı olacaq. Ötən gün isə məşq prosesi zamanı Lənkəran təmsilçisinin futbolçusu Qabriel Fernando ciddi zədə alıb və əməliy­yat olunub.
Qeyd edək ki, “Xəzər-Lənkəran”-“Araz-Naxçıvan” matçı sentyabrın 20-si saat 1900-da Lənkəran şəhərində keçiriləcək.

 Ceyhun MƏMMƏDOV

Futbol üzrə Topaz Premyer-Liqasının 5-ci turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası doğma azarkeşləri önündə “İnter” futbol komandasını qəbul etdi.
Bu görüş komandamız üçün böyük əhəmiyyət kəsb edirdi. “Araz-Naxçıvan” üçün doğma azarkeşləri önündə oynamaq əlavə motivasiya yaratmışdı. Həmçinin komandamızın baş məşqçisi Əsgər Abdullayev heyətdə dəyişikliyə də əl atmışdı. Belə ki, müdafiə xətti bu dəfə Tural-Ruslan-Emin triosu ilə yanaşı, yeni oyunçu Aqil Nəbiyevə həvalə olunmuşdu. Bu kvartetin qarşısında isə Ramal Hüseynov və Elgiz Kərəmli rəqib hücumçuları dəf etmək üçün sədd qurmuşdu. Tərlan Xəlilovun yoxluğunda bu dəfə oyunqurucu funksiyasında meydana Eşqin Quliyev çıxmışdı. 10 nömrəli futbolçumuz hücum xəttində David və Bəxtiyarla yanaşı, Elmin Çobanova rəqib müdafiəsini yarmağa yardımçı olurdu.
“İnter” komandasına gəlincə, heyətində kifayət qədər təcrübəli legionerlər olan Bakı klubu cari mövsümdə yalnız “ev” oyunlarında rəqib qapısına yol tapa bilib. Belə ki, keçirilən 4 oyunda vurduğu 9 qolun hamısını “ev” oyunlarında vuran “İnter” səfərdə “Qarabağ”la heç-heçə etdiyi halda, “Xəzər Lənkəran”a məğlub olmuşdu.

Ardını oxu...

Dünən Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbinin mini-futbol meydançasında “Zərərli vərdişlərə “yox” deyək, həmişə sağlam olaq” devizi altında 2003-2004-cü il təvəllüdlü idmançılar arasında mini-futbol üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov turnirin keçirilmə məqsədi və qaydaları haqqında danışaraq bildirib ki, bu cür yarışların keçirilməsində məqsəd gələcəyimiz olan uşaqları zərərli vərdişlərdən uzaqlaşdırmaq və onların asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaqdan ibarətdir.
8 komanda və 80 futbolçunun iştirak etdiyi turnirin qalibi adını “Rabitəçi II” komandası qazanıb. “Nəqşicahan” komandası ikinci, “Rabitə­çi I” komandası isə üçüncü olub.
Sonda yer tutan komandaların üzvlərinə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları verilib.

 Ceyhun MƏMMƏDOV

Futbol üzrə Topaz Premyer-Liqasının 5-ci turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası bu gün doğma arenada “İnter” futbol komandasını qəbul edəcək. Artıq qırmızı-ağlar oyunun hazırlıqlarına yekun vurub və oyunun başlama vaxtını gözləyir. Komandamızın heyətində zədəli futbolçuların olması komandanın baş məşqçisi Əsgər Abdulla­yevi qayğılandırır. Belə ki, Hüseyn Axundovun oyunundan bir aydan çoxdur, yararlana bilməyən baş məşqçi bu görüşdə aparıcı futbolçu Tərlan Xəlilovun da xidmətindən məhrum olub. T.Xəlilov ötən gün keçirilən məşq zamanı zədələnib və onun 2 həftəyə yaxın yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Artıq rəqib “İnter” futbol komandası Naxçıvana gəlib və oyunun keçiriləcəyi stadionda son məşqini keçirib.
Oyunu idarə edəcək hakimlərə gəlincə, baş hakim kimi meydana Elvin Əsgərov çıxacaq. Ona Knyaz Əmiraslanov və Yaşar Abbasov köməklik edəcək. 4-cü hakim funksiyasını isə Teymur Fərhadov yerinə yetirəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan”-“İnter” oyunu bu gün saat 1730-da Naxçıvan Muxtar Respublika Stadionunda oynanılacaq.

Ceyhun MƏMMƏDOV

Dünən Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeniyetmələr (2003-2005-ci il təvəllüdlü) arasında sərbəst güləş üzrə şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkil etdiyi birincilikdə 10 çəki dərəcəsində 70-dən çox idmançı çıxış edib. Yarışın açılışında çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov muxtar respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb.
Sonra federasiyanın sədr müavini Yaşar Səfərov çıxış edərək yarışın qaydaları haqqında iştirakçılara məlumat verib, onlara uğurlar arzulayıb.
Yarışın yekun nəticələrinə əsasən, Nicat Ocaqquliyev (23 kiloqram), Kamal Qasımzadə (26 kiloqram), Məhəmməd Salmanov (29 kiloqram), Mətləb Sarıyev (32 kiloqram), Mənsur Qafarlı (35 kiloqram), Heydər Heydərov (38 kiloqram), Raul Həmdiyev (42 kiloqram), Nurağa Əhmədov (47 kiloqram), Seyfəddin Cəfərov (50 kiloqram) və Qoşqar Süleymanov (+52 kiloqram) qalib adını qazanıblar.
Sonda bütün çəki dərəcələrində I, II və III yerləri tutmuş idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları verilib.

Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeniyetmələr arasında kikboksinq üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin tədbirlər planına daxil olan və Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışın açılışında çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov yarışın keçirilmə məqsədi haqda məlumat verib. Daha sonra Şərq Döyüşü Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb.
Yarışda 8 çəki dərəcəsində 60-a yaxın idmançı birincilik uğrunda mübarizə aparıb. Yarışın nəticələrinə görə, İsmayıl Yaqubov (30 kiloqram), Anar Tarverdiyev (36 kiloqram), Fərman Rzayev (39 kiloqram), Əbülfəz Rəcəbli (45 kiloqram), Bəbir Cəfərov (48 kiloqram), Araz Hüseynzadə (51 kiloqram), Əhməd Cəfərov (54 kiloqram) və Mətin Zalov (+67 kiloqram) bütün rəqiblərini üstələyərək yarışın qalibi olublar.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutmuş idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Gigiyena və Epidemiologiya Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən idman obyektlərində dezinfeksiya işləri aparılıb.
Mərkəzin baş həkimi Oruc Əliyev bizimlə söhbətdə bildirdi ki, bu proses mütəmadi olaraq həyata keçirilir. Hər ay idman obyektləri, zalları dezinfeksiya olunur. Bu işlər tək Naxçıvan şəhərində yox, muxtar respublikanın bütün rayonlarında aparılır.
Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov bildirdi ki, nazirlik idmançıların sağlamlığı üçün hər ay bu işləri görür.
Dünən dezinfeksiya işləri Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində və İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində aparılıb. Gələn həftə dərmanlama işləri Şərur Olimpiya-İdman Kompleksində və digər idman məktəblərində davam etdiriləcək.

