Dövlət müstəqilliyimizin bərpasından sonra idmanın inkişafına böyük əhəmiyyət verilməklə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin (MOK) Prezidenti cənab İlham Əliyev ölkədə idmanı inkişaf etdirmək üçün, ilk növbədə, idman infrastrukturunun yaradılmasının vacib olduğunu vurğulayaraq bu sahəyə daim xüsusi diqqət yetirir. Cənab Prezidentin idman sahəsində həyata keçirdiyi tədbirlərin əsas məqsədi ondan ibarətdir ki, bu inkişaf paytaxtla məhdudlaşmasın; inkişaf bütün ölkəyə yayılsın, idmanın kütləviliyi bütün regionlarda, bölgələrdə təmin edilsin. Nəticədə, həm paytaxtda, həm də bölgələrdə güclü idman bazası yaradılıb və bu proses bu gün də davam etdirilməkdədir. Əldə edilən nəticələr, yaradılan infrastruktur, idmançılarımızın qazandıqları uğurlar dövlətin idman sahəsində yürütdüyü siyasətin nə qədər doğru olduğunun göstəricisidir. Bu göstəriciyə nümunə kimi Naxçıvan Muxtar Respublikasında idman sahəsində qazanılan uğurları da göstərmək olar. Göstərilən qayğı, həyata keçirilən tədbirlər gənclərin həyatında mühüm dəyişikliklərə səbəb olub və bu dəyişikliklər qazanılan uğurlarla müşahidə olunmaqdadır.
Tarixə nəzər
Naxçıvan Muxtar Respublikasında idmanın bütün sahələrində olduğu kimi, boks idman növünün də inkişafına daim diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, muxtar respublikada bu idman növü son illər daha geniş vüsət almağa başlayıb.
Boks hələ beş min il bundan əvvəl Misir və Babilistanda yumruq döyüşü əsasında yaranıb. Müasir boksa bənzəyən bu döyüşlər qədim Yunanıstanda da təşkil olunurdu. Eramızdan əvvəl 688-ci ildə boks antik olimpiya oyunlarının proqramına daxil edilib. Bu idman növü üzrə ilk olimpiya çempionu adına yunanıstanlı Onamastus layiq görülüb. Müasir boks isə XVIII əsrin əvvəllərində İngiltərədə təşəkkül tapıb. 16 avqust 1743-cü ildə İngiltərə çempionu Cek Broton ilk qaydalar toplusunu – Broton qaydalarını hazırlayıb. 1867-ci ildə isə Markiz Kuinsberrinin yeni boks yarışı qaydaları qəbul olunub. Bundan sonra boks idman növü kimi inkişaf etməyə başlayıb. Artıq görüş raundlarla keçirilir. Raundlararası qısa fasilələrdə idmançıların dincəlməsi yarışın tempini və hərəkət dinamikasını xeyli artırır.
1924-cü ildə Beynəlxalq Həvəskar Boks Federasiyası yaradılıb. İlk Avropa çempionatı da məhz həmin il təşkil olunub. Boks üzrə ilk dünya çempionatı isə bundan 50 il sonra – 1974-cü ildə keçirilib.
Azərbaycanda bu idman növü XX əsrin əvvəllərində təşəkkül tapıb. O dövrlər Bakıya işləməyə gələn əcnəbi fəhlə və mühəndislər, neft sənayesi üzrə mütəxəssislər idmanın bu növünü Azərbaycanda yaymağa başlayıblar. 1924-cü ildə Azərbaycan Boks Federasiyası təsis edilib. 1926-cı ildə ilk dəfə olaraq boks üzrə Azərbaycan çempionatı keçirilib. Həmin il Azərbaycanın ən güclü boksçuları Zaqafqaziya çempionatında iştirak edib və qalib olublar. 1999-cu ildə isə Azərbaycanda boksa olan maraq idman ictimaiyyətinin diqqətindən yayınmayıb və boks tarixində ilk dəfə olaraq Bakıda yeniyetmələr arasında (15-16 yaşlılar) Avropa çempionatı keçirilib. Həmin yarışda boksçularımız qitənin əksər güclü komandalarını qabaqlayaraq ikinci yeri tutublar. Olimpiya oyunlarında boksçularımızın ilk uğuru isə 2000-ci ildə keçirilmiş Sidney Olimpiadasına təsadüf edir. Planetin ən böyük yarışında 75 kiloqram çəki dərəcəsində mübarizə aparmış Vüqar Ələkbərov bürünc medala layiq görülüb.
Uğurlu 2 il
Yuxarıda da qeyd etdiyimiz kimi, bu idman növü son zamalar Naxçıvan Muxtar Respublikasında da geniş vüsət alıb. Naxçıvan Muxtar Respublikası Boks Federasiyası hər il bir-birindən mükəmməl turnirlər təşkil etməklə gənclərin bu idmana olan marağını daha da artırmağa çalışır. Bu idman növündə qazanılan uğurlar haqda məlumat əldə etmək və görülən işlərlə tanış olmaq üçün Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədr müavini Məmmədcəfər Əliyevlə həmsöhbət olduq. Məmmədcəfər müəllimdən, ilk olaraq, ötən il federasiya tərəfindən görülən işlər barədə məlumat aldıq: “2013-cü ildə Boks Federasiyası bir çox tədbirlər, yarışlar, turnirlər keçirib. Bu da Naxçıvan Muxtar Respublikasında bu idman növünə olan maraqdan irəli gəlir. Təşkil etdiyimiz turnirlər bir çox gəncimizin istedadının üzə çıxarılmasına imkan verib. Təbii ki, bu, muxtar respublikada idmanın inkişafına göstərilən qayğının nəticəsidir”.