Ceyhun MƏMMƏDOV

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Par­alimpiya Federasiyasının birgə təşkilatçılığı ilə Şahbuz Şəhər Stadionunda paralimpiyaçılar arasında yüngül atletika üzrə (200 metr məsafəyə qaçış) yarış keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd məhdud fiziki imkanlı şəxslərin idmana olan maraqlarını artırmaqla paralimpiyaçılar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə, istedadlı idmançıların aşkara çıxarılmasına, habelə onların asudə vaxtlarını səmərəli keçirmələrinə nail olmaqdır.
Tədbirdə Paralimpiya Federasiyasının, Gənclər və İdman Nazirliyinin nümayəndələri çıxış edərək vurğulayıblar ki, məhdud fiziki imkanlı şəxslərə sağlam həyat tərzinin təmin edilməsi, onların muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyası, habelə məhdud fiziki imkanlı şəxslərin yeni idman növlərinə cəlbi muxtar respublikada daim diqqət mərkəzindədir.
Yarışda 20 paralimpiyaçı bacarığını nümayiş etdirib. İlk üç yeri tutan idmançılara Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının hədiyyələri, digər yarış iştirakçılarına isə həvəsləndirici mükafatlar təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

Ordubad rayonunda “Zərərli vərdişlərə “yox” deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələrin şahmat üzrə tempo turniri keçirilib. Ordubad Rayon Gənclər və İdman İdarəsi ilə rayon Şahmat Məktəbinin birgə təşkil etdiyi turnirdə 26 zəka sahibi mübarizə aparıb. Birincilikdə bütün rəqiblərini üstələyən Mətin Rzayev qalib adını qazanıb. Seyid Hüseyn ikinci, Elnar Məmmədov isə üçüncü olub.
Sonda təşkilatçılar tərəfindən qaliblərə diplom və medallar təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının təşkilatçılığı ilə daha bir yoldaşlıq görüşü keçirilib. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə “yox” deyək, həmişə sağlam olaq” devizi altında keçirilən yoldaşlıq görüşündə veteranlardan ibarət basketbol komandası ilə gənclərdən ibarət basketbol komandası üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdə veteranlar rəqiblərinə 69:67 hesabı ilə qalib gələrək hələ qocalmadıqlarını nümayiş etdiriblər.
Sonda Basketbol Federasiyası tərəfindən idmançılara həvəsləndirici mükafatlar təqdim olunub.

 Ceyhun MƏMMƏDOV

Məktəblilərin yay tətilinin səmərəli keçirilməsinin təşkili məqsədilə Sədərək rayonunda şahmat üzrə yarış keçirilib. Sədərək Rayon Gənclər və İdman İdarəsi və Şahmat Məktəbinin birgə təşkil etdiyi “Zərərli vərdişlərə “yox” deyək, həmişə sağlam olaq” devizi altında şahmat üzrə rayon birinciliyinə yekun vurulub. İsveçrə sistemi üzrə keçirilən birincilikdə 32 zəka sahibi qüvvəsini sınayıb.
Bütün rəqiblərini üstələyən Asif Dünyamalıyev birinciliyin qalibi adını qazanıb. Nurlan Adınalı və İlkin Musazadə isə digər iki pillədə qərarlaşıblar.
Sonda təşkilatçılar tərəfindən qaliblərə diplomlar təqdim olunub.

 Ceyhun MƏMMƏDOV

Cari mövsümdən etibarən Topaz Premyer-Liqasında çıxış edən “Araz-Naxçıvan” futbol komandası növbəti turu məğlub başa vurub. Səfərdə “Sumqayıt”ın qonağı olan muxtar respublika təmsilçisinin 0:1 hesablı məğlubiyyətini hakimlərin də adına yazmaq olar. Oyuna iddialı hazırlaşan və ikinci hissəni, demək olar ki, rəqib qapısı önündə keçirən “Araz-Naxçıvan” bu turda da hakimin qərəzli qərarları ilə üzləşdi.
İkinci tur Qəbələdə keçirilən matçda hakim Rəhim Həsənovun 19-cu dəqiqədə qayda pozuntusu olmadığı halda komandamızın qapısına penalti təyin etməsi komandanın xal itkisi ilə nəticələnmişdi. Komandamız buna etirazını bildirmədiyi halda, növbəti dəfə yenə referilərin səhvlərinə görə meydanı məğlub tərk etdi. Matçın gedişinə gəlincə, ilk 20 dəqiqədə meydan sahibləri qırmızı-ağların qapısı önündə təhlükəli anlar yaratdılar ki, bu epizodların biri qolla nəticələndi. 22-ci dəqiqədə sağ cinahdan sürətli hücumu Kiyan Sultanpur məntiqi sonluqla yekunlaşdırdı. Qol sanki futbolçularımızı daha təmkinli, sürətli və dəqiq oynamağa vadar etdi. Birinci hissənin ilk yarım saatında “Araz-Naxçıvan” Bəxtiyar Soltanovla bərabərliyi təmin edə bilərdi. Ancaq bir qədər qeyri-dəqiqlik buna imkan vermədi. 39-cu dəqiqədə yenə diqqətlər B.Soltanovun üzərinə cəmləşdi. Belə ki, onun qüvvətli zərbəsini bu dəfə qapı xəttindən qapıçı yox, rəqib müdafiəçi çıxardı. Əli ilə topu qapıdan çıxaran müdafiəçinin bu qayda pozuntusu referi Ömər Paşayevin nəzərindən yayındı. Futbolçularımızın etirazına baxmayaraq, hakim qərarını dəyişmədi və ağ nöqtə yerinə künc zərbəsini göstərdi.

Ardını oxu...

“İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”. Ümummilli lider Heydər Əliyevin dediyi bu sözlər idmançılarımızın yaddaşında dərin iz buraxıb.

Ulu öndərimiz idman haqqında demişdir: “İdman, bədən tərbiyəsi müstəqil Azərbaycanın həyatında dövlət qayğısı ilə əhatə olunaraq, eyni zamanda həm gənclər üçün, həm də bütün cəmiyyətimiz üçün zəruri bir sahəyə çevrilibdir. Güman edirəm ki, bu dönüş, yəni bu hadisə gələcək üçün çox gözəl əsasdır və bizim millətimizin, xalqımızın fiziki sağlamlığı üçün, təkcə fiziki sağlamlığı deyil, zehni sağlamlığı üçün, sağlam gənc nəsil yetirməsi üçün çox gözəl əsasdır və biz hamımız bu sahəni bundan sonra daha da inkişaf etdirməliyik”.

Ardını oxu...

Culfa Rayon Gənclər və İdman İdarəsi ilə Uşaq-Gənclər Şahmat Məktəbinin təşkil etdiyi yeniyetmə və gənclər arasında “Zərərli vərdişlərə “yox” deyək, həmişə sağlam olaq” devizi altında şahmatın tempa növü üzrə açıq birinciliyə yekun vurulub. Şahmat Məktəbində keçirilən birincilikdə 22 zəka sahibi qüvvəsini sınayıb. Gərgin mübarizə şəraitində keçən birinciliyin qalibi adını 6,5 xal toplayan Əli Qulamzadə qazanıb. Ondan yarım xal az toplayan Araz Bəhramzadə ikinci, Aybəniz Hüseynova (5,5 xal) isə üçüncü olublar.
Qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

 Ceyhun MƏMMƏDOV

Gimnastikanın bütün növlərinin, o cümlədən bədii gimnastikanın kütləviləşməsi istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir.
Bu gün Azərbaycanda bədii gimnastikanın zəngin ənənələrini davam etdirməyə qadir olan perspektivli gimnastların yeni nəsli formalaşmaqdadır. Azərbaycanda bədii gimnastikanın yaranma və inkişaf tarixi keçən əsrin 40-cı illərinə təsadüf edir. İlk dəfə qızlardan ibarət yaranan qrup ölkəmizdə bu idman növünün formalaşması istiqamətində uzun müddət fəaliyyət göstərib.
Artıq Azərbaycanın bütün regionlarında sevimli idman növünə çevrilən bədii gimnastika ilə Naxçıvan Muxtar Respublikasının idmançıları da məşğul ola biləcəklər. Belə ki, Azərbaycan Respublikasının idman ustası, məşqçi-müəllim Humay Qafarovanın rəhbərliyi altında gənc gimnastlar İlham Əliyev adına Olimpiya-İdman Kompleksində məşqlərə başlayacaqlar. Həftənin 3 günü (I-III-V) mütəmadi olaraq məşqlər keçəcək H.Qafarova yalnız 3-11 yaşlı qızlara gimnastikanın sirlərini öyrədəcək.

Ceyhun MƏMMƏDOV

Futbol üzrə Topaz Premyer-Liqasının 3-cü turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası doğma meydançada Ağdamın “Qarabağ” futbol komandasını qəbul edəcək. İlk iki turda 3 xal toplayan və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan muxtar respublika təmsilçisi bu görüşə ciddi hazırlaşır. Gündə iki dəfə olmaqla məşqlərini davam etdirən qırmızı-ağların heyətində yeganə itki Hüseyn Axund­ovun zədəli olmasıdır. Belə ki, yarımmüdafiəçi həkim müayinəsindən sonra belindəki ağrılara görə bir müddət məşqlərə ara verməli olub.
“Qarabağ” futbol komandası “Araz-Naxçıvan” üçün yad komanda deyil. Azərbaycan çempionatları tarixində Naxçıvan təmsilçisi ağdamlı həmkarları ilə 4 dəfə üz-üzə gəlib. Səfərdə keçirilən hər iki oyunda məğlub olan muxtar respublika təmsilçisi doğma azarkeşləri önündə rəqibinə məğlub olmayıb; hər iki qarşılaşmada “Araz-Naxçıvan” meydanı qalib tərk edib – 2:1, 3:2
Ağdam klubu Avropa Liqasında çıxış etdiyindən onların Naxçıvana gələcəyi vaxt dəqiq məlum deyil. Həmçinin bu amili nəzərə alan Peşəkar Futbol Liqası oyunun tarixini də dəyişərək avqustun 23-dən 24-nə keçirib. Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək görüşün başlama saatı isə 1800-dir.


Ceyhun MƏMMƏDOV

16-18 avqust tarixlərində Bakıda qarışıq döyüş növləri – MMA üzrə Azərbaycan çempionatı keçirilib. Ölkə birinciliyində Naxçıvan Muxtar Respublikasının idmançıları da iştirak ediblər. Hövsan Olimpiya-İdman Kompleksində təşkil olunan çempionatda Naxçıvan idmançısı – 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəhman Quliyev uğurlu çıxışı ilə yadda qalıb. Finala kimi 3 rəqibini məğlub edən idmançımız yalnız həlledici qarşılaşmada məğlub olub və ölkə birinciliyini ikinci pillədə başa vurub.
Qeyd edək ki, Rəhman Quliyev ötən ay keçirilən Azərbaycan çempionatında qalib adını qazanmışdı. 19-20 iyul tarixlərində Sabirabadda təşkil olunan birincilikdə Rəhman Quliyev 65 kiloqramda mübarizə aparmış və bütün rəqiblərinə qalib gələrək çempion adına layiq görülmüşdü.

 Ceyhun MƏMMƏDOV

Azərbaycanda hər bir kəsin maraq göstərdiyi yunan-Roma və sərbəst güləş idman növləri zəngin tarixə və özünəməxsus ənənələrə malikdir. Güləş ölkəmizin milli idman növüdür. Bu növ ABŞ-da təşəkkül tapsa da, milli güləşimizin əksər elementləri, fəndləri və mübarizə metodları sərbəst güləşlə eynilik təşkil edir. Qəbul etdiyimiz milli güləş tarixən daha qədimdir. Təsadüfi deyil ki, milli güləşin elementlərinə Qobustan qayalarında, şifahi xalq ədəbiyyatında, klassik ədəbiyyatda, dastanlarda rast gəlirik. Güləşin qədimliyini sübut edən faktlardan biri də Azərbaycanda toy və bayram şənliklərində insanların bu idman növündə özlərini sınamalarıdır. Ölkəmizdə güləş yarışları xüsusi yerlərdə – zorxanalarda keçirilirdi. Milli güləşin inkişaf etməsi və gənclərin sevimli məşğələsinə çevrilməsi bir tərəfdən milli irsimiz və ənənələrimizlə bağlıdırsa, digər tərəfdən yaradılan idman məktəbləri, göstərilən diqqət və qayğı ilə əlaqədardır.

Ardını oxu...

Topaz Premyer-Liqasına qələbə ilə başlayan “Araz-Naxçıvan” futbol komandası 2-ci turda “Qəbələ” futbol komandasının qonağı oldu. Çempionata öz oyun tərzi ilə rəng qatan muxtar respublika təmsilçisi bu matçda da sərgilədiyi futbolla hamının diqqətini üzərinə cəlb etməyi bacardı. Lakin komandamız ələ düşən imkanlardan yararlana bilmədi və hakimin müəmmalı penalti qərarı nəticəsində meydanı məğlub tərk etdi.