Boks Federasiyasının sədr müavini M.Əliyev ötən il keçirilən turnirlərdə, respublika birinciliklərində qazanılan uğurlar barədə də danışdı: “2013-cü ilin fevral ayında Bakıda gənclər arasında Azərbaycan birinciliyi keçirildi. Bu yarışda ölkənin 35 komandası mübarizə aparırdı ki, Naxçıvan idmançıları da nəyə qadir olduqlarını nümayiş etdirdilər. 52 kiloqram çəki dərəcəsində Tayfur Əliyev keçirdiyi 5 görüşün hamısında qalib gələrək qızıl medala layiq görüldü. 70 kiloqramda Nihad Orucov, 76 kiloqramda isə Çingiz Cəfərov yalnız finalda məğlub oldular. Qeyd edək ki, Tayfur Əliyevin Azərbaycan birinciliyinin qalibi olması onun qazandığı yeganə uğur deyil. Belə ki, Tayfur Əliyev may ayında keçirilən “Heydər Əliyev Kuboku”nun da qalibi olub. Beynəlxalq turnirdə 12 ölkədən 200-dən artıq idmançı iştirak edirdi. Bu yarışda milli komandamızın heyətində 3 naxçıvanlı boksçu – Tayfur Əliyev (52 kq), Sərxan Əliyev (48 kq) və Nihad Orucov (76 kq) rinqə çıxdı və Tayfur beynəlxalq turnirin qalibi oldu”.
Ümumilikdə, 2013-cü ili Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının yetirmələri üçün uğurlu hesab etmək olar. Çünki idmançılarımız keçirilən hər bir turnirə iddialı yollanıblar və həmişə asan rəqib olmadıqlarını göstəriblər. Ötən ilin aprel ayında daha bir turnirdə boksçularımız inamla mübarizə aparıblar. Həmin turnir haqda Məmmədcəfər Əliyevin dedikləri: “Ötən ilin aprel ayında yeniyetmələrin altıncı respublika oyunları keçirildi və bu yarışda Naxçıvan komandası da iştirakçılar arasında idi. 33 komandanın dəvət aldığı turnirdə sevindirici hal o oldu ki, boksçularımız hamını qabaqlayaraq turnirin qalibi oldular. Nihad Quliyev (46 kq), Arif Bayramov (52 kq) və İman Vəliyev (76 kq) bütün rəqiblərini məğlub edərək ən yüksək pillədə qərarlaşdılar. 48 kiloqram çəki dərəcəsində İbrahim Cəfərzadə isə yalnız finalda məğlub olaraq gümüş medala layiq görüldü. Üç boksçumuz isə bürünc medalla kifayətləndi”.
Məmmədcəfər Əliyev 2014-cü ilin birinci yarımilində keçirilən yarışlar və əldə olunan uğurlar haqqında bunları dedi: “İlin ilk 6 ayında muxtar respublika boksçuları ölkə birinciliklərində uğurlara imza atıblar. Yanvar ayında Bakı şəhərində keçirilən gənclərin Azərbaycan birinciliyində Tayfur Əliyev gümüş medal qazanıb. Fevral ayında isə yeniyetmələrin ölkə birinciliyi idmançılarımız üçün daha yaddaqalan olub. Boksçularımızdan üç nəfər – çəkisi 50 kiloqram olan Sərxan Əliyev bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl, 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Nihad Orucov gümüş, 75 kiloqramda isə Toğrul İsmayıllı bürünc medallar qazanıblar. Yaddaqalan yarışlardan biri də may ayında Bakı şəhərində təşkil olunan birincilik idi. Kiçikyaşlı boksçular arasında keçirilən Azərbaycan çempionatında İman Vəliyev (76 kq) qızıl, Muxtar Fərzəliyev (40 kq), Elçin Məmmədov (56 kq) və Tural Əkbərli (65 kq) isə bürünc medallar qazanaraq muxtar respublikada bu idman növünün inkişafına göstərilən qayğının hədər yerə getmədiyini nümayiş etdirdilər”.
Nəticə etibarilə, boksçularımız ilk 6 ay ərzində təkcə Azərbaycan birinciliyi üzrə keçirilən yarışlardan iki qızıl, iki gümüş və dörd bürünc medallarla Naxçıvana qayıdıblar. Biz bu medalların sayı ilə kifayətlənmək fikrində deyilik və çalışacağıq ki, uğurlarımızın sayını artıraq. Qarşıda bizi bir sıra turnir və yarışlar gözləyir. Həmin yarışlarda uğurla çıxış edəcəyimizə inanıram. Hər gün mütəmadi olaraq məşqlərimizi davam etdiririk”.
Sonda federasiyanın sədr müavini yaradılan şəraitə görə minnətdarlıq etdi: “Boksçularımız keçirilən turnirlərə İlham Əliyev adına Olimpiya-İdman Kompleksində, Naxçıvan Muxtar Respublika Stadionunda və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində hazırlaşırlar. Naxçıvanda boks idman növünə hədsiz dərəcədə maraq var və idmançılarımızın uğurlu çıxışı üçün hər cür şərait yaradılıb. Buna görə muxtar respublika rəhbərinə dərin minnətdarlığımızı bildiririk. Çalışırıq ki, bizə göstərilən etimadı qazandığımız uğurlarla doğruldaq. Əgər şərait yaradılıbsa, biz bundan səmərəli istifadə etməli və nailiyyətlər qazanmalıyıq”.
Ceyhun MƏMMƏDOV