 Qəbələyə yollanarkən “Araz-Naxçıvan” futbol komandasının baş məşqçisi Əsgər Abdullayev oyunun çətin keçəcəyini, ancaq yetirmələrinin bu görüşə hazır olduqlarını bildirmişdi. Əslində, oyunun gedişatı da göstərdi ki, “Araz-Naxçıvan” futbolçuları “ev” və ya səfər matçlarında rəqibdən çəkinmir və fərqli oyuna üstünlük verirlər. Məhz “Qəbələ” ilə görüşdə bu, özünü açıq şəkildə büruzə verdi. Daha çox hücum futbolu oynayan komandamızın heyətində xüsusilə cinah yarımmüdafiəçiləri diqqəti daha çox cəlb edirdilər. Baş məşqçi kapitan sarğısını həvalə etdiyi Kamal Bayramova qapıda güvənməklə bir daha səhv addım atmadığını göstərmiş oldu. Müdafiə xəttində Ruslan-Azər-Ruslan-Emin dördlüsü rəqibin sürətli hücumlarının qarşısını almaqda heç də çətinlik çəkmədilər. Mərkəz xəttində topların “paylanmasına” nəzarət edən Tərlan Xəlil­ova Ramal Hüseyn­ov və Budaq Nəsirov yardımçı olurdular. Hücum xəttində isə David Canıyevlə yanaşı, Bəxtiyar Soltanov və Elmin Çoban­ovun reydləri rəqib müdafiəçilər üçün əsl başağrısı olmuşdu. 

Ardını oxu...

14-15 avqust 2014-cü il tarixlərində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində “Zərərli vərdişlərə “yox” deyək, həmişə sağlam olaq” devizi altında taekvando üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi birincilikdə 6 çəki dərəcəsində 40 idmançı mübarizə aparıb.
Yarışı Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov açıq elan edib. Gənclər və İdman Nazirliyinin əməkdaşı Tahir Məmmədli və Şərq Döyüşü Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev çıxış edərək idmançılara uğurlar arzulayıblar.
Sonra yarışa start verilib. 22, 26, 31, 35, 38 və 42 kiloqram çəki dərəcələrində keçirilən birincilikdə müvafiq olaraq Cavad Rəhimli, Kamal Heydərli, İntiqam Məmmədov, Nicat Əliyev, Elvin Salayev və Mehdi Əhmədzadə qalib olublar.
Sonda qaliblərə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

Dövlət müstəqilliyimizin bərpasından sonra idmanın inkişafına böyük əhəmiyyət verilməklə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin (MOK) Prezidenti cənab İlham Əliyev ölkədə idmanı inkişaf etdirmək üçün, ilk növbədə, idman infrastrukturunun yaradılmasının vacib olduğunu vurğulayaraq bu sahəyə daim xüsusi diqqət yetirir. Cənab Prezidentin idman sahəsində həyata keçirdiyi tədbirlərin əsas məqsədi ondan ibarətdir ki, bu inkişaf paytaxtla məhdudlaşmasın; inkişaf bütün ölkəyə yayılsın, idmanın kütləviliyi bütün regionlarda, bölgələrdə təmin edilsin. Nəticədə, həm paytaxtda, həm də bölgələrdə güclü idman bazası yaradılıb və bu proses bu gün də davam etdirilməkdədir. Əldə edilən nəticələr, yaradılan infrastruktur, idmançılarımızın qazandıqları uğurlar dövlətin idman sahəsində yürütdüyü siyasətin nə qədər doğru olduğunun göstəricisidir. Bu göstəriciyə nümunə kimi Naxçıvan Muxtar Respublikasında idman sahəsində qazanılan uğurları da göstərmək olar. Göstərilən qayğı, həyata keçirilən tədbirlər gənclərin həyatında mühüm dəyişikliklərə səbəb olub və bu dəyişikliklər qazanılan uğurlarla müşahidə olunmaqdadır.

Ardını oxu...

İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin Üzgüçülük Mərkəzində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeniyetmə oğlan və qızlar arasında üzgüçülük üzrə şəhər birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin təşkilatçılığı ilə keçirilən birinciliyin açılış mərasimində Naxçıvan Şəhər Gənc­lər və İdman İdarəsinin rəisi Xəyal Qurban­ov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Cəmilə Mirzəyeva və kompleksin direktoru Ramin Talıbov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.
Qızların mübarizəsində 12 idmançı çıxış edib. Üzgüçülüyün 25 metr məsafəyə sərbəst üsulu üzrə keçirilən yarışda Nərmin İsmayılova bütün rəqiblərini qabaqlayaraq turnirin qalibi olub. İkinci və üçüncü yerlərin sahibi isə Arjin Doğan və Aysel Yusifzadə olub.
Oğlanlar isə üç yaş qrupunda mübarizə aparıblar. 1999-cu il təvəllüdlü üzgüçülərin yarışında Elşən Babayev, Nihad Quliyev və Rza Abdullayev müvafiq olaraq 1-ci, 2-ci, və 3-cü yerləri bölüşüblər. 2000-2001-ci il təvəllüdlü iştirakçılardan isə Ülvi Kazımlı, Elçin Əliyev və Vasif Rüstəmov bütün rəqiblərini geridə qoymağı bacarıblar. Sonda mübarizəyə 2002-2004-cü il təvəllüdlü üzgüçülər qoşulublar. Bu yaş qrupunda Timur Abdullayev, Həsən Abbasov və Məhəmməd Abbasquliyev müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerlərin sahibi olublar.
Sonda qaliblərə və fərqlənən idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Topaz Premyer-Liqasında debüt edən “Araz-Naxçıvan” futbol komandası çempionatın ilk turunda “Neftçi” futbol komandasını qəbul etdi. 13 illik fasilədən sonra ilk dəfə yüksək dəstədə mübarizəyə qoşulan muxtar respublika təmsilçisi üçün bu görüş böyük əhəmiyyət daşıyırdı: birincisi, çempion kimi meydana çıxıb qələbələrinin ardını gətirmək, digər tərəfdən isə doğma arenada məğlubedilməzlik seriyasını davam etdirmək. 

Kapitana yaraşan oyun

“Neftçi” futbol komandası Avropa Liqasında uğurlu çıxışını Premyer-Liqanın ilk turunda da davam etdirmək niyyətində idi. Odur ki, ilk turda “Araz-Naxçıvan”la qarşılaşmaya Bakı təmsilçisi rahat şəkildə gəlmişdi. Qırmızı-ağlar hər zaman olduğu kimi, budəfəki görüşə də ciddi hazırlaşmışdılar. “Araz-Naxçıvan”ın heyətində yeganə itki Elnur Abdulov idi ki, onun da növbəti turda meydana çıxacağı artıq dəqiqləşib. “Araz-Naxçıvan” futbol komandasının baş məşqçisi Əsgər Abdullayev qapını yeni qapıçımız Kamal Bayramova həvalə etmişdi. Eyni zamanda kapitanlıq sarğısı da onun qolunda idi. Müdafiə xəttində Ruslan-Azər-Emin-Ruslan kvartetinə orta xətdə Budaq-Ramal-Eşqin triosu köməklik edirdi.

Ardını oxu...

Futbol üzrə Topaz Premyer-Liqasında iştirak etmək hüququ qazanan “Araz-Naxçıvan” futbol komandası sabah çempionatda ilk görüşünü keçirəcək. Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək matçda komandamızın rəqibi “Neftçi” futbol komandasıdır. Ötən mövsüm ölkə kubokunun qalibi olan Bakı klubu ilə oyuna muxtar respublika təmsilçisi ciddi hazırlaşır. Əsgər Abdullayevin yetirmələri gündə bir dəfə olmaqla mərkəzi stadionda hazırlıqlarını davam etdirirlər. Bu gün komandamız son məşqini keçirəcək və oyunun başlama saatını gözləyəcək. “Neftçi”nin günün ikinci yarısından sonra Naxçıvana gələcəyi gözlənilir.
Avropa Liqasında artıq pley-off mərhələsinə yüksələn “Neftçi” ilə matç komandamızın Premyer-Liqada debüt oyunu olacaq. Artıq oyunu idarə edəcək hakimlər briqadası da məlumdur. Muxtar respublika stadionunda keçiriləcək qarşılaşmaya baş hakim kimi meydana Fariz Yusifov çıxacaq. Azər Əsgərov və Vaqif Musayev bu matçda yardımçı hakim funksiyasını yerinə yetirəcəklər. Oyunun dördüncü hakimi isə Ramiz Məmmədovdur.
Qeyd edək ki, “Araz-Naxçıvan”-“Neftçi” matçı avqustun 10-da Naxçıvan Muxtar Respublika Stadionunda oynanılacaq. Oyunun başlama saatı 1800-dir.

Ceyhun MƏMMƏDOV

Türkiyənin Ərzurum şəhərində keçirilən təlim-məşq toplanışında “Araz-Naxçıvan” futbol komandasının yeni mövsümə necə hazır­laşdığı və futbolçuların oyun texnikasının hansı vəziyyətdə olduğunu komandanın baş məşqçisi Əsgər Abdullayevlə söhbətimizdə yaxından öyrəndik:
– Ötən mövsüm çempion olan “Araz-Naxçıvan” yeni mövsümə iddialı hazırlaşır. Baş məşqçi kimi komandanın hazırkı vəziyyətini necə dəyərləndirirsiniz?
– Futbolçulara hər zaman deyirəm ki, siz Naxçıvan futbolunda yeni səhifə açdınız və bu uğuru davam etdirməlisiniz. Yaradılan şərait bu gün bizə bunu diktə edir.
Heyətimizdə yeni futbolçular var və onların komandaya adaptasiya olunmaları üçün Ərzurumda keçirdiyimiz təlim-məşq toplanışı uğurlu alındı. Premyer-Liqada komandalar daha çox hücum futbolu oynayır və sürətli oyuna üstünlük verirlər. Düşünürəm ki, əsas hücum elə müdafiədən başlayır. Müdafiə xəttimiz güclü olduğu təqdirdə hücumda inamla istəkli oyun sərgiləyə biləcəyik. Hazırda komandanın fiziki vəziyyəti qaydasındadır və oyunlarda hansı taktika ilə oynayacağımız üzərində məşqlərə başlamışıq. Muxtar respublika azarkeşləri yeni mövsümdə fərqli “Araz-Naxçıvan” izləyəcəklər.

Ardını oxu...

Topaz Premyer-Liqasında mübarizə aparacaq “Araz-Naxçıvan” futbol komandası yeni mövsümün hazırlıqlarını Türkiyənin Ərzurum şəhərində tamamlayaraq geri qayıdıb. Birhəftəlik təlim-məşq prosesində qırmızı-ağlar gündə iki dəfə məşq etməklə yanaşı, həm də yoldaşlıq görüşlərində qüvvələrini sınayıblar. Çempionatın ilk turunda “Neftçi” futbol komandasını qəbul edəcək muxtar respublika təmsilçisi daha çox əsas heyəti müəyyənləşdirmək üçün yoxlama oyunlarında müxtəlif heyətlərlə meydana çıxdı.

Yoldaşlıq oyunlarında fərqli heyətlər

Təlim-məşq prosesində “Araz-Naxçıvan” futbol komandasının baş məşqçisi Əsgər Abdullayevin əsas məqsədi heyəti komplektləşdirmək, futbolçuların fiziki dözümlülüyünü artırmaq və oyun taktikasını müəyyənləşdirmək idi. Odur ki, Ərzurumda ilk gündən etibarən futbolçularla kollektiv şəkildə çalışmaqla yanaşı, fərdi halda da onlarla yaxından maraqlanırdı.

Ardını oxu...

İstər olimpiya, istərsə də qeyri-olimpiya növü olmasından asılı olmayaraq, bütün idman növlərinin inkişafına Naxçıvan Muxtar Respublikasında böyük diqqət göstərilir. Uşaqların, yeniyetmə və gənclərin sağlam həyat tərzində yaşamaları, onların idmanla məşğul olmaları üçün muxtar respublikada hər cür şərait yaradılıb. Hazırda fəaliyyət göstərən idman federasiyaları gənclərin sağlam həyata inteqrasiyası üçün bir çox işlər görürlər. Bu federasiyalardan biri də Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasıdır. 2014-cü ilin ötən dövründə federasiyanın fəaliyyəti ilə yaxından tanış olmaq üçün qurumun sədr müavini Nəriman Quliyevlə söhbətləşdik.

Beynəlxalq turnirlərdə qazanılan medallar

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev ilk olaraq muxtar respublikada bu idman növünə olan maraqdan danışdı: “Karate-do Federasiyası 2002-ci ildən fəaliyyət göstərir. Bu müddət ərzində idmançılarımız bir çox beynəlxalq turnirlərdə çıxış edib, mükafatlar qazanıblar. Hal-hazırda muxtar respublikada 500-dən çox uşaq, yeniyetmə və gənc karate ilə məşğul olur. Federasiyanın nəzdində iki klubumuz fəaliyyət göstərir. Bunlardan biri “İlğım” karate idman klubu, digəri isə “Budokan” karate idman klubudur. Bununla yanaşı, muxtar respublikanın bütün rayonlarında karate məktəbləri var və bu idman növünə olan maraq gündən-günə artmaqdadır”.

Ardını oxu...

19-20 iyul tarixlərində Sabir­abad Rayon Olimpiya-İdman Kompleksində karate-do üzrə Regionlararası Azərbaycan Çempionatı keçirilib.
Çempionatda ölkəmizin 24 komandası iştirak edib. Yarışda muxtar respublikamızı Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 4 idmançısı təmsil edib. Federasiyanın sədr müavini Nəriman Quliyev çempionatda hakim qismində iştirak edib. Nəriman Quliyevdən aldığımız məlumata görə, çempionat karatenin 2 üslubu – şotokan və kontakt karate üslubları üzrə keçirilib. Təmsilçilərimiz yarışda yüksək fəallıq göstəriblər. 14-15 yaş qrupunda şotokan üslubunda çıxış edən Abbas Qasımov 4 nəfərə qalib gəlib, final görüşünün nəticəsinə görə ikinci yerə sahib olub. 16-17 yaş qrupunda isə həmin üslubda gücünü göstərən Mirpaşa Kərimov birinci yerə layiq görülüb. 84 kiloqram çəkidə 18 yaşlı Mircavid Seyidov hər iki üslubda ikinci yerlərə layiq görülərək 2 medala sahib olub. Qeyd edək ki, bu idmançıların hər üçü Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yığma komandasının üzvləridir. 89 kiloqram çəkidə çempionatda iştirak edən 24 yaşlı Yunis Hüseynəliyev də əvvəllər komandanın üzvü olub. Hərbi xidmətdən qayıdan Yunis əvvəlki uğurlarına görə yenidən federasiyaya dəvət olunub. O, bu etimadı doğrulda bilib. Çempionatda kontakt üslubunda çıxış edən Yunis birinci yerə çıxıb. Beləliklə, 4 naxçıvanlı karateçi Sabirabadda keçirilən regionlararası çempionatdan muxtar respublikaya 5 medalla qayıdıb.

Xəbərlər şöbəsi

Dünən futbol üzrə Topaz Premyer-Liqasının 2014/2015-ci illər mövsümünün püşkü atılıb. Ötən mövsüm Azərbaycan birinci divizionun qalibi olmuş “Araz-Naxçıvan” futbol komandası qarşıdakı çempionatda debüt edəcək. Muxtar respublika təmsilçisinin ilk rəqibi isə Bakının “Neftçi” futbol komandasıdır. 9-10 avqust tarixlərində keçiriləcək ilk turda komandamız rəqibi doğma arenada qəbul edəcək.
“Neftçi” futbol komandası Azərbaycan futbolunun flaqmanı hesab edilir. Müstəqillik dövründə keçirilən ölkə çempionatının bütün mövsümlərində çıxış edən bu komanda 8 dəfə Azərbaycan çempionu adını qazanıb. Komanda həmçinin 5 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb. Ötən mövsüm “Neftçi” Premyer-Liqanı 4-cü pillədə başa vuraraq Avropa Liqasında çıxış etmək hüququ qazanıb. Lakin Avrokubokun ilk matçında “ağ-qaralar” Sloveniyanın “Koper” komandasına doğma meydanda 1:2 hesabı ilə məğlub olublar.
Qeyd edək ki, Topaz Premyer-­Liqasının ilk turunda daha 4 görüş keçiriləcək:

“AZAL” – “Xəzər-Lənkəran”
“Bakı” – “Simurq”
“İnter” – “Qəbələ”
“Sumqayıt” – “Qarabağ”

 Ceyhun MƏMMƏDOV

5-8 iyul tarixlərində Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş ağır atletika üzrə veteranlar arasında dünya kuboku uğrunda yarış keçirilib. Yarışda 23 ölkənin 170 idmançısı mübarizə aparıb. Naxçıvanın qədim tarixi abidələri, muzeyləri, gəzməli və görməli yerləri qonaq idmançılarda xoş təəssüratlar yaradıb. Həmsöhbət olduğumuz veteran idmançılar bunu bir daha təsdiq etdilər:
Lev Nikiforov (Rusiya): – Uzun illərdir, bu idman növü ilə məşğulam və dünyanın bir çox şəhərində olmuşam. Naxçıvan digərlərindən çox fərqlidir. İlk olaraq onu qeyd edim ki, şəhəriniz çox təmizdir. Bura gəldiyim gün şəhərdə gəzmək imkanım oldu. Gördüyüm yerlər məndə xoş təəssürat yaratdı. Yarışın təşkilatçılığına gəlincə, hər şey əladır. Biz veteran idmançılar bu idman növü üzrə keçirilən yarışlardan xüsusi zövq alırıq, istirahət edirik. Bu işdə əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Onlar bizim istirahətimizi çox yaxşı təmin ediblər. Bir də Naxçıvanda yenidən çempion olmağım sevindiricidir.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində təşkil edilən və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunan ağır atletika üzrə veteranlar arasında dünya kuboku uğrunda yarışa dünən yekun vurulub. 170 idmançının iştirak etdiyi yarışın son günü maraqlı çıxışlarla yadda qalıb.
Yarışın son günü Azərbaycan ağır atletləri üçün uğurlu olub. Belə ki, Namiq Ağayev öz çəki dərəcəsində bütün rəqiblərini qabaqlayıb və dünya kubokunun sahibi olub. Onun uğurunu Samir Qeyisov da təkrarlayıb. Digər iki idmançımız – Samir Hüseynov və İlham Hüseynov gümüş medalla kifayətlənməli olublar.
Müxtəlif çəki və yaş dərəcələrində Ehsan Bayati, Fardin Yavari, Cavad Samyematin, Mehdi Nasarpur, Mehram Hatami (İran), Oleq Starikov, Vladimir Suşçak (Rusiya) yarışın qalibi adını qazanıblar.

Ceyhun MƏMMƏDOV

İyulun 5-də Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş ağır atletika üzrə veteranlar arasında dünya kuboku uğrunda yarışın açılış mərasimi keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, qədim və zəngin tarixə malik olan Azərbaycanda idman milli-mədəni dəyərlərimizin ayrılmaz hissəsini təşkil edir. Yurdumuzun idman ənənələrinin minillik tarixi, böyük inkişaf yolu vardır. “Hər bir cəmiyyətin həyatında idmanın çox böyük rolu vardır. İdman həm ölkənin şöhrətini ucaldan, həm də insanların fiziki cəhətdən sağlamlığına xidmət edən sahədir”, – deyən nazir qeyd edib ki, bu reallığın düzgün dəyərləndirildiyi ölkəmizdə idmanın inkişafı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirmələri uğurlu çıxışlarını beynəlxalq turnirlərdə də davam etdirirlər. Ötən həftə Gürcüstanın Poti şəhərində keçirilən karate-do üzrə 20-ci beynəlxalq turnir Naxçıvan idmançıları üçün yaddaqalan olub. Buna kimi 24-29 iyun tarixlərində Bakıda təlim-məşq toplanışı keçən karateçilərimiz Azərbaycan millisinin heyətində qonşu ölkəyə yollanıblar. 5 ölkə və Gürcüstanın bütün regionlarının mübarizə apardığı turnirdə 250-dən çox idmançı çıxış edib.
14-15 yaşlıların 61 kiloqram çəki dərəcəsində mübarizə aparan karateçimiz Abbas Qasımov keçirdiyi görüşləri qələbə ilə başa vuraraq finala yüksəlib. Həlledici qarşılaşmada onun rəqibi yerli idmançı olub. Maraqlısı odur ki, bu görüşü idarə edən hakimlərin ikisi gürcü, ikisi isə erməni olub. İdmançımızın yüksək səviyyədə döyüşməsinə baxmayaraq, hakimlər qələbəni yerli idmançıya veriblər. Bununla, A. Qasımov beynəlxalq turniri ikinci pillədə başa vurub. Bu yaş qrupunun 61+ kiloqram çəki dərəcəsində Mirpaşa Kərimov həmyerlisinin uğurunu təkrarlayıb. O, finala kimi yüksəlib və son qarşılaşmada rəqibini məğlub edərək turnirin qalibi adını qazanıb.
16-17 yaşlıların mübarizəsində də naxçıvanlı idmançının uğuru diqqətdən qaçmayıb. Belə ki, 84+ çəki dərəcəsində tatami üzərinə çıxan Mircavid Seyidov keçirdiyi 3 görüşün hamısında qələbə qazanaraq fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb.
İdmançılarımızın uğurları bununla kifayətlənməyib. Döyüşlərdən sonra hər bir idmançının nümunəvi çıxışları olub ki, Naxçıvan karateçiləri bu mərhələdə də öz bacarıqlarını göstəriblər və tamaşaçıların böyük alqışları ilə qarşılanıblar.

Ardını oxu...

Bu gün Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş ağır atletika üzrə veteranlar arasında dünya kuboku uğrunda yarış keçiriləcək.
23 ölkənin 200-dən artıq idmançısının mübarizə aparacağı yarış iyulun 8-nə kimi davam edəcək. Artıq dünya kubokunda iştirak edəcək idmançılar muxtar respublikaya gəliblər. Dünən iştirakçılar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə bir çox tarixi abidəni ziyarət ediblər.
İlk olaraq “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olan veteran idmançılar ardınca Nuh Peyğəmbərin məzarüstü türbəsi, Əcəmi Seyrəngahı, Açıq Səma Altında Muzey, Möminə xatın türbəsi və Duzdağ Fizioterapiya Mərkəzində də olublar.
Qeyd edək ki, bu gün dünya kuboku yarışının açılış mərasimi keçiriləcək.

Ceyhun MƏMMƏDOV

Yeni mövsümdən etibarən futbol üzrə Azərbaycan Premyer-Liqasında çıxış edəcək “Araz-Naxçıvan” futbol komandası hazırlıqlarını davam etdirir. İyunun 20-dən Şərur Olimpiya-İdman Kompleksində bir araya gələn “qırmızı-ağlar” gündə iki dəfə məşq etməklə yeni mövsümə hazır­laşırlar. Birinci divizionun qalibi olan komandamız bu uğurunu yüksək liqada da davam etdirmək niyyətindədir. Bir neçə futbolçu ilə yollarını ayıran “Araz-Naxçıvan” Premyer-Liqa təcrübəsi olan oyunçuları komandaya dəvət edib.

İlk olaraq müdafiə xəttinin güclənməsi üçün bir neçə oyunçu baxışa çağırılıb. Onlardan Kamil Hüseynov və Emin Cəfərquliyevlə birillik müqavilə imzalanıb. Ötən mövsüm uğurlu çıxışı ilə azarkeşlərin etimadını qazanan Emil Balayevin gedişindən sonra qapıçı problemini “qırmızı-ağlar” təcrübəli dəri əlcək sahibi Cahangir Həsənzadə ilə həll ediblər. Həmçinin gənc qapıçı Elçin Sadıqov da komandanın düşərgəsinə qoşulub.

Ardını oxu...

16-27 iyun tarixlərində Yunanıstanın Kavala şəhərində məktəblilər arasında Avropa çempionatı keçirilib.
Qitə birinciliyində Naxçıvan Muxtar Respublikasının 7 şahmatçısı iştirak edib. Zahid Allahverdiyev (7 yaş), Nazlı Hümbətova (7 yaş), Amin Rzalı (7 yaş), Uğur Rəsulzadə (8 yaş), Sadiq Məmməd­ov (11 yaş), Anar Rəsulzadə (15 yaş) və Pərviz Qasımovun (15 yaş) mübarizə apardıqları Avropa çempionatı zəka sahiblərimiz üçün uğurlu olub. Belə ki, Pərviz Qasım­ov keçirdiyi görüşlərin əksəriyyətini qələbə ilə başa vurub və məktəblilər arasında keçirilən Avropa çempionatının ikincisi olub.

Ceyhun MƏMMƏDOV

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən qaydasız döyüşün MMA növü üzrə beynəlxalq turnir Naxçıvan idmançısı üçün uğurlu olub. Belə ki, qonşu ölkəyə yollanan idmançımız rinqdə bütün rəqiblərini məğlub edərək turnirin qalibi adını qazanıb.
Azərbaycan millisinin heyətində Gürcüstana yollanan həmyerlimiz Gündüz Qarayevin ilk rəqibi yerli idmançı olub. Tam üstünlüklə qələbə qazanan Gündüz Qarayev finala yüksəlib. Hər kəsin maraqla gözlədiyi həlledici qarşılaşmada onun rəqibi Ermənistan idmançısı olub. Lakin rinqə çıxan Gündüz Qarayev rəqibini gözləsə də, erməni idmançı naxçıvanlı idmançı ilə döyüşməkdən imtina edib və rinqə çıxmaqdan çəkinib.

Ardını oxu...

Son 19 il Naxçıvan Muxtar Respublikasının idman tarixində mühüm mərhələ təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində idmanın maddi-texniki bazası gücləndirilmiş, idman qurğuları və obyektləri tikilib idmançıların ixtiyarına verilmişdir. Bu dövrdə ayrı-ayrı idman növləri üzrə 12 federasiya yaradılmışdır. İdman federasiyaları fəaliyyətlərini gündən-günə genişləndirməkdədirlər. Bəs yay fəslində federasiyalar xüsusi təlim-məşq keçirməyi nəzərdə tutublarmı? Sualı federasiyaların sədr müavinləri belə cavablandırdılar.

Ardını oxu...

Müstəqil Azərbaycanın gələcəyini təmin etmək üçün fiziki cəhətdən sağlam nəslə böyük ehtiyac var. Fiziki cəhətdən sağlam olmaqsa idman və bədən tərbiyəsi ilə müntəzəm məşğul olmaqla mümkündür. İdmanın hər yaşda faydalı olduğunu söyləyən mütəxəssislər qeyd edirlər ki, əsas amil idmanın faydalarını nəzərə almaqdır. 

İdmanın sağlamlıq üçün şərtləri

Hansı yaşda olursa-olsun, idmanın insan üçün faydalı olduğunu bilirik. Ancaq idman edərkən yaş amilini və bədəndəki xəstəlik faktlarını, həmçinin idman növünün törədəcəyi bəzi riskləri nəzərə almalıyıq. Xüsusilə kişilərin daha iddialı olub, futbol kimi idman növünü seçdiklərinə diqqət etsək, görərik ki, bu idman növü üçün ürək problemi qaçılmazdır. İdman etməkdə məqsəd sağlamlığımızı qorumaqdır. Bunun üçün sağlamlığımıza zərər vurmayan idman növünü seçməliyik.

Ardını oxu...

Ötən ay Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Realmadrid Fondu ilə birgə həyata keçirdiyi “Futbol vasitəsilə uşaqların sağlamlıqlarının qorunması və sosial həyata inteqrasiyası” layihəsi çərçivəsində yaradılan məktəbin açılışı oldu. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi təlim Şərur rayonunda keçirilmişdi. Həyata keçirilən layihə artıq öz bəhrəsini verməkdədir. Bir aydır, fəaliyyət göstərən məktəb tərəf-müqabili olan “Real Madrid” futbol klubu ilə artıq iş birliyinə start verib. Belə ki, uşaq futboluna böyük önəm verən Naxçıvanın iki futbolçusu İspaniyaya yollanıb. 13 yaşlı Yasin Əliyev və Cəbrayıl Yusifov artıq Madriddədirlər və onlar ispan klubunun 13 yaşlılardan ibarət qruplarında məşqlərə başlayıblar. Futbolçularımızın bir il İspaniyada qalacağı və burda futbolun sirlərini öyrənəcəyi gözlənilir.

Ceyhun MƏMMƏDOV

Ötən mövsüm Azərbaycan I divizionunun qalibi olan və Premyer-Liqaya yüksələn “Araz-Naxçıvan” futbol komandası yeni mövsümün hazırlıqlarına start verib.
Şərur Olimpiya-İdman Kompleksində toplanan “qırmızı-ağlar” gündə iki dəfə olmaqla məşqlərini davam etdirirlər. Çempionluq sevinci yaşayan və bu uğuru Premyer-Liqada da davam etdirmək istəyən muxtar respublika təmsilçisi heyətinə də “əl gəzdirir”. İlk olaraq, qapıçı Emil Balayev və yarımmüdafiəçi Elmin Çobanov komandanı tərk ediblər. Bununla yanaşı, Əziz Hüseynov, İrfan Hüseynov, Fərman Qəmbərov və Ruslan Abıyevin də komanda ilə müqaviləsi başa çatıb. Müqaviləsi başa çatan bəzi futbolçuların komandada qalıb-qalmayacağına isə komandanın baş məşqçisi Əsgər Abdullayev qərar verəcək. Hələ ki, təlim-məşq toplanışının ilkin mərhələsində bu futbolçular sınaqdan keçirilirlər. Əgər onlar özlərini doğruldarlarsa, klubla müqavilələri uzadılacaq.
“Araz-Naxçıvan” düşərgəsinə yeni futbolçular da gətirilib. Onlar qarşıdakı bir həftə ərzində öz oyun bacarıqları ilə baş məşqçi Əsgər Abdullayevin diqqətini çəkməyə çalışacaqlar. Bu ayın sonunadək heyət tam olaraq formalaşacaq.
Qeyd edək ki, Premyer-Liqanın püşk­atma mərasimi iyul ayının ortalarında keçiriləcək və bundan sonra “Araz-Naxçıvan”ın rəqiblərinin sıra ardıcıllığı bəlli olacaq.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Dövlət Universitetində bu ali məktəbdə idmanın müxtəlif növlərinin inkişafına həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən rektor, professor Saleh Məhərrəmov bildirib ki, ümummilli lider Heydər Əliyevin sosial sferanın bütün sahələrində olduğu kimi, idmanın inkişafı istiqamətində də müəyyənləşdirdiyi dövlət siyasəti tezliklə öz bəhrəsini verib, Azərbaycan idmançıları beynəlxalq çempionat və olimpiadalarda parlaq qələbələr qazanıblar. Azərbaycan gənclərinin fiziki sağlamlığına, hərbi-vətənpərvərlik ruhunda yetişməsinə və asudə vaxtlarının səmərəli təşkilinə bu gün də hərtərəfli dövlət qayğısı göstərilir, idman sahəsində ixtisaslı mütəxəssis hazırlığı daim diqqət mərkəzində saxlanılır. Rektor son yarışlarda qələbə qazanan idmançı tələbələri təbrik edərək gənclərin düzgün fiziki və mənəvi-psixoloji tərbiyəsində idmanın rolundan danışıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Güləş Federasiyasının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş güləş üzrə yeniyetmələr ara­sında muxtar respublika turniri keçirilib.
Açılış mərasimində Dövlət himni səsləndirildikdən sonra çıxış edən gənclər və idman nazirinin müavini Məcid Seyidov, federasiyanın sədr müavini Yaşar Səfərov bu turnirin yeniyetmələr üçün nə qədər önəmli olduğunu vurğulayaraq idmançılara uğurlar arzulayıblar.
10 çəki dərəcəsində (42, 46, 50, 54, 58, 63, 69, 76, 84 və 100 kiloqram) keçirilən turnirdə müvafiq olaraq Bağır Zeynalov, Kamal Nəzərəliyev, Musa Həsənov, Ərkal Məmmədov, Əli Həsənov, Əli Haqverdiyev, Rauf Qurbanov, Əli Allah­verdiyev, Bəylər Kərimov və Abdulla İsmayılov öz çəkilərində hamıdan güclü olduqlarını nümayiş et­diriblər.
Turnirin sonunda qalib olan güləş­çilərə nazirlik və federasiya tərə­findən diplom və hədiyyələr verilib.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Par­alimpiya Federasiyasının birgə təşkil etdiyi 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş futzal üzrə muxtar respublika turniri keçirilib. Olimpiya sistemi üzrə keçirilən turnirin açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini Məcid Seyidov və federasiyanın sədr müavini Elçin Nəzərəliyev muxtar respublikada məhdud fiziki imkanlı insanlara olan diqqət və qayğıdan danışıb, idmançılara uğurlar arzulayıblar.
Turnirin reqlamentinə əsasən, 6 komanda – “Şərur”, “Şahbuz”, “Culfa”, “Ordubad”, “Kəngərli” və “Babək” komandaları olimpiya sistemi üzrə mübarizə aparıblar. Yarımfinala kimi bütün rəqiblərini məğlub edən şərurlular bu mərhələdə daha ciddi rəqiblə üzləşiblər. Lakin penalti zərbələrindən sonra culfalı həmkarlarını məğlub edən “Şərur” komandası finalda oynamaq hüququ qazanıb. Digər finalçı isə “Şahbuz” komandası olub. İlk mərhələdə “Ordubad”, ardınca “Kəngərli” komandalarını məğlub edən şahbuzlular həlledici qarşılaşmada “Şərur” komandası ilə üz-üzə gəliblər. Görüş heç-heçə başa çatdığından qalib penalti zərbələrindən sonra müəyyənləşib. Zərbələri daha səlis yerinə yetirən şərurlular yarışın qalibi olublar.
Bununla, 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş futzal üzrə muxtar respublika turnirində “Şərur” komandası 1-ci, “Şahbuz” komandası 2-ci, “Culfa” komandası isə 3-cü olub.
Sonda təşkilatçılar tərəfindən uğur qazanan komandalara diplom və hədiyyələr təqdim edilib.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